"Ermənistana ən layiqli cavab verilməlidir"
Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməsi bu ölkənin işğalçı siyasətini bir daha təsdiqləyir. Bu mənada düşmənin bu cəhdlərinin qarşısını dərhal almalıyıq.
Versus.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O qeyd edib ki, bu gün Ermənistanın israrla Azərbaycana güc nümayiş etdirmə cəhdləri uğursuz və gülüncdür:
“Ermənistan hakimiyyətinin məlum hadisələr fonunda öz vətəndaşları arasında reytinqi, nüfuzu çox aşağı düşüb. Bu mənada rəsmi İrəvan adəti üzrə yenə qıcıq doğuran provokativ addımlar ataraq Azərbaycanla gərginliyi yüksəltməyə çalışır.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarına növbəti dəfə xaricdə yaşayan erməniləri köçürməklə belə bir təəssürat yaratmaq istəyir ki, sanki, Ermənistan bütün dünya ermənilərini himayə edir. Doğrudur, bu gün Ermənistan deyilən bir ölkə var, lakin heç də bütün ermənilər bu ölkəni özü üçün vətən bilmir. Baxın, bu gün Ermənistan əhalisi ildən-ilə azalır. Bu, əslində ölkənin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir”.
A.Mirzəzadənin sözlərinə görə, Livan ermənilərinin işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:
“Ermənistan üçün beynəlxalq hüquq deyilən bir anlayış yoxdur. Çünki biz dəfələrlə rəsmi İrəvanın beynalxalq hüququn tələblərini pozduğunun şahidi olmuşuq. Təkcə BMT-in icra edilməyən 4 qətnaməsi bu fikirlərimi təsdiqləyən mahiyyətdədir.
Ermənistan bu yolla Azərbaycanı növbəti provokasiyaya cəlb etməyə çalışır. Azərbaycan heç bir halda provokasiyaya getməməlidir. Lakin bununla belə bu vəziyyətə də səssiz qalmaq olmaz. Bu və ya başqa yolla Ermənistana ən layiqli cavab verilməlidir. Bunun nə vaxt olacağı ölkə rəhbərliyinin verəcəyi qərardan asılıdır, lakin hər kəsin bir daha Aprel döyüşlərini xatırlamasını məsləhət görərdim. Ən doğru vaxt yetişdi və həm ermənilər, həm də bütün dünya Azərbaycanın lazım gəldikdə hərbi yolla öz torpaqlarını geri qaytara bilmə iqtidarında olduğunu gördü”.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"