“Azərbaycan ordusunun “dəmir yumruğu” düşməni məğlub etdi” - MÜSAHİBƏ
Ruslan İmamquliyev: “Ağdamın azad edilməsini rəşadətli ordumuzun bundan əvvəl əldə etdiyi nailiyyətlərin nəticəsi kimi qiymətləndirirəm”
Azərbaycan torpaqlarımızın işğaldan azad olunması prosesində yeni bir təntənəli mərhələni yaşayır. Bu gün Azərbaycan Ordusunun hərbi paradla Ağdama daxil olması zəfər tariximizdə yeni səlnamə açır. Azərbaycan bu tarixi prosesdə qarşılaşdığı bütün maneələri adlamaq üçün hərbi gücünə və milli birliyinə arxalanır və irəliyə doğru gedir. Ağdamın, eləcə də digər rayonlarımızın azadlığa gedən “yol xəritəsi” şərəfli olduğu qədər də çətindir.
Versus.Az xəbər verir ki, hərbi ekspert Ruslan İmamquliyev müsahibəsində bu və ya digər məsələlərlə bağlı bir çox nüanslara diqqət çəkib.
- Ruslan bəy, bir hərbçi ekspert olaraq Azərbaycan əsgərinin bir güllə belə atmadan işğaldan azad olunan Ağdam şəhərinə daxil olmasını necə qiymətləndirirsiz?
- Mən Ağdamın azad edilməsini rəşadətli ordumuzun bundan əvvəl əldə etdiyi nailiyyətlərinin nəticəsi kimi qiymətləndirirəm. Ordumuzun Cəbrayil, Qubadlı, Zəngilan, Füzuli və Şuşa şəhərlərində öz qanı bahasına əldə etdiyi nailiyyətləri sayəsində Ermənistan fakt qarşısında qoyuldu. Artıq bu, Qarabağın tamamən azad olunacağını və orda illərdir yerləşmiş, möhkəm istehkamlar qurmuş düşmən qüvvələrinin məhv ediləcəyi demək idi. Düşmən kapitulyasiyaya cəlb olundu və Azərbaycan ərazilərindən çıxmaqla bağlı üçtərəfli bəyanata imza atmağa məcbur edildi. Təbii ki, bəyanata əsasən işğalçının bölgəni tərk etməsinə zəmanət yaradan sülhməramlı qüvvələrin regiona gətirilməsi zərurəti yarandı. Çünki erməni hərbçiləri düçar olduğu bu ağır məğlubiyyətdən və Azərbaycan ordusunun dəmir yumruğunun zərbəsindən vahiməyə düşərək, sülhməramlının gəlişinə imza atmaqla, həm də özünün fiziki müdafiəsinin təminatını yaratmaq istədi. Hesab edirəm ki, bu gün Azərbaycan Ordusunun Ağdama daxil olması orduda əldə olunmuş yüksək nailiyyətdir.
Biz Ağdama xəritədə baxsaq, görərik ki, döyüşlər nəticəsində həm şimaldan, həm də cənubdan ciddi nailiyyətlər əldə olunmuşdu. Xocavəndin azad olunması qüvvələrimizi Xankəndinin sərhədinə yaxınlaşdırmışdı. Eləcə də Şuşanın azad olunması, Kəlbəcəri artilleriya zərbələri ilə nəzarətdə saxlaya bilməyimiz, Laçın koridorunun yaxınlığında əks-hücumlar nəticəsində əldə olunmuş nailiyyətlərimiz ermənilərin hər tərəfli təminat zolağının kəsilməsi demək idi. Düşmənin bir yolu qalırdı; bölgədəki - xüsusən də Ağdam, Xocalı istiqamətindəki qüvvələrini geriyə çəkmək... Əgər geri çəkilməsəydilər, mühasirəyə alınacaqdılar və bu bəyanatı imzalamaqdan başqa düşmənin başqa çıxış yolu qalmırdı.
