Deputat Tibb Universitetinin tələbələrini qəbul edib
Razi Nurullayev: "Builki məzunlara güzəşt edilməsi nəzərdən keçirilsə, daha ədalətli olar”
Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev Tibb Universitetinin tələbə nümayəndələrini qəbul edib.
Versus.Az xəbər verir ki, bu haqda Razi Nurullayev özü məlumat verib.
Millət vəkili bildirib ki, Tibb Universitetinin üç tələbə nümayəndəsini qəbul edib və onlar bütün tələbələr adından rezidenturaya qəbulla bağlı keçid balının aşağı salınmasına dair fikir və təkliflərini çatdırıblar:
“Qeyd edim ki, keçid balı maksumim 100 baldan 40 baldır. Keçid balının 40 olması, ədalət naminə deyək ki, hətta çox yaxşıdır. Tələbələr isə pandemiya şəraitini nəzərə alaraq keçid balının 35-ə endirilməsini istəyirlər. Görüşün ardınca Tibb Universitetinin rektoru hörmətli Gəray Gəraybəyliyə zəng etdim və ətraflı müzakirəmiz oldu. Builki rezidentura imtahanlarında 1428 nəfər itirak edib. 434 nəfəri bu ilin, 750 nəfəri əvvəlki illərin məzunları, 244 nəfəri isə 4-5-ci kurs tələbələri olub. Bu ilin məzunları 68% nəticə, əvvəlki illərin məzunları, 44.8%, tələbələr isə 53.7% nəticə göstərib. Belə bir nəticə çıxır ki, pandemiya əsas səbəb deyil. Tələbələr isə deyir ki, Tibb universitetinin məzunları, tələbələri mütləq şəkildə kitabxanalarda hazırlaşırlar. Pandemiya dövrü isə kitabxanalar bağlı olub və məzunlar hazırlaşa bilməyib. Bu da bir arqumentdir. Tələbələrin cənab Prezidentə də məktub ünvanladığını bilirəm və bu barədə hörmətli rektor da dedi. Tələbələr bütün müvafiq instansiyalara da müraciət ediblər. Görüşdüyüm tələbələrə söz vermişdim ki, Tibb universitetinin rektoru ilə, səhiyyə naziri və DİM sədri Məleykə Abbaszadə ilə danışacağam. Hörmətli Gəray Gəraybəyli ilə söhbətdən sonra, onlara bu gün zəng etməyi məqbul bilmirəm. Çünki, Gəray müəllim çox arqumentli izahatlar gətirdi və mənim onları qəbul etməkdən savayı yolum qalmadı. Bəli, ölkəmizə savadlı, təcrübəli həkimlər lazımdır. Bəzi məqamlar var və onları aydınlaşdırıram. Bu məsələyə yenə qayıdacam. Hər halda, pandemiya dövrü üçün bu il məzun olan tələbələrə güzəşt etmək mümkündür və bu nəzərdən keçirilsə daha ədalətli olar deyə düşünürəm”.
Razi Nurullayev onu da əlavə edib ki, qəbul etdiyi üç nəfər tələbəni pandemiya ilə nə qədər əlaqəli olub-olmadığını da rektorla aydınlaşdırıb:
“Bir nəfər tələbə Hüseynova İlahə bu ilə məzun olub. Rəmzi Həsənov 2017-ci ildə bitirib, Səyyarə Əliyeva isə keçən il məzun olub. Allah hər birinə zehin açıqlığı versin!”
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"