“Qarabağın mədəniyyəti və mənəvi sərvətləri” mövzusunda vebinar keçirilib
Bakı Ali Neft Məktəbi və Mədəniyyət Nazirliyi birgə “Qarabağın mədəniyyəti və mənəvi sərvətləri” mövzusunda vebinar keçirib.
“ZOOM” platforması üzərindən keçirilən vebinara 300 nəfərdən çox iştirakçı qatılıb.
Vebinarın əsas məruzəçiləri qismində Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, BANM-in Neft-Qaz Mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev çıxış ediblər.
Vebinarda illər sonra azadlığına qovuşmuş Qarabağın maddi-mədəni sərvətləri barədə