UNEC tələbəsindən ermənilərə iqtisadiyyat dərsi
Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH Mərkəzinin “Mühasibat uçotu” ixtisasının III kurs tələbəsi Vəli Səməndərli Xorvatiyada keçirilən Beynəlxalq elmi konfransda çıxış edib.
Versus.Az xəbər verir ki, bu barədə V.Səməndərli özü məlumat verib.
“Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” (İmpact of agressive policy to the economy of Armenia) mövzusunda azərbaycanlı tələbənin çıxışı maraqla qarşılanıb.
Konfransda Azərbaycan, Polşa, Hindistan, Rusiya, Türkiyə, Litva, Xorvatiya və Slovakiya nümayəndələri iştirak edib.
Azərbaycandan yeganə çıxışçı olaraq UNEC SABAH tələbəsi Vəli Səməndərli qatılıb.
Konfrans iştirakçıları mövzunun adına görə azərbaycanlı tələbəni öncə erməni zənn ediblər.
Ancaq öz çıxışı zamanı V. Səməndərli sovet dövrünə ekskurs edib, Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub.
Sonra hazırda Azərbaycanın bölgədə başlatdığı dünya səviyyəli neft, qaz, dəmiryolu və s. kimi layihələrdən, onun böyük maliyyə tutumundan, Ermənistanın bundan kənarda qalmasını rəqəmlərlə ifadə edib.
Çıxışının sonunda məhz Ermənistanın aqressiyası, işğalçı siyasəti nəticəsində bu böyük layihələrdən kənarda qaldığını vurğulayıb.
Mövzunun bu sonluğa gələcəyini gözləməyən aparıcı azərbaycanlı tələbəyə “Ermənistan iqtisadiyyatında turizmlə bağlı problemlərin həlli üçün hansı tövsiyyələri verərdiniz?” sualını ünvanlayıb.
Vəli Səməndərli Ermənistan iqtisadiyyatında problemlərin başlıca səbəbi kimi işğalçı dövlətin Azərbaycana qarşı təcavüzkar mövqedə olduğunu göstərib.
O qeyd edib ki, bu probləmlərin həllinin kökündə münaqişənin sülh yolu ilə həll olunması və işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi faktoru dayanır.
V. Səməndərli “Ermənistan iqtisadiyyatının xilası Azərbaycan torpaqlarının azad edilməsindən keçir” deyə, davam edib.
Konfransdan sonra Amerikanın West Wirginia Universitetinin Menecment fakültəsinin hindistanlı professoru Abhishek Srivastava Qarabağ məsələsi ilə bağlı onda dəqiq təəssürat yaratdığı üçün Vəli Səməndərliyə minnətdarlığını bildirib.
Qeyd edək ki, azərbaycanlı tələbələr Vəli Səməndərli və Zaur Məmmədovun birlikdə hazırladıqları mövzuya Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, UNEC-in alimi Fərhad Mikayılov rəhbərlik edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"