"Müharibənin başlanması hər an mümkündür"
Ermənilərin Tovuz istiqamətində törətdiyi təxribatdan 2 aydan çox müddət keçir. Biri general olmaqla, 11 şəhid vediyimiz bu hadisələr demək olar ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunması fikirlərinin üstündən xətt çəkdi.
Artıq cəmiyyət, xalq bir həll yolunu düşünür və tələb edir: Bu da müharibədir. Tovuz hadisələrindən sonra Türkiyə ordusunun Azərbaycana gəlişi, keçirilən irimiqyaslı təlimlər və Azərbaycan Ordusunun cəbhə istiqamətində tam olaraq döyüş vəziyyətinə gətirilməsi hər kəsdə “müharibə başlayırmı” sualını yaradıb.
Versus.az -ın məlumatına görə hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında deyib ki, bu haqda ona da çoxsaylı suallar ünvanlanır. Ü.Cəfərov bildirir ki, müharibənin olması mütləqdir:
“Müharibənin olmaması yalnız o halda mümkündür ki, bizim ərazi bütövlüyümüz tam şəkildə təmin olunsun. Bizim qarşımızda işğal olunmuş ərazilərimizin azad olunması məsələsi var.
Bu gün torpaqlarımız işğal altındadır və buna görə də müharibənin başlaması hər an mümkündür. Bunun üçün böyük bir savada sahib olmaq lazım deyil. Müharibənin başlaması üçün real şərtlər var. Ermənistan bu məsələnin həlli üçün ikinci bir yol saxlamayıb".
Ekspert deyir ki, Qarabağ məsələsinin həlli danışıqlar yolu ilə mümkün deyil:
“Azərbaycan bundan sonra danışıqlar prosesinə köklənsə, Rusiyanın növbəti hiyləsinə aldansa, biz yenə də vaxt itirmiş olacağıq. Vaxt itirməklə yanaşı xoşagəlməz mənzərə ilə də üz-üzə qalacağıq. Zaman keçəcək və beynəlxalq qurumlar, beynəlxalq güclər, Amerika, Fransa, Rusiya bu məsələni rəsmiləşdirəcək. Bundan sonra məsələnin həlli bizim üçün çox çətin olacaq. Bütün bunları bilərək hərəkət etməməyin özü də böyük yanlışdır”.
Ehtiyatda olan polkovnik qeyd edir ki, Azərbaycanın müharibə etmək üçün əsasları var və qətiyyətli olmaq lazımdır:
“Türkiyə Azərbaycana dəstək verdi, Pakistan silahlı qüvvələrinin baş qərargah rəisi müdafiə nazirimizlə Moskvada görüşdü və mühüm məsələlər müzakirə olundu. Bütün bunlar Azərbaycana tam imkan verir ki, heç nəyə baxmadan qərar verilsin. Bu qərarın nə vaxt veriləcəyi yalnız ölkə rəhbərindən, Ali Baş Komandandan asılıdır. Bizim nə deməyimizdən, nə qədər deməyimizdən asılı deyil. Amma mən hesab edirəm ki, müharibə qərarı verilməlidir.
Elə indi də baxıram ki, həyasız erməni hökuməti yenə də Qarabağa gəlib və orada asma körpünün açılışını edib. Azərbaycan musiqilərinin sədası altında rəqs edirlər, yallı gedirlər. Onlar özlərində əminlik yaradırlar ki, danışıqlar olacaq, məsələ yenə uzanacaq. Düşünürlər ki, Qarabağda artıq daşları da erməni rəmzləri ilə bəzəyəcəklər. Çünki sonradan bunu bir “fakt” kimi təqdim etməyə çalışacaqlar. Həyasızlıq o həddə çatacaq, onlar deyəcəklər ki, həmin daşlar və ermənilər min illərdir burada məskunlaşıblar. Necə ki, bu günə qədər təxribatçı əməllərini davam etdiriblər. Buna görə də biz bir az çevik davranmalıyıq. Beynəlxalq qurumlara ümid edilməməlidir. Azərbaycan bu məsələdə daha tələbkar olmalıdır. Məsələn, bir neçə gündür diqqət çəkən bir məqam var. Rusiya Azərbaycan üzərindən Suriyaya hərbi təyyarə göndərmək istəyirdi. Azərbaycan buna imkan vermədi. Azərbaycan müstəqil dövlətdir. Biz bu kimi addımları çoxdan atmalı idik. Bizim Rusiya, Amerika, Fransa və Ermənistana da təzyiq və təsir göstərmək üçün imkanlarımız mövcuddur. Ordumuz, silahımız, lazım olan şəraitimiz var. Biz bunu, sadəcə bir mərhələdə reallaşdırmalıyıq".
