“Fəxrlə deyirdi ki, məndə Mübariz İbrahimovun silahından var”
Vətən Müharibəsinin şəhid qəhrəmanlarından biri də 21 yaşlı Cəmil Məmmədlidir.
Qafqazinfo xəbər verir ki, sentyabrın 27-dən döyüşlərə atıcı qismində qatılıb ön cəbhədə vuruşan C.Məmmədli oktyabrın 14-də Füzuli istiqamətində düşmənin atdığı snayper gülləsindən şəhid olub.
O, ali təhsilini başa vurub üç ay idi ki hərbi xidmətə yola düşmüşdü. Döyüş yoldaşları onun ön cəbhədə olmasını istəməsə də, Cəmil sinəsini qabağa verərək düşmənlə döyüşüb. Komandiri Cəmilin valideynlərinə ondan ağızdolusu xoş sözlər danışıb.Cəmil müharibədə iştirak etdiyini ailəsinə deməyib.
Şəhid anası Aygün Məmmədova bildirir ki, sentyabrın 25-də oğluna azuqə göndərib: “27-dən döyüşsə də, oktyabrın 15-nə kimi bilməmişik ki, müharibədədir, bizə bunu demədi. Cəmil çox zəhmətkeş uşaq idi. 2016-cı ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuşdu. Gündüzləri oxuyub, gecələri isə restoranda ofisiant işləyirdi. İş yoldaşları, müdirləri hamısı onun dəfninə gəlmişdilər.
Bir gün Cəmil mənə demişdi ki, ana torpaqlarımızın 20 faizi işğal altındadır. Bunu belə təsəvvür et. Hesab et ki, bizim evimizin beşdə bir hissəsi yoxdur. Buna necə dözmək olar?! O zaman onun vətəni özünün qeyrəti hiss etdiyini bilmirdim. Elə bilirdim ki, uşaq fikirləridir. Şəhid gələndə qrup yoldaşlarına deyirmiş ki “görün nə gözəl yerə getdi”.
Komandiri bizə dedi ki, mən onu 18 gün tanıdım. Ancaq ürəyimə o qədər girdi ki. Cəmil özü könüllü ön cəbhədə döyüşmək istəyib. Orta məktəbdən vətənpərvər idi. Əsgər marşını elə əsgər kimi durub oxuyurdu. Hərbi xidmətə gedəndə atasına demişdi ki, birdən onu harasa başqa yerə saldırmaq istəyər. Bu lazım deyil, hara düşəcəksə orda da xidmət edəcək.
2014-cü ildə Xocalı soyqırımı ilə bağlı Səbail rayonunda atıcılıq üzrə keçirilən yarışda 3- cür yer tutub. Əsgərlikdə də fəxrlə deyirdi ki, onda Mübariz İbrahimovun silahından var. Pulemyotla döyüşürdü. Oktyabrın 15-də onun üçün qalın corablar almağa getmişdim, o zaman bizə şəhid xəbəri gəldi. Ayın 15-də İsmayıllı rayonu Şəhidlər Xiyabanında torpağa tapşırdıq.
Hamı istəyir ki, onun üçün nəsə etsin, şəkillərini harasa vururlar. Hər dəfə görürəm ki, müəllimləri gətirib qapımızın ağzına onun üçün təzə güllər qoyurlar. Ona “atam” deyirdim. Bir dəfə də olsun məni incitməyib. Deyirdi ki, ana, siz məni və bacımı çox çətinliklə böyütmüsünüz, az qalıb daha mən sizin üçün hər şey edəcəm.
Sonuncu dəfə oktyabrın 11-də danışmışıq. Bu müddətdə cəmi 4 dəfə danışdıq. Mən Cəmildən qələbə xəbərini gözləyirdim, buna görə qurban da kəsəcəkdim, ancaq onun şəhid xəbərini eşitdim”. /qafqazinfo.az/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"