"Döyüşə, düşmən üzərinə sevinə-sevinə gedirdik" - MÜSAHİBƏ

17:56 18-12-2020 | icon 412 | Qarabağ
"Döyüşə, düşmən üzərinə sevinə-sevinə gedirdik" - MÜSAHİBƏ

Ramin Məmmədov: “Bu hissi hər bir əsgər, hər bir vətənini sevən insan yaşayır”

 

Sentyabrın 27-də düşmənə qarşı əks-hücuma keçən ordumuz 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Azərbaycan ordusunun DƏMİR YUMRUĞU nəticəsində kapitulyasiyaya imza atan düşmənin üzərində qazanılan zəfərin əzəməti, dekabrın 10-da keçirilən Hərbi Paradda bir daha nümayiş etdirildi. Meydan Vətən uğrunda vuruşan, igidlik göstərən qalib əsgərin ayaq səsləri ilə titrədi. Şanlı qələbəmizin əzəmətli portretini yaradan əsgərlərimizin böyük qismi öz Qələbə Paradını azad olunan torpaqlarımızda qurulan postlarda, müdafiə ehkamlarında keçirdilər. Azərbaycan əsgərinin Vətənin azadlığı uğrunda savaşı bitməyib. Torpaqlarımızda sülh, əminamanlıq tam bərpa olunana qədər əsgərimizin əli tətikdə olacaq.

 

Versus.Az “Həftə içi”-yə istinadən həmin igirdlərdən biri - işğaldan təmizlənən torpaqların keşiyində dayanan baş gizir Ramin Məmmədovdan danışacaq. Daha doğrusu, Ramin bəy bizə öz döyüş yolundan söz açacaq. Hərbçini eşitmək və bir qəhrəmanın düşüncələrini oxucularla bölüşmək bizim üçün də qürurvericidir. Baş gizir Ramin Məmmədov hazırda düşməndən təmizlənən Zəngilan rayonunun müdafiəsində öz hərbi xidmətini davam etdirir.

 

- Ramin, bizə döyüş yolundan danışın. Vətənin müdafiəsinə hardan başladınız?

 

- Mən hərb sənətini çox sevmişəm. Bu sevgi ilə də 2000-ci ildən hərbidəyəm. Bu formanı geyinmək, hərbçi olmaq istəyim elə-belə yaranmayıb. Torpaqlarımız uzun illərdir işğal altında idi. O torpaqları yağı düşməndən azad etmək, 30 ildir ağlayan ana-bacılarımızın üzünü güldürmək, az qala dərddən beli bükülən atalarımızın qamətini dikəltmək istəyi bütün Azərbaycan kişisinin ali məqsədinə çevrilmişdi. Hərbi biliklərə yiyələnmək istəyimdə əsas məqsədim, arzum vətən torpağını düşməndən azad etmək olub. Şükürlər olsun ki, o gün gəldi...

 

Sentyabrın 27-də, hardasa saat 8:00 radələri olardı. Döyüşə Füzulinin Rüzgar postundan başladıq və bir birinin ardınca kəndləri, şəhərləri düşmən tapdağından azad edə-edə Cəbrayıl, Hadrut, Hakuki kəndi, Çanaqçı, Şuşi kəndi və bigər yerlərdə döyüşlərdə iştirak etdik. Qazandığımız qələbələr bizi daha da irəliyə getməyə ruhlandırırdı.  Şükürlər olsun ki, qələbəyə qədər bütün döyüşlərdə iştirak etdim.

 

- Sizcə, hərbçinin döyüşdə düşmən üzərində qələbəsini təmin edən əsas gücü nədədir?

 

- Ali Baş Komandanın siyasəti, komandanlığı altında, ordumuzun güclənməsi, xalqın birliyi və vəhdəti bu müharibəni bizə qazandıran əsas şərtdir. Bununla yanaşı hərbçinin döyüş ruhunun yüksək saxlanması da əsas şərtlərdəndir. Bu müharibədə əsgərin qələbəsi üçün nə lazım idisə,   döyüş zamanı onu aldı. Bizim ordumuz çox güclüdür, bu müharibəyə hər an hazır idik. Düşmən nə qədər cəhd göstərsə belə, bizim qarşımızı ala bilmədi. Lakin artilleriya silahlarından bizə atılan atəşlər zamanı itkilərimiz oldu. Ona baxmayaraq ordumuz irəlilədi, heç nədən qorxmadan, çəkinmədən... Bizi heç bir silah, artilleriya qorxuda bilməzdi. Çünki bizim bir nyyətimiz var idi - torpaqlarımızı işğaldan azad etmək. Təbii ki, bu döyüşlərdə bizi əsasən gücləndirən hiss vətən sevgisi, Ali Baş Komandan-xalq birliyi və bu müharibədə Azərbaycanı azad etmək məqsədi idi. Biz bu savaşda haqlı idik. Biz öz haqqımızı geri almalıydıq, o torpaqlarda qırılan qürurumuzu bərpa etməliydik. Və şükürlər olsun ki, haqqımızı aldıq. Ali Baş Komandanın qətiyyəti və bizə verdiyi yüksək ruh sayəsində bunu etdik. Nə qədər itki versək də, nə qədər yaralılarımız olsa da, əsgərlərimiz bir an belə döyüş ruhunu itirmədi. Və biz bu torpaqları ermənilərin tapdağından qurtardıq.

Biz bu gün Şəhid qardaşlarımızın qarşısında baş əyirik. Bu gün də Ali Baş Komandan orduya hər hansı bir komanda versə, can-başla hazırıq.

Bizimlə birlikdə döyüşüb qəhrəmancasına şəhid olanların xatirəsini əbədi yaşatmaq üçün hər an döyüşə hazırıq.

 

- Adlarını çəkin, qoy insanlarımız bu adları yaddaşlarına həkk etsinlər.

 

- Qəhrəman qardaşlarımın adını çəkməyə çalışacam. Məndə bir az yaddaş pozğunluğu yaranıb.

 

- Yaddaş pozğunluğu nədən yarandı?

 

- Top mərmisinin dağıntıları altında qalmışam, üstəlik mərmi atılanda onun dalğası adamı tutur. Bir dəfə də qəlpə yarası almışam. Bədənimdə qəlpə var. Bundan məndə yaddaş pozuntusu yaranıb.

 

- Harda yaralandın, qəlpəni çıxartmaq mümkün olmadı?

 

- Hadrut istiqamətində, ayaq nahiyəmdən yaralanmışam. Hələ qəlpəni çıxarmağın vaxtı deyil. Müdafiə xəttini buraxıb heç yana çıxa bilmərəm. Nə vaxt məzuniyyətlər açılar, gəlib onu bədənimdən çıxararam. Bu sonranın işidir. Mən şəhid qəhrəmanlarımızdan yadıma düşənlərin adını çəkmək istərdim. Onlar kapitan Həmid, baş leytenant Telmanlı Allahyar, İsmayılov Elvin, gizir Qurbanov Ramin, mənim əsgərim Məmmədov Fəxri, bizim qərərgah rəisimiz, kapitan Ülvi Hüseynov... Ülvü Hüseynov döyüşlərdə çox böyük fədakaqlıq göstərdi. Onun döyüşdəki qəhrəmanlığını düşünəndə, bu gün də qanımız coşur. Onun qəhrəmanlığını sözlə ifadə edə bilmirəm. Ülvi Hüseynov Şuşi kəndində snayper atəşinə tuş gəldi. O, ikinci Fəxri Xiyabanda dəfn olunub. Ona elə sağlığında İgidlik Ordeni vermişdilər. Amma əfsuslar olsun ki, o, medalı yaxasına taxmadı, görmədi. Əfsuslar olsun... Buna baxmayaraq, Allaha şükürlər olsun ki, biz o igidlərin canını qurban elədiyi o torpaqları azad elədik. Şəhidlərimizin qanı yerdə qalmadı... Allah bütün şəhidlərimizə rəhmət eləsin...

 

- Amin... Ramin, mühribə, qan-qada, ölüm-itim, əzablı bir prosesdir. İgid əsgərimizi düşmən, çətinliklər heç bir halı ilə qorxuda bilməz. Amma bu müharibədə ən əziz əsgər yoldaşını gözünün qarşısında itirmək ən çətin məqamdır məncə... bu anlarda hisslərə qapılma halları olurdumu?

 

- Müharibə çətindir, bəli. Ən ağır məqamı da siz dediyiniz kimi, əsgərinin, can qardaşının gözünün qabağında yaralanması, şəhid olmasıdır. Amma Allaha and olsun ki, biz döyüşə, düşmən üzərinə sevinə-sevinə gedirdik. İnanırdıq, bilirdik ki, biz zəfər çalacağıq. Bu müharibədə bizim əsgərlər hamısı bir qəhrəman kimi nə olsa da irəliyə doğru can atırdılar. Bu müharibədə komandirlər hamısı əsgərin yanında idi. Bu, əsgərə böyük ruh yüksəkliyi verirdi. Döyüşlərdə Azərbaycan əsgərində nədənsə qorxmaq, çəkinmək ola bilməzdi. Şəhidlər versək də, yaralımız olsa da, irəliyə, ancaq irəliyə gedirdik. Hər bir döyüş yoldaşımızın, qardaşımızın Şəhid olması, yaralanması əsgərlərimizə düşməndən qisas almaq üçün əlavə güc verirdi bizə. 

Düzdür, biz çox məyis olurduq. Amma məyus olub hisslərə qapılmağa ixtiyarımız yox idi. Biz hər bir şəhidimizin qisasını ikiqat almaq üçün daha da irəliyə getmək istəyirdik. Şəhid qardaşlarımızın da, bizim də məqsədimiz torpaqları azad etmək idi. O məqsədin qarşısında heç bir hissə qapılma ola bilməz. Hamımızın bir məqsədimiz var idi, torpaqlarımızı azad etmək, heç nə bizi ruhdan sala bilməzdi. Bizim kədərlənib, hisslərə qapılmağa haqqımız yox idi. Biz o dəhşətin sevincini torpaqlar azad olunandan sonra ikiqat yaşadıq. O sevinci heç nə ilə müqayisə etmək mümkün deyil. Biz canını qirban verən əsgərlərimizə görə də sevinirdik. Sevincimizin həddi-hüdudu yox idi...

 

- Cənab baş gizir, dekabrın 10-da hərbi parad oldu, sizin qələbə paradınız...

 

- Hə, biz hamımız o paradda iştirak etmək istəyərdik. Əslində ruhən biz də ordaydıq. Amma həm də biz postlarımzın müdafiəsində qalmalıydıq. Bizim üçün vətənin müdafiəsində dayanmaq elə özü bir paraddır. Bizim parad səngərdə. Elə Zəngilanın azad olunması və əsgərlərimizin öz torpağını düşməndən azad etməsi də bir paraddır və biz də ruhən O paraddan keçdik.

Meydanda baş tutan o möhtəşəm Hərbi Parad mən deyərdim ki, Azərbaycanın, bizim yeni doğan ay ulduzlu, günəşimizdir. Mənim üçün bu parad illərlə itirdiyimiz şərəfin, ləyaqətin, özünü dərk etməyin bərpasıdır, Qürurdur. İnsanlarımızın özünə güvənidir. Bir sözlə, kimliyimizin qayıdış günüdür! Allah ordumuza güc versin. Şəhidlərimizin ruhu şad olsun! Bu gün şəhidlərin də ayağa durduğu gündür. Allah yaralı əsgərlərimizə şəfa versin. Onlar bizim qürurumuzdur. Allah Azərbaycanımızı qorusun, Ali Baş Komandana güc versin. Çox sevinirəm, çox qürurlanıram...

 

- İndi vəziyyət necədir Zəngilanda?

 

- Şükürlər olsun ki, sakitlikdir. Hazırda Zəngilan rayonunun müdafiəsindəyik. Düşmən bundan sonra bizim torpaqlara addımını ata bilməz, buna cürət etməməlidir. Düşmən tərəfindən hansısa bir əks hərəkət olarsa, igid əsgərlərimizlə istənilən həmlənin qarşısını almağa tam hazır vəziyyətdə dayanmışıq. Torpaqlarımızı uğurla işğaldan azad etməyimiz bizə daha da güc, ruh verib. Qalib olan, illərdir öz torpağının azdlığı məqsədi ilə yaşayan döyüşçü üçün bundan gözəl gün ola bilməz. Düşünürəm ki, bu hissi hər bir əsgər, hər bir vətənini sevən insan yaşayır. Amma əsgərin qələbə sevinci bambaşqadır.

 

- Qalib əsgər bu gün hansı hissləri yaşıyır, nə sözü var?

 

- Əlbəttə ki, böyük qürur hissi keçiririk. Bütün əsgərlər, hamı özü ilə qürur duyur. Bu, bizim vətən qarşısında, ana-bacılarımızın qarşısında namus, şərəf borcumuz idi. Allaha şükr edirəm ki, o borcumuzdan çıxdıq.

Hamımızın gözü aydın olsun. Analarımızın, bacılarımızın üzü gülsün. Biz əsl Azərbaycan əsgəri kimi ləyaqətlə vuruşduq və düşməni susdurduq. Ordumuz göstərdi ki, biz güclüyük və düşmənin başını əzməyə qadirik. Sağ olsun xalqımız, sağ olsun Ali Baş Komandan, daim ordunun yanında oldu. Xalqımız hərbiyə çox böyük mənəvi dəstək verdi. Bu vətən savaşında kiçikdən böyüyə qədər hamının ürəyi müharibədə döyüşən əsgərlə bir yerdə döyündü. Əsgərlərimiz də şir kimi döyüşdü, düşmən Azərbaycan əsgərinin yumruğunun zərbəsini gördü.

Cinayətkar, işğalçı erməni bundan sonra ağlını başına yığıb, mənim torpaqlarımda at oynatmağa qalxa bilməz. Əgər çaşıb yenidən hərbi təxribatlara əl atarsa, müzəffər ordunu - bizi qarşısında görəcək.

Əsgərlərimiz döyüşə-döyüşə kəndlərı, dağları, meşələri keçib gəliblər, yorulmayıblar. Bu gün də əsgərlərimizdə çox gözəl əhval-ruhyə var.

Böyük ruh yüksəkliyi ilə Vətənin müdafiəsində dayanıblar. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...