Can Azərbaycan söyləmək üçün canını verənlərdən biri
Şəhid Ruslan Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub
Qədim türk ulusu olan doğma torpağım bu günlərdə xülyalarının gerçəkləşdiyi Zəfərini yaşayır. Vətən müharibəmizdəki qalibiyyət zəfərini. Bu zəfərin əldə olunmasında daha çox haqqı olanlar isə Şəhidlərimizdir. Hər biri bir igid, hər biri bir qəhrəman olan Şəhidlərimiz... Hər ləhzəmizin mabədi və məbudu olanlar.... Vətən yaşasın deyə görmək üçün gözünü, dik durmaq üçün ayağını, Can Azərbaycan söyləmək üçün canını verənlərdir onlar..
Şəhid yeganə bəndədir ki, sanki elə Şəhid doğulur və öz məqamına layiq həyat tərzi sürür. Bu sürəcdə insanlar onu yaxşı bir adam olaraq tanıyır. Bəli, yaxşı insan, ləyaqətli oğul, dəyərli ata, şərəfli ailə başçısı kimi..
Ruslan da hər biri bir Vətən olan bütün Şəhidlərimiz kimi bu gözəl insani keyfiyyətlərə malik idi. Lakin, yaddaşlara əbədi həkk olunması üçün hər Şəhidin özünəməxsus bir özəlliyi də olur. Ruslanın özəlliyi də onun 5 uşaq atası olması idi. 2793 Vətən daşı olan igidimizin yer aldığı siyahıda yeganə beş uşaqlı ata. Gözəl-göyçək - hər biri bir qürur, hər biri bir arzu, hər biri bir dilək olan Nərminin, Yasəmənin, Nüsrətin, Dənizin və Mədinənin atası...
Mehriban xanımın ömür gün yoldaşı... Baş Leytenant Rüstəmov Ruslan.
Ruslan 1981-ci il oktyabrın 23-də Hacıqabul rayonu Udulu kəndində kəndin sayılıb seçilən ziyalalarından olan Nüsrət müəllimin ailəsində doğulub. Nüsrət müəllim Ruslanın 14 yaşı olarkən dünyasını dəyişib. Anası Fatma xanım min bir əzab-əziyyətlə 6 övladını Vətənə layiq övlad kimi böyüdüb və ali təhsilə yiyələndirib. Bəlkə də ata sevgisini tamamlaya bilmədiyi üçün Ruslan uşaqlarının çox olmasını istəyirdi. Yarımçıq qalmış ata həsrətini övladlarında tamamlayan Ruslan gözəl ailə başçısı idi. Övladlarına bağlı olan Ruslan Şəhadətə yetişməsindən bir neçə gün əvvəl qardaşı Salmana zəng edərək balaca qızı Dənizin qurbanını kəsməyi xahiş etmişdi...
Ruslanın həyat yoldaşı Mehriban xanım onun övladlarına olan məhəbbətindən böyük sevgi ilə danışır və övladlarını onun adına layiq övlad kimi böyüdəcəyinə söz verir. Baş Leytenant Rüstəmov Ruslan Nüsrət oğlu Goranboy rayonunda N saylı H/H - də bölük komandiri idi. 27 sentyabrdan böyük Vətən müharibəmiz başlayanda baş leytenant Ruslan Rüstəmov komandirlik etdiyi bölüyü ilə birlikdə ikinci Qarabağ savaşına cəlb olunub. Murovdağ zirvəsinin düşməndən azad olunmasında Ruslanın rəhbərlik etdiyi bölümün böyük xidməti olub. Komandirlərinin dediyinə görə Ruslan həmişə önə atılmaqla öz bölüyünün ruhlanmasına əsas nümunə olurdu. Talışkəndin düşməndən azad olunmasında böyük qəhramanlıq göstərən Ruslan Tonaşen istqamətində düşmənin bir çox postlarının, hərbi texnikasının və saysız düşmən əsgərlərinin məhv edilməsində əsgərləri ilə birlikdə çiyin-çiyinə döyüşüb. Düşmən cəbhəsinin yarılması və düşmənin ön müdafiə xəttinin dağıdılmasını öz qanı, canı bahasına təşkil edib və müqəddəslik Şəhidlik məqamına yüksəlib. Nəşi neytiral ərazidən 22 noyabrda çıxarılıb və aparılan DNT analizlərinin nəticələrinə uyğun olaraq 4 dekabrda ailəsinə təhvil verilib.
Şəhid baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlu doğulub böyüdüyü Hacıqabul rayonu Udulu kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ruslan Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Müqəddəsliyin qarşısında baş əyirəm, Şəhidim.
Mehriban Sadıqova
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"