O, yaralı halında belə, düşmənə zərbə vurmağı bacarıb

16:04 14-12-2020 | icon 1129 | Şəhidlər və şahidlər
O, yaralı halında belə, düşmənə zərbə vurmağı bacarıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid gizir Ceyhun Natiq oğlu Abbasovun II Fəxri Xiyabanda dəfn mərasimində iştirak edib, şəhidimizin ailə üzvlərinə, döyüş yoldaşlarına baş sağlığı verib, ürək sözlərini bölüşüb.

 
 
Gizir Ceyhun Abbasovun timsalında Azərbaycan Böyük Vətən Müharibəsinin bütün şəhidlərinin ölməz ruhuna ehtiramını bildirən Komitə sədri, şəhidimizin ailəsinin, onun yadigarı olan körpə balalarının xalqımız, dövlətimiz tərəfindən hər zaman əziz tutulacağını deyib. Vətən sağ olsun!
 
 
Versus.Az Qənirə Paşayevanın şəhid gizir haqqında yazısını təqdim edir:
 
 
"Ceyhun Natiq oğlu Abbasov – 8 fevral 1986-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhəri Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə alıb. Burada 9 il oxuduqdan sonra, təhsilini öz arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi litseydə davam etdirmək istəyib lakin litseyə qəbul ola bilməyib və bundan sonra sənədlərini texniki peşə məktəbinə təqdim edib. Peşə məktəbinə qəbul olan Ceyhun, oranı müvəffəqiyyətlə bitirdikdən sonra, həqiqi hərbi xidmətə çağrılıb. Ceyhun həqiqi hərbi xidmətini də uğurla başa vurub və bundan sonra, yarımçıq qalan arzusunu – peşəkar hərbçi olmaq arzusunu gerçəkləşdirmək qərarına gəlib. – Beləliklə, hərbi xidmətdə qalmağı seçən Vətən oğlu, respublikanın müxtəlif bölgələrində, cəbhəyanı ərazilərdə və biləvasitə öncəbhədə xidmət edib: Beyləqan, Füzuli, Tərtər, Ağdam, Gədəbəy... Son xidmət yeri isə Şəmkir rayonundakı “N” saylı hərbi hissənin əks-həmlə taboru olub. Təcrübəli hərbçi taborun snayper qrupunun komandiri idi.
 
 
O, vaxtı ilə snayper silahının özəlliklərinə daha da yaxından yiyələnmək üçün qardaş Türkiyədə komando kursları keçib, təkmilləşib və xüsusi təyinatlı kəskin snayperçi kimi şöhrət qazanıb. Hərbçi dostları arasında “qarşısıalınmaz kəskin nişançı” olaraq tanınan Ceyhun Abbasov, xidmət etdiyi dövrdə 50-yə yaxın xüsusi döyüş tapşırığını yerinə yetirib.
 
 
Ceyhun Abbasov Azərbaycan Prezidenti adından, Müdafiə nazirinin 24 iyun 2013-cü il  tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə təltif olunub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə istiqamətindəki qəhrəmanlığına görə, cənab Prezidentin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
 
 
Ceyhun 2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində düşmən hücumunun qarşısını alan oğullardan biri olaraq da öz fədakarlığı ilə fərqlənib. O, burada Ermənistan silahlı qüvvələrinin  dörd hərbçisini zərərsizləşdirib. Hərbi təxribatlarına ara vermək istəməyən düşmənin müddətdən artıq hərbi qulluqçusu Aşot Mikaelyanı isə boğaz nahiyəsindən vuraraq, nə qədər sərrast atıcı olduğunu bir daha nümayiş etdirib. Ceyhun Aşotu zərərsizləşdirəndə gecə saat 01:10 radələri olub... Bu hadisə mətbuatda 14 iyulda şəhid olan Yaşar Babayevin qisasının alınması kimi tirajlanıb...
 
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tovuz döyüşlərində göstərdiyi şücaətə görə Ceyhun Ababsova xüsusi hazırlanmış qol saatı bağışlayıb və başqa mükafatlarla təltif edib.
 
 
Qəhrəman gizirin son döyüşü Murov dağ silsiləsində yerləşən Elşən zirvəsi uğrunda olub.
 
Şəhidimizin əmisi, mayor Namiq Abbasovun verdiyi məlumata görə, 28 sentyabr 2020-ci ildə Elşən zirvəsi uğrunda gedən döyüşlərdə ayaq və bel nahiyəsindən yaralanan Ceyhun, təxliyyədən imtina edərək, öz yaralarını sarıyıb, ağrı kəsici iynə vuraraq, döyüşə davam edib. O, yaralı halında belə, düşmənə zərbə vurmağı bacarıb: həmin andakı duruma görə məcburi və çevik qərar qəbul edən peşəkar hərbçi, yanındakı yoldaşının “qumbaraatan”ını götürərək, dörd erməni atəş istehkam məntəqəsini partladıb. Qorxmaz hərbçimiz erməni postuna girərkən şəhid olub.
 
 
Ceyhun Abbasov 12 dekabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib.
 
Şəhid gizirimiz ailəli idi, 2 övladı yadigar qalıb. Oğlu Ərtoğrul Gəncənin Kəpəz rayonunda yerləşən 17 saylı tam orta məktəbin I sinif şagirdidir, qızı Kəmalə isə hazırlıq sinfinə gedir.
 
 
Şəhidimizin ruhunu bir daha ehtiramla yad edir, ailəsinə, doğmalarına, silah yoldaşlarına başsağlığı verirəm.
VƏTƏN SAĞ OLSUN!
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...