Biri şəhid, digəri qazi
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular
Uşaqlıqdan bir böyüyüb, bir məktəbə gedib, əsgərliyə bir yollanan əmioğluları sonda Vətən Müharibəsində də bir iştirak etdilər. Ancaq çox təəssüf ki, onlardan biri şəhid, digəri isə qazi oldu. Onlar eyni təvəllüdlü şəhid Xətai Hüseynov və qazi Ağaxan Hüseynovdur. Hər iki döyüşçü ailənin tək oğlan övladı olub.
Şəhid Xətai Hüseynovun atası Xaliq Hüseynov bildirib ki, oğlu son günə kimi müharibə gedən ərazidən uzaqda olduğunu söyləyib:
“Xətai bizimlə danışanda ancaq deyirdi ki, məni boş verin, özünüz necəsiniz, Ağaxan necədir? Səhhətimlə bağlı mənə görə narahatlıq keçirirdi. Deyirdi ki, ata, təki sən özünü qoru, mənim yerim yaxşıdır. Bizi nigaran saxlamasın deyə, hər zaman döyüşlərdən uzaq yerdə olduğunu bildirirdi. Şəhid olmamışdan bir gün əvvəl danışanda anasına dedi ki, mənimlə fəxr edəcəksiniz. Oğlumun 31 oktyabr tarixində şəhid olduğunu eşitdik”.
Qeyd edək ki, Xətai Hüseynov Tovuz rayonunun Qovlar şəhərindəndir. Son 30 ildə Qovlardan olan ilk şəhiddir.
Qazi Ağaxan Hüseynovun atası Hüseyn Hüseynov da Trend-ə bildirib ki, oğlu müharibədə bir dəfə yaralanıb, həkimlər onu sağaldandan sonra yenidən döyüşə qayıdıb:
“Oğluma əmisi oğlunun şəhid olduğunu demirdik. Zəng edəndə bizimlə danışdığını, yaxşı olduğunu söyləyirdik. Onlar uşaq vaxtından bir yerdə böyüdüyü üçün bilmirdik bu məlumatı ona necə deyək. Ağaxan bir dəfə Füzuli istiqamətində döyüşlər zamanı yaralanıb, ancaq sonradan sağalaraq geri qayıdıb. Hazırda hərbi xidmətdədir, aprel ayında tərxis olunmalıdır”.
Beləliklə, uşaq vaxtından bir yerdə böyüyən əmi uşaqlarının həyat yolunu müharibə ayırdı. Biri şəhid, digəri isə qazi oldu. /Trend/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"