Sakit, Şanslı, Diqqətli, Dost...

15:01 30-11-2020 | icon 1231 | Şəhidlər və şahidlər
Sakit, Şanslı, Diqqətli, Dost...

Övladları o sazı qara köynəkdən çıxarar, inşallah. İnşallah o sazda “Dilqəmi” də çalınar, “Misri”də…

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Emin Mahmudovdan yazdı.

 

Sakit, Şanslı, Diqqətli, Dost... Emin Pünhan oğlu Mahmudov – 01.06.1994-cü ilin altıncı ayının birinci günündə Tovuzun Abulbəyli kəndində doğulub. 1941-1945-ci illər müharibəsinin əfsanəvi qəhrəmanlarından Yusif Sadıqovun adını daşıyan Bozalqanlı kənd orta məktəbində oxuyub.

 

Qəhrəmanın adının işığı onun da ömür yoluna işıq salıb, o da hərbçi olub, müharibə görüb, qəhrəmanlıq edib… Doğrudan da, “bu dünyada təsadüf yoxdur, təvafüqlük vardır”… Emin 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub; 2015-ci ildə hərbi akademiyanı bitirib və Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmətə başlayıb. Sonra respublikanın fərqli bölgələrində hərbi xidmətini davam etdirib.

 

Quru Qoşunlarında xidmət edən Emin, aktiv şəkildə idmanla məşğul olub, ümumən həmişə öz fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilib. Xidmət zamanı bir çox “Fəxri fərman”lara və medallara layiq görülən Emin, öz davranışı ilə həmişə seçilib, əsgərlərinin sevimlisi olub.

 

2020-i il sentyabrın 27-də Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca Emin Mahmudov da ilk günlərdən döyüşlərə atılıb. Suqovuşan qəsəbəsinin azad edilməsində fədakarlıqla iştirak edib. Eləcə də, Cəbrayılın, Füzulinin bir sıra kəndlərinin azad edilməsində iştirak edən Emin, Hadrut qəsəbəsinin düşməndən təmizlənməsində xüsusi xidmətlər göstərib. Hərbçi yoldaşlarının verdiyi bilgiyə görə, Vətən sevdalı peşəkar zabitimiz özü yaralansa da, yenə də döyüş bölgəsində son nəfəsinədək qəhrəmancasına vuruşub. O, Hadrutda 80 əsgərimizin düşmənin silahlı qüvvələrinin mühasirəsindən çıxarılmasında xüsusi xidmətlər göstərib. Bu, həm hərbi tapşırıq idi, həm də öz könlünün tapşırığı. O, belə tərbiyə almışdı – həm evdə, həm hərbi məktəbdə…

 

Emin Pünhan oğlu Mahmudov Hadrutdakı mühasirəni yarıb, əsgərlərimizi xilas edərkən, özü qəhrəmancasına şəhid olub. Əsl zabit şərəfi, zabit ləyaqəti ilə davranıb – MÜHARİBƏDƏ QIZIL LƏYAQƏT GÖSTƏRİB! Atası deyir, axırıncı dəfə 11 oktyabrda – şəhid olduğu gün, səhər-səhər danışdıq; “dedi, “məndən narahat olmayın, hər şey yaxşı olacaq”. Amma ürəyinə damıbmış elə bil – həyat yoldaşı ilə danışanda deyib, “hər şey ola bilər, sən zabit yoldaşısan, nə olsa da, ağlama”..!” Emin 11 oktyabrda, axşamüstü şəhid olub. Şəhidimizin 4 yaşlı və yaşyarımlıq iki övladı yadigar qalıb, üçüncü övladı gələn il dünyaya gələcək. Yoldaşına deyib, “qızım olsa, Zeynəb, oğlum olsa, İlham qoyarsız adını”… Şəhidin son ərki, əlbəttə, yerinə yetiriləcək. Əlbəttə, övladları atalarına görə qürurla yaşayacaq, qürurla anacaqlar adını. Əlbəttə, yalnız ailəsi, doğmaları deyil, bütün xalqımız, dövlətimiz qürur duyur Emin kimi qəhrəman oğullarla! Eminin öz adının anlamı – Sakit, Yetkili, Şanslı, Dost, Diqqətlidir. Doğrusu, bu adın anlamına nə isə əlavə və izah etməyə ehtiyac duymuram. Ad öz sahibini tapıbmış… Sahibi öz adını doğruldub…

 

Atasından öyrəndik ki şəhidimizin öz sazı varmış, özü də saz çalarmış, saz havalarını dinləməyi də çox sevərmiş. Ən çox sevdiyi hava “Dilqəmi” olub… “Dilqəmi” deyincə, sular durulur, yarpaqlar suyun səthinə səssizcə düşür, duman dağın başına dolanmasını uzadır, güllə bülbülün həsrəti dərinləşir… Bütün aşıq havalarımız mükəmməldir, hər birinin öz yeri, öz məqamı var; lakin “Dilqəmi”nin yeri bir başqadır…

Şəhid Emin də bu havanın başqalığına, özəlliyinə öz sevgisi, tutqusu və aqibəti ilə bir çalar daha qatmışdır… Övladları o sazı qara köynəkdən çıxarar, inşallah. İnşallah o sazda “Dilqəmi” də çalınar, “Misri”də…

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin