Distant təhsil: bölgələrdə vəziyyət necədir?
“Nə cəmiyyətdə elə bir “peyğəmbər” var, nə də əlimizdə “sehirli çubuq”
Pandemiya həyatımıza daxil olandan bəri ən çox gündəmə gələn məsələ distant təhsildir. Hazırda Bakı, Sumqayıt və Abşeron rayonlarında ibtidai sinif şagirdlərinə əyani dərslər həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə 3 dəfə olmaqla tədris olunur. Digərləri isə dərsə online qoşulur.
Təbii ki, bu hamıya qismət olmur. Bəs görəsən distant təhsili həyata keçirmək üçün maddi imkanı çatmayan ailələrə hansısa güzəştlər nəzərdə tutulubmu? Mövzu ilə bağlı bölgələrdə vəziyyət necədir?
Versus.az xəbər verir ki, rayonlardan birində müəllimlik edən Sevinc Nağıyeva deyib ki, burda internetlə bağlı həm müəllimlərin həm də şagirdlərin ciddi problemləri var.
“Bir çox ailələrdə isə nəyinki kompüter, heç smartfon tipli telefonlar belə yoxdur. 15-20 nəfərlik siniflərdən dərsə cəmi 6-7 nəfər qoşula bilir. Üstəlik burada şəbəkənin sürəti də zəifdi. Belə zəif internetlə nəinki dərsə qoşulmaq, heç bəzən mesajlaşmaq da olmur”.
Elə bölgələrdə yaşayan bəzi valideynlər də övladlarının aqibətindən narahatdır. Günel Hüseynova deyir ki, iki övladı həftədə 3 dəfə məktəbə gedir, qalan günlərdə isə, lazımi avadanlıqlar olmadığı üçün oline dərsə qoşula bilmirlər:
“Çalışırıq ki uşaqlar dərslərdən geri qalmasın. Özlərinin də oxumağa böyük həvəsi var, hətta məktəblərin açılacağını eşidəndə çox sevindilər”.
Digər bir həmsöhbətimiz paytaxt sakini Cəmil Tağıyevdir. o deyir ki, 3 övladı var, 2-si ibtidai sinif şagirdidir və təhsilləri həm ənənəvi, həm də distant formada davam edir:
“Düzünü desəm bu işlərlə daha çox yoldaşım məşğul olur. Elə ki dərsə qoşuldular evi səs küy bürüyür, internetin sürəti aşağı düşür. Həftənin 1 günü hər iki övladımın dərsi eyni vaxtdadır. Onda isə çətinliklər daha da artır”.
Həm şagirdlərin həm də müəllimlərin distant təhsildə qarşılaşdığı problemlərlə bağlı mütəxəssisin də fikirlərini öyrəndik.
Təhsil eksperti Şahlar Əsgərov söyləyib ki, hazırda valideynlərin online təhsillə bağlı qarşılaşdığı vəziyyət ictimai şura olaraq bizə də məlumdur:
“Təbii ki onlayn təhsil ənənəvi üsulla keçirilən dərslərin yerini vermir. Lakin hazırkı vəziyyətdə başqa çıxış yolu olmadığı üçün, biz bu metodlardan istifadə etməyə məcburuq. Mən bilirəm ki bəzi ailələrdə distant təhsil üçün tələb olunan texnoloji alət və avadanlıqlar yoxdur. Bu çətinliyi biz birlikdə çalışıb həll etməliyik”.
Ekspert söyləyir ki, cəmiyyət tək idarə edən və idarə olunandan ibarət deyil. Burada hökmən bir “xeyriyyəçi” missiyasını daşıyan insanlar var və olmalıdır. Biz bu məsələnin həlli üçün hamılıqla birləşməliyik. Bu kimi böyük problemi heç kəs fərdi həll etmək iqtidarında deyil.
“Nə cəmiyyətdə elə bir “peyğəmbər” var, nə də əlimizdə “sehirli çubuq”. Mən, Təhsil naziri Emin Əmrullayevin Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə keçirdiyi videokonfransdakı çıxışımda söylədim ki, siz, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə memorandum imzalayın. Onlar həm internet, həm də komunikasiya alətləri məsələsində təhsil nazirliyinə kömək etsinlər”.
Elə birlik demişkən, söhbətin bu yerində mövcud məsələnin həlli ilə bağlı olaraq müəyyən təkliflər irəli sürdük ki, Şahlar Əsgərov da həmfikir olduğumuzu söylədi. Yəni doğurdandamı qlobal şəbəkəyə qoşulmaq üçün lazım olan avadanlıqlar, smartfonlar, kompüterlər satan mağazalar həmçinin mobil operatorlar hazırkı vəziyyətdə insanlara xüsusi güzəştli təkliflər hazırlaya bilməzlər?
Görünən odur ki, distant təhsil ənənəvi üsulun yerini vermir. Ancaq mövcud vəziyyətdə ondan istifadə etmək zəruridir. Ümid edirik, yaranmış çətinliklərin həlli ilə bağlı tez bir zamanda çıxış yolu tapılacaq. /Hafta.az/
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"