Gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun iclası keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, onlayn formatda keçirilən iclası giriş nitqi ilə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina açıblar.
Nazir müavinləri Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildiriblər.
Məruzəçilər hər iki ölkə gənclərinin diplomatik, humanitar, elm, mədəniyyət və digər sahələrdə ünsiyyət və əməkdaşlığının ölkələrarası münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.
Geniş müzakirələrdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi arasında Gənclərlə iş sahəsində 2021-ci il üzrə əməkdaşlığa dair Tədbirlər planı qəbul edilib.
Tədbirlər planı Azərbaycan-Rusiya gənclər forumunun keçirilməsini, gənclər və tələbə mübadiləsi, könüllülük hərəkatı sahəsində əməkdaşlıq, elmi və yaradıcılıq layihələrində iştirak kimi məsələləri əhatə edib.