Cəbhə bölgələrində ordumuzun daha da gücləndirilməsi istiqamətində görülən işlər haqda danışan Ü.Cəfərov bildirib ki, müharibə şəraitində olan ölkədə bu kimi addımların atılması, hazırlıqların görülməsi adi haldır:
“Cəbhə bölgəsində görülən işlər, texnikanın cəlb edilməsi normal haldır. Müharibə şəraitində olan bir ölkə başqa nə etməlidir? Cəbhə bölgəsində festival keçirməliyik? Cəbhədə ordu, təhlükəsizliklə bağlı tədbirlər keçirilməlidir və keçirilir. Ordu tam olaraq hazır vəziyyətdədir. Nə qədər itkilərimiz olsa da biz çox rahat şəraitdə torpaqlarımızı işğaldan azad etməliyik.
Artıq Türkiyə öz möhürünü vurub. Tovuz hadisələrindən sonra Türkiyənin Azərbaycanla bağlı atdığı addımlar görüntü xətrinə deyil. Müəyyən məsələlər müzakirə olunub və razılaşdırılıb. Bunu erməni də, rus da bilir. Biz yalnız müharibənin başlamasını gözləməliyik.
Bir məsələni də qeyd etməliyəm ki, əlindən bir iş gəlməyənlər bəzən çıxışlar edir, danışır ki, biz niyə bu məsələni, müharibəni gündəmə gətiririk. Bunlar başa düşmür ki, bizim torpaqlarımız işğal altındadır. Biz nədən danışaq? Müharibədən danışmalıyıq, müharibə olmalıdır. Çünki xalqın tələbi budur, işğal olunmuş ərazilərdən düşmən çıxarılmalıdır. Məsləhət bilirəm ki, hər kəs öz işi ilə məşğul olsun. Müharibə mütləq olacaq. Bəlkə bir neçə saata, bəlkə bir neçə günə, bəlkə də bir neçə aya. Amma mütləq müharibə olacaq. Çox da uzanacağına inanmıram. Artıq erməni başqa çıxış yolu qoymayıb".
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Musavat.com-a danışıb.
Elxan Şahinoğlu da Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinin mümkün olmadığını deyir: “Tovuz hadisələri əsas onu göstərdi ki, bundan sonra 25 il də davam eləsə, danışıqların bir nəticəsi olmayacaq. Bunu Azərbaycan hökuməti, rəsmilər də açıq şəkildə dedi ki, danışıqlar nəticə vermir.
Sərhəddəki insidentdən sonra Türkiyə ilə Azərbaycan arasında hərbi əlaqələrin inkişafı daha da böyük sürət aldı. Türkiyə hökuməti açıq şəkildə bəyan etdi ki, müharibə başlayarsa, biz Azərbaycana hər cür dəstək verməyə hazırıq. Ardınca hərbi təlimlər keçirildi.
Başqa bir mövzu da gündəmə gəldi və rezonans doğurdu. Əvvəl biz bunu daha az dairədə danışardıq ki, Türkiyə hərbi bazaları Azərbaycanda olmalıdır. İndi bu, cəmiyyətdə, ekspertlər arasında geniş müzakirə mövzusudur. Türkiyə ordusunun Azərbaycanda qalması ilə bağlı aksiya da keçirildi. Bunun özü də çox böyük yenilik idi", - deyə E.Şahinoğlu qeyd edib.
