Dekabrın 10-da Cavad İbadovun 24 yaşı olacaqdı...
Bir neçə gün qabaq bu gəncimizin şəkillərini paylaşıb, valideynlərinin uzun müddətdir ondan xəbər ala bilmədiklərini yazmışdıq. Ümid və dua edirdik ki, xoş xəbərini alarlar. Xəbər aldılar, amma...
Təəssüf ki, Masallı rayonunun Digah kəndindən olan 1996-cı il doğumlu İbadov Cavad Cabir oğlunun Hadrut uğrunda gedən döyüşlərdən birində şəhid olması xəbəri gəldi...
Döyüş yoldaşlarının İbad deyə çağırdıqları Cavad Daxili Qoşunlarda MAXE idi. Döyüşlər başlayanda Murovdağ istiqamətində döyüşüb, sonra Hadruta göndərilib xüsusi təyinatlılarla birlikdə. Növbəti əməliyyat zamanı minaatan mərmisi düz yanına düşüb...
40 gündən çox müddətdə haqqında heç bir xəbər alınmayan Cavadın dekabrın 10-u ad günü olacaqdı. Həyatları, canları bahasına torpaqlarımızı geri qaytaran Şəhidlərimizdən nə desək, nə yazsaq azdır...
Torpağı müqəddəs edən, Vətənə döndərən şəhidlərimizin qanıdır... O torpaqlar artıq şəhidlərin - arzuları yarım qalan canların bu millətə, bu xalqa, bu dövlətə əmanətidir.
Allahdan bütün yurdumuzda bir daha müharibə olmamasını, gənclərimizin savaş meydanında deyil, dinc dövrdə elm, təhsil, quruculuq meydanında hünər göstərmələrini, xoşbəxt yaşamalarını, arzuları uğrunda "vuruşmaqlarını" arzu edirəm... Heç bir ana gözü yolda, boynu bükük, gözü yaşlı qalmasın...
Şəhidimizin valideynlərinə, bütün sevənlərinə, sevdiklərinə böyük səbr diləyirəm...
Ruhun şad olsun, o dünyadakı məqamın yüksək olsun, Masallının şəhid oğlu Cavad!!! Allah sənə rəhmət eləsin...
Bütün şəhidlərimizi tanımağa, tanıtdırmağa
#borcluyuq...
Ülviyyə Abışova
Versus.Az