- Məlumdur ki, insanlarımız Ordunun gücü ilə torpaqların azad olunmasını necə ruh yüksəkliyi ilə qarşılayırdısa, bu mərhələdə də üçtərəfli bəyanata əsasən ərazilərin atəşsiz boşaldılmasını bir o qədər sevinc içində narahatlıqla qarşılayır. Bu proses, erməni məkri, vandallığının hər an özünü göstərməsi və sülhməramlıların torpağımızda yad olması fonunda narahatlıqla izlənir. Siz sonrakı təmizləmə prosesinin Kəlbəcər və Laçında necə keçiriləcəyini düşünürsüz?
- İşğal altında olan rayonlarımızın sadəcə hərbi yolla azad olunmasını arzulamaq və yaxud da düşünmək sadəlöhv yanaşma olardı. Çünki o bölgələrdə mülki əhalinin olmasını və uzun illər ərzində Ermənistan və erməni havadarlarının apardığı informasiya, diplomatik müharibəni nəzərə alsaq, mütləq diplomatik güc alətindən də istifadə olunmasına gərək var idi. Biz bundan uğurla istifadə edə bildik. Bəli, bu gün haqlı olaraq insanlarda bir tədirginlik var. Bu, Rusiya sülhməramlıların burdakı iştirakı və bizim 1992-94-cü ildə yaşadığımız təcrübələrdən qaynaqlanan bir mənzərədir. Amma nəzərə almaq lazımdır ki, bunun da qarşısını almaq, balanslı diplomatik siyasət qurmaq üçün o bölgədə Türkiyəyə məxsus qüvvələrin olması müəyyən edilib. Zamanla Türkiyə qüvvələrinin regiona gəlişinə qarşı çıxışlar edildi. Amma son olaraq Rusiya prezidenti Putin müsahibələrində sülhməramlıların nəzarət mərkəzində Türkiyənin də iştirak edəcəyini təsdiqlədi. Və bu gün Türkiyənin bir dost, qardaş ölkə olaraq öz hərbçilərini regiona göndərməsi o deməkdir ki, artıq o bölgədə bizim qarantımız var. Bundan əvvəl Suriyada, Rusiya-Türkiyə qarşılıqlı münasibətlərindən doğan ortaq əməliyyatlar aparılıb və Türkiyənin iştirakı ilə hadisələrin nə dərəcədə ədalətli həyata keçirdiyi ortadadır. Ona görə də tədirgin olmağa ehtiyac yoxdur. Daha önəmli olan məsələ budur ki, biz bu gün döyüşlərdə bir daha sübut etdik ki, bizim güclü, dəmir yumruqlu ordumuz var. Əgər hər hansı bir halda problem yaranarsa, o öz zərbəsini vurmağa hazırdır. Putin də öz çıxışında qeyd etdi ki, bu gün Ermənistan siyasi hakimiyyətinin dəyişməsi və yeni hakimiyyətin bu bəyanatı tanımaması onlar üçün özlərinə sui-qəsd olar. Biz bunun xüsusi olaraq qeyd olunduğunu gördük. Ona görə də bundan sonra bizim edə biləcəyimiz iş Azərbaycan xalqının milli iradə ətrafında bir güc birliyini göstərməsi, Ordu quruculuğunun daha da təkmilləşdirməsi, o bölgədə infrastrukturun inkişaf etdirilməsi və o bölgəyə tam yerləşə bilməkdir. Erməni işğalçılarının həmin regionu tərk etməsi o demək deyil ki, hər şey bitdi. Təbii ki, o bölgənin minadan təmizlənməsi, müxtəlif təxribatları olacaq. Bu təxribatların qarşısını almaq üçün Azərbaycan ordusu, Azərbaycanın bir sıra nazirlikləri, güc strukturları artıq öz fəaliyətlərini görmək üçün daha təmkinli və daha diqqətli olmalıdırlar.