Müharibənin başlaması ilə bağlı yayılan fikirlərə də münasibət bildirən Şahinoğlu deyib ki, bu haqda konkret fikir bildirmək çətindir: “Tovuz hadisələri bir daha onu göstərdi ki, istənilən an yeni toqquşmalar ola bilər. Aprel hadisələrindən bir neçə gün əvvəl biz bilirdikmi ki, döyüşlər başlayacaq? Əlbəttə yox. Cəbhədə növbəti toqquşmanın olacağını güman etmək olar. Amma yenə də Rusiya amili vacibdir. İki dəfə ciddi toqquşma oldu. İkisinin də qarşısını Rusiya aldı. 2016-cı ildəki döyüşlərdə Rusiya bizə təzyiq etməsəydi, Azərbaycan daha böyük əraziləri işğaldan azad edəcəkdi və Ermənistan da bundan sonra məcbur qalıb mərhələli həll planını müzakirə edəcəkdi. Bu dəfə də Tovuz hadisələrində biz təzyiqlərə məruz qaldıq. Bu təzyiqlər güclənməsin deyə, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik. Biz Ermənistanla müharibə apara bilərik. Amma Ermənistan-Rusiya birliyi ilə müharibə aparmaq bizim üçün çətin olar. Biz 1990-cı illərdə bunun acı nəticələrini gördük. Bir daha bu səhvi təkrarlamamaq üçün balanslaşdırılmış xarici siyasəti korrektə etmək lazımdır”.
Ermənilərin son aylarda Tovuz istiqamətində fəallaşmasını E.Şahinoğlu belə şərh edib:
“Ermənistan hökuməti bildi ki, Azərbaycan Dağlıq Qarabağ istiqamətindən həmləyə başlaya bilər. Diqqəti yayındırmaq üçün Tovuzda provokasiya etdilər. Həm diqqəti yayındırdılar ki, biz Qarabağ həmləsini etməyək, həm də Rusiyanı bu məsələyə qata bilsinlər. Rusiya da bu məsələdə Ermənistan tərəfindən çox fəal iştirak etdi.
Hətta Naxçıvan istiqamətində də təxribatlar edirlər. Bizim Ermənistana hücum etmək kimi planımız yoxdur. Bizim əsas hücum istiqamətimiz Qarabağ tərəf olmalıdır. Bunu da ermənilər yaxşı bilir və bu cür təxribatlar törədirlər.
Amma ermənilər onu hesablamırlar ki, bir gün bu təxribatlar o yerə gətirib çıxaracaq ki, biz nəinki Dağlıq Qarabağ, həmçinin bütün istiqamətlərdə müharibəyə başlamaq məcburiyyətində qalacağıq. Bu, total müharibə deməkdir. Rusiyanın nə qədər təzyiqi olsa da bu baş verəcək".
E.Şahinoğlu bildirir ki, Qarabağ məsələsinin qısa zamanda həll olunması üçün Azərbaycan xarici siyasətdə ciddi dəyişikliklər etməlidir:
“Azərbaycan hökuməti balanslaşmış xarici siyasəti korrektə edir. Kiçik dövlət üçün balanslaşdırılmış siyasəti saxlamaq mümkün deyil. Çünki çox gərgin bir bölgədə yerləşirik. Mən bunu neçə illərdir dilə gətirirdim. Artıq qonşu 3 dövlətdən ikisi öz seçimini edib. Gürcüstan Qərbə inteqrasiya edir, Avropanın, NATO-nun üzvü olmaq istəyir. Ermənistan da Rusiyanın vassalı olmağı seçib. Belə vəziyyətdə biz balans saxlaya bilməzdik.
Düzdür, 15 ildə Elmar Məmmədyarov yanlış siyasət apardı. Tərəfdaşımız olan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirməli idik. Rusiyaya nə qədər faydalı tərəfdaş olduğumuzu deyə bilərik. Rusiya da iqtisadi və regional layihələrdə bizimlə tərəfdaşlıq edəcək və strateji tərəfdaş adlandıracaq. Amma Qarabağ məsələsində hər zaman Ermənistana dəstək verəcək. Məsələn, bir faktı deyim. Xarici işlər nazirimiz Ceyhun Bayramov Moskvada rəsmi səfərdə idi. Lavrov Ceyhun Bayramova dedi ki, siz bizim strateji tərəfdaşımızsınız. Amma eyni gündə erməni xarici işlər nazirinə zəng elədi. Bu, o deməkdir ki, Lavrov bizə deyir ki, Azərbaycan iqtisadi və regional layihələrdə Rusiyanın strateji tərəfdaşı olsa da, Qarabağ məsələsində Ermənistanın əleyhinə heç bir addım atmayacaq. Bu ciddi bir mesaj idi. Məncə, biz seçimimizi etməli idik və artıq etmişik və bu istiqamətdə də addımlar atılır".
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"