Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 noyabr - 20 dekabr tarixlərini əhatə edən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, intellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir:
I mərhələ: 23 noyabr-1 dekabr 2020-ci il. Qeydiyyat üçün uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçıları haqqında olan ümumi məlumatın 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına ([email protected]) göndərilməsi;
II mərhələ: 1-15 dekabr 2020-ci il. 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı;
III mərhələ: 15-20 dekabr 2020-ci il. İntellektual yarışmanın qaliblərinin münsiflər heyəti tərəfindən seçilməsi.
Yarışmanın qalibləri Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Facebook” səhifəsinə və +994 50 529 88 09 , +994 50 677 80 31 nömrələrinə müraciət edə bilərlər.