Polkovnik-leytenant Ruslan Tağıyev də Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızdandır.
R.Tağıyev Laçının Xanalılar kəndində gedən döyüşlərdə şəhid olub.
Polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyev 2019-cu ilin fevral və iyun aylarında ikili razılaşma əsasında Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında isə Türkiyədə doktorantura təhsili almağı planlayıb. Lakin Vətən müharibəsi başlayan zaman övladları Fuad, Polad və 3 yaşlı Nurayı həyat yoldaşına əmanət edərək ezamiyyətə gedirəm, deyib. Ailəsi bir neçə gün sonra onun döyüşdə olduğunu öyrənib. Vətən uğrunda canını fəda edən igid zabitimiz Vətən müharibəsində bir çox strateji yüksəkliklərin alınmasında mühüm rol oynayıb. Füzuli, Zəngilan, Cəbrayıl rayonlarında gedən şiddətli döyüşlərdə iştirak edib, son döyüşü isə Laçının Xanalılar kəndində olub.
R.Tağıyev döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 38 illik ömrünün 21 ilini Vətənə xidmət edən şəhid noyabrın 5-də II Fəxri Xiyabanda dəfn edilib.