Kiçikdəhnəli cəsur Azərbaycan zabiti - RAHİM CALALOV
Ürəyim bir tərəfdən də əziz dostum, igid silahdaşım Babəkə görə qan ağlayırdı"
Vətən müharibəmizdə parlaq qələbəni məhz onların sayəsində qazandıq. Adını bildiyim, bilmədiyim yüzlərlə cəsur, igid, qorxmaz oğullarımızın sayəsində. Rahim Calalov soyadlı qiyabi müsahibim belə oğullarımızdan biridir. Həmkəndlimdir. Məni tanıyanlar bilirlər ki, mənim nəzərimdə vətənpərvər adam kimliyindən, haralı olmağından asılı olmayaraq çox əziz və möhtərəmdir. Rahim də əsl vətənpərvvərliyi ilə, Vətəni sevməyinin xüsusi baxış bucağı ilə bu gün yazımın qəhrəmanıdır.
44 günlük müharibənin 44 yaşlı qəhrəmanı Rahim Calalov Şəkinin Kiçik Dəhnə kəndində çoxuşaqlı ailədə-sürücü ailəsində doğulub. Onun doğulduğu ildə mən həmin Kiçik Dəhnə kəndində orta məktəbi bitirmişəm. Bu mənada yaşıdım olan Rahim 1993-cü ildə kəndimizdəki 2 saylı orta məktəbi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (ındiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuş, 1997-ciildə həmin hərbi ali məktəbi uğurla bitirib. Müstəqil Azərbaycanın ilk peşəkar hərbçilərindən biri kimi - leytenant kimi Tərtər ərazisində hərbi xidmətə başlayıb.
2000-ci ilədək Tərtərdə xidmət edən Calalov yaralandığına görə ordudan tərxis olunub. Uzun müddət müalicə olunduqdan sonra Şəkidə tədricən biznesini qurub və böyük qardaşı Elçin kimi xeyriyyəçiliklə məşğul olub və olmaqdadır. Yeri gəlmişkən, qeyd edim ki, Moskvada yaşayan Elçin Calalov Şəkidə, respublikada və Rusiyanın paytaxtında kimsəsizlərə, kasıba əl tutan tanınmış iş adamı kimi tanınır. Biznesini inkişaf etdirsə də, peşəkar zabit kimi Rahimin fikri-zikri həmişə cəbhəyə getmək olub.
2016-cı ilin aprel hadisələri başlayan kimi özünü dərhal Tərtərə çatdırıb. Deyir ki, "ayın sonuna qədər orda qaldım. Döyüşlər rəsmi olaraq 4 gün davam etsə də, ermənilər mənfur xislətlərinə uyğun olaraq atəşkəsi pozmaqda davam edirdilər. 2016-cı il aprel ayının 26-27-də Talış yüksəkliyində namərd düşmənin atdığı mərmidən qəlpə yarası aldım. Əməliyyat olundum".
Onun sözlərinə görə, aldığı qəlpələrdən indi də əziyyət çəkir. Sağ ayağında hələ də xırda qəlpə qalıqları ona əzab verməkdədir. Sağ əlində də problem olduğunu deyən Rahim Calalov həmin vaxt qazi kimi dövlətin imtiyazlarından istifadə etməyə razılaşmayıb, daha doğrusu, könüllü imtina edib. Deyir ki, "mən qazi olsam da, olmasam da müharibəni gözləyirdim ki, gedim iştirak edim, döyüşüm, düşmənin, Ali Baş Komandanımız İlham Əliyevin dillər əzbəri olan kəlamı kimi, düşmənin başını əzmək istəyirdim".
Və o gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-si səhər. Biznesi ilə bağlı təsadüfən sentyabrın 26-da Bərdədə olan, Qaradağlı kəndində gecələyən Rahim Qapanlı kəndinə düşmən hücumu zamanı özünü ora çatdırıb. Elə o qalan döyüş bölgəsində qalmağı qərar verib. Deyir ki, "mən axı 2016-da özümə və dostlarıma söz vermişdim ki, müharibə başlasın, mən yarımcan olsam da vuruşacağam". Hərbi qayda-qanunlarını gözəl bilən peşəkar zabit Calalov vaxt itirmədən dərhal ərazidə yerləşən hərbi hissəyə - general-mayor Hikmət Həsənovun komandir olduğu korpusa yaxınlaşaraq, döyüşmək istədiyini deyir. Və onun əvvəlki xidməti təcrübəsini, əraziyə hərbi taktika baxımından yaxşı bələd olduğunu nəzərə alınaraq, korpus komandirinin müavini polkovnik, qəhrəman şəhid Babək Səmidlinin köməkçisi təyin olunur.
"Bismillahi-Rəhmani-Rəhim"- deyərək, 2016-dakı kimi döyüşə qatılır. Rahim deyir ki, "rəhmətlik Babəklə, əsgərlərimizlə bağlı çox çətin günlərimiz oldu. Çox. Sözlə ifadə edilməli deyil. Amma hamımızda çox böyük ruh yüksəkliyi vardı. Bəzən əsgərlərimizi saxlamaq mümkün olmurdu: yalnız irəli getmək və cənab İlham Əliyevin dediyi kimi, "düşmənin başını əzmək" əzmi hamımızın şüarı, arzusu və məqsədi idi". Bu yerdə bir haşiyəyə çıxmalıyam. Мən Rahimlə ilk dəfə noyabrın 23-də telefonla danışdım və qərara aldıq ki, səhər danışaq. Amma danışa bilmədik. Rahimdən bir-neçə gün xəbər-ətər çıxmadı.
İki gün əvvəl danışanda bildim ki, o, rəhmətlik Babək Səmidlinin köməkçisi olub və polkovnik Səmidli minaya düşərkən lap yaxınlığında olub. Rahim acı kədərlə bildirdi ki, "Suqovuşandan gəlib səhəri sizə müsahibə verəcəkdik, səs yazısı göndərəcəydik. Babəkə bu barədə deyəndə o da söyləmişdi ki, "Aytəkin Alxaslıya müsahibə vermək mənə xoş olar". Qayıdaq Müzəffər Ordumuzun cəsur oğullarından olan Babək Səmidlinin şəhid olduğu günə. Noyabrın 23-də Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ermənistan FHN əməkdaşlarının, Rusiya sülhməramlılarının və Azərbaycan hərbçilərinin olduğu Suqovuşanda meyitlərin mübadiləsi aparılırdı. Rahimin dediyinə görə, burda minaya düşən cəsur polkovnik Babək Səmidli şəhid oldu, Rusiya sülhməramlısı ağır yaralandı, ermənilərdən də yaralananlar oldu:
"Mən orda çox dəhşət yaşadım. Həm Babəki təcili yardım maşını ilə xəstəxanaya çatdırdıq, döyüş dostum, komandirim xəstəxanada keçindi. Həm də bir anlıq beynimdən keçirdim ki, Rusiyanın sülhməramlısını tez Tərtər xəstəxanasına çatdırım, yoxsa namərd ermənilər bunu öldürüb yıxarlar həmişəki kimi Azərbaycanın üstünə. Xislətləri budur, bilirəm axı. Tez köməkləşib rusiyalı sülhməramlını "Pikap" hərbi maşınımıza qoyub Tərtərə çatdırdım. Yolda kefini soruşanda yarasından qan axdığını dedi və ayağını sarıtdırdım, iynə vurdurdum. Onu xəstəxanaya çatdıranda elə bildim çiynimdən dağ götürüldü. Çox rahatlaşdım. Amma ürəyim bir tərəfdən də əziz dostum, igid silahdaşım Babəkə görə qan ağlayırdı".
Könüllü olaraq hərbi xidmətə qayıdan keçmiş peşəkar zabit Rahim Calalov bütün hərbçi yoldaşlarını indi dərin hörmətlə və kövrələ-kövrələ anır. Deyir ki, "təbii ki, biz döyüşdə hörmətlu general-mayor, Azərbaycanın Şanlı Ordusunun qaymaqlarından olan Hikmət Həsənovun tapşırıq və əmrlərini yerinə yetirmişik. Bu generalın döyüş taktikasını mən heç yerdə görməmişəm, valehəm onun incəliklərinə qədər - bütün sərtliyi ilə yanaşı hər birimizə aydın olan döyüş taktikasına. Bu, sadə ya mürəkkəb hərbi əməliyyat taktikası deyil. Biz sonradan bildik ki, bu - QƏLƏBƏ taktikası imiş".
Rahim Calalov indi tarixi qələbəmizə çox sevincəkdir. Amma gülən gözünün biri ağlayır. Əziz dostu, polkovnik Babək Səmidlinin şəhid olmağına çox üzülür. Rahim mənim xahişimlə döyüşdə onunla birgə olan videolar və şəkillərdən mənə göndərdi, təqdim edəcəyəm. Bu videolara baxanda adamın ürəyi ağrıyır. Təsəvvür edirəm, döyüşdə həmişə bir yerdə olan Rahimə necə pis təsir edib onun ölümü. Suqovuşanda çəkilən videonun birində Rahim polkovnik Səmidliyə deyir ki, "ehtiyatlı ol, başın hərlənər, suya düşərsən". Birində isə "şəhid olsaq, bir yerdə oljux" (Dəhnə ləhcəsi ilə yəni - olacağıq). Belə videoların birində isə Rahim öz komandiri Babəklə zarafat edir. Aralarında belə dialoq gedir: "Söz verirsənmi mənə fərqlənmə verəsisən? Ha, yox". Cavabında "Allah kərimdir"- deyən mərhum polkovnik köməkçisinin "Söz verirsənmi?" təkrar sualına isə "Ölməyib sağ qalsam, verəcəm"- deyir.
Adamın ürəyinin başına od düşür. Mənfur və son anda qorxaqcasına məğlub olub rəzil düşmənə belə igid oğullarımızı qətlə yetirdiyinə görə NİFRƏT edirəm. Bu korpus hərbçilərinin döyüş vaxtı çox şəkil və videoları sosial şəbəkələrdə paylaşılıb. Talış yüksəkliyinə Azərbaycanın üçrəngli bayrağını sancanlardan biri də Rahim Calalov olub. Rəhmətlik Babək Səmidlinin Suqovuşanda Rahimlə olan bir videosunu hətta Rusiyanın ermənipərəst elekron mediası da paylaşıb. Videoda Azərbaycan Prezidenti İlham Əliyevin "Madagiz"in adının Suqovuşanla əvəzləməsindən "narahatlığı" ifadə olunur və Azərbaycan əsgərinin burada at oynatmasına "qısqanclıq" açıq-aydın sezilir. Bu, şərəfsiz erməni qonşularımızın həmişəki dəsti-xəttidir.
Rahim polkovnik Babək Səmidli ilə zarafatından, 5 illik dostluğundan danışanda bildirdi ki, "mən 44 yaşımı 19 mart 2020-ci ildə əziz dostum polkovnik Babək Səmidlinin kabinetində - hərbçilərlə birgə yünğülvari geyd etmişəm. Onda mən arzumu demişdim ki, inşallah Şuşaya Azərbaycan bayrağını sancaq. Sancdıq, nəinki Şuşaya, işğal altında olan daha bir neçə rayonumuza. Arzuma çatmışam. Mənə indi heç nə lazım deyil".
Sadə və emosional qəhrəmanımın sonuncu cümləsi rəhmətlik Babəklə etdiyi "fərqlənmə verəsisənmi?" - sözlərinə görədir. Deyir ki, "30 ildir erməninin aldığı torpaqlarımızı geri qaytarmağımız mənə elə ən yüksək təltifdir. Sadəcə, onunla gərginliyimizi azaltmaq üçün belə zarafat çox edirdik. Heyf o günlərdən və saatın əqrəbi geri qayıtsaydı....".
Müsahibimi çox yordum. Rahim anası, Qəhrəman ana Fatma xaladan da danışıb. "Anam məni "Anan össün" - deyərək məni çox ruhlandırırdı döyüşə. Onunla telefon danışığım da döyüş gedəndə sosial şəbəkələrdə yayılıb. Allah bütün anaları qorusun!!!".
Müsahibim 44 günlük Vətən müharibəsi qazisi, igid həmkəndilim 44 yaşlı Rahim Calalovun fikirlərini kağıza köçürdükcə, bu cəsur Azərbaycan zabitinin dəmir iradəsinə, səbrinə heyran oluram. Gözünün qabağında döyüş dostu şəhid olan, özününsə şəhid olmamağına təəssüf edən kiçikdəhnəli Rahimlə olan söhbətim belə sona yetir.
Məndə heç vaxr yerliçilik meyli olmayıb. Vaxtım, imkanım olsaydı, harada yaşamasından asılı olmayaraq bütün cəsur hərbçilərimizdən və şəhidlərimizdən yazardım. Hələliksə Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanını tanıyın: Rahim Baba oğlu Calalovu!!!!
Aytəkin ALXASLI
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"