Və düşünürəm ki, Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq. Biz adı çəkilməyən digər bütün torpaqlarımızın Azərbaycan əraziləri olduğunu əvvəldən də bəyan etmişdik. Dünya ərazilərimizi, onun bütövlüyünü tanıyır. Bundan əvvəl də 4 bəyanat verilmişdi. Biz sadəcə 44 günlük müharibədə bu bəyanatın tələblərini və öz ərazi bütövlüyümüzü təmin etmək üçün üzərimizə düşəni etdik. Burda siyasət araya girdi. Amma bu o demək deyil ki, biz ordunun gücündən imtina edirik. Hər hansı bir təxribat olacaqsa, onun qarşısını ala bilmək üçün güc orqanlarımız səfərbərdir və ordu quruculuğunda da Ali Baş Komandan dediyi kimi, istənilən lazımı yenidənqurma işləri davam etdiriləcək.
- Ruslan müəllim, Qarabağla bağlı mübahisəli nüanslar daha çox Xankəndi ilə bağlı meydana çıxır. Bir tərəfdə Azərbaycan ordusunun qalibiyyəti, zəfəri, digər tərəfdə düşmən, sülhməramlı qüvvələr və onların Xankəndində erməni xunta rəhbərliyi ilə görüşləri, ermənilərin Xankəndinə köçürülməsi Qarabağdan Azərbaycan ictimaiyyətinə narahatlıq doğurucu mesajları ötürməkdədir. Bu duruma Ağdamdan Kəlbəcərin, Laçının azad olunmasına baxsaq, Xankəndimizin sonrakı həyatını necə təsəvvür etməliyik?
- Ortaya çıxan bu cür nüanslar, erməni xuntanın rus sülhməramlıları ilə görüşmələri, kimlərinsə bayraqlarını orda asması hamısı informasiya müharibəsi istiqamətində aparılan təxribatdır. Bunların bir çoxu da feyk məlumatlardır. Mən sizə əminliklə deyirəm: bu ermənilərin içinə o qədər xof yerləşdirilib ki, o qorxunun təsirindən çıxa bilmirlər. Ermənilər bir uşağı yetişdirərkən türkü, azərbaycanlını düşmən kimi təlqin edirlər. Düşünmürəm ki, bu şəkildə yetişdirilmiş bir erməni uşaq və o hisslə böyüyən orta yaşlı erməni orda qalıb axıra qədər yaşasın. Onları məcbur etsələr belə, yaşamaq istəməyəcəklər. Çünki onları bizə düşmən ruhunda böyüdüblər. Lakin hətta yaşasalar da, istənilən halda Azərbaycan qayda-qanunlarına uymalı olacaqlar. Çünki o coğrafiyadakı bütün ordu birləşmələrimiz, daxili qoşunlarımız, dövlət təhlükəsizlik xidməti orqanları o yerlərdə də xidmətini quracaq. Yaşamaq istəyəcəklərsə, yaşasınlar. Yenə də bütün güc strukturlarımız asayişi təmin etdikdən sonra onlar orda heç bir şey edə bilməzlər.
Siz düşünməyin ki, bu döyüşün gedişində təxribatlar təkcə müharibə bölgəsində oldu. Düşmənlərimiz Azərbaycanın mərkəzi şəhərlərində - Bakıda, Sumqayıtda, Gəncədə, hər yerdə terrorist aktlar törətməyə çalışdılar. Amma bacarmadılar. Ona görə ki, aidiyyatı təhlükəsizlik, hüqq-mühafizə orqanlarımız öz işlərini yaxşı gördülər. Və o işləri də eyni şəkildə azad olunmuş ərazilərdə həyata keçirdikdən sonra onlar heç bir təxribata nail olmayacaqlar. Ali Baş Komandanımız boşuna deməyib ki, “Status-kvo bitdi” və bunun qəti şəkildə belə olacağına inanıram. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"