Deputat yüksək balla ali məktəblərə qəbul olan tovuzlu gənclərlə görüşüb
Qənirə Paşayeva: "Yaxşı mütəxəssislər kimi yetişib vətənimizin haqq səsini dünyaya yaymalısınız"
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonundan bu il yüksək balla ali məktəblərə qəbul olunan gənclərlə görüşüb.
Versus.Az xəbər verir ki, gənclərə tədrisdə və həyatın bundan sonrakı mərhələsində uğurlar arzulayan millət vəkili Qənirə Paşayeva seçdikləri ixtisasdan, yiyələnəcəkləri peşədən və qəbul olduqları ali məktəbdən asılı olmayaraq ilk növbədə yaxşı mütəxəssis kimi yetişmək, əsl şüurlu və peşəkar vətəndaş təliminə yiyələnmək onlar üçün bir nömrəli vəzifədir deyə bildirib.
Millət vəkili qeyd edib ki, hal-hazırda ölkəmiz elan olunmamış müharibənin növbəti fazasında yaşamaqdadır. Bildirib ki, bu mərhələdə hər bir vətəndaşımızın, xüsusilə də gənclərimizin üzərinə böyük vəzifələr düşür:
"Hansı peşə sahibi olmasından asılı olmayaraq hər kəsin özünəməxsus məsuliyyətləri var. Bu vəzifə və məsuliyyət ilk növbədə hər kəsin öz sahəsində daha yaxşı çalışması, öz işinin öhdəsindən daha peşəkar şəkildə gəlməsi ilə vətənpərvərlik təcəlla tapır. Əlbəttə ölkəmizin haqq səsinin ucaldılması, ərazi bütövlüyümüzün bərpası ilə bağlı üzləşdiyimiz problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti, Ermənistanın elan olunmamış müharibə nəticəsində Azərbaycana vurduğu ziyanlar, mədəniyyət abidələrimizə qarşı törətdikləri vandallıqlar, Xocalıda soyqırım törətmələri, bütün bunlar hamısı tələbələrimizin, gənclərimizin yüksək texnologiyalardan, virtual aləmdən faydalanarkən dünya gənclərinə çatdırmalı olduqları əsas məqamlar sırasındadır".
Bu ilin iyulunda məhz Tovuzda başlamış növbəti düşmən hücumunun qarşısının alınması haqqında danışan millət vəkili şəhidlərimizin ruhunu şad etmək üçün gənclərimizin üzərində olan məsuliyyətdən də danışaraq bir daha onları şüurlu və peşəkar vətəndaşlığa dəvət edib.
Gənclər millət vəkilinin onlara verdiyi tövsiyyələrə, onlara göstərdiyi yola öz məhəbbətlərini və rəğbətlərini bildirərək tələbə adı qazanmalarına baxmayaraq vətənin müdafiəsində biləvasitə qələmi silaha dəyişərək iştiraka da hazır olduqlarını bildiriblər.
Q.Paşayeva bildirib ki, dövlətimiz çox güclüdür, ordumuz tam komplektləşib və tələbələrin yaxşı sənət və peşələrə yiyələnməsinin özü də vətənin müdafiəsi anlamına gəlir. Ona görə də millət vəkili tələbələrin ali məktəb həyatına adaptasiya olmalı, müəllimlərin öyrətdiklərinə dərindən diqqət etməli və yaxşı mütəxəssislər kimi yetişib vətənimizin haqq səsini dünyaya yaymalı olduqlarını bildirib.
"Dövlətimizin bütün sahələr üzrə daha da güclənməsi üçün öz töhvələrinizi verməlisiniz" deyən Qənirə Paşayeva bir daha bütün tələbələrə uğurlar arzulayıb və təbrik hədiyyələrini təqdim edib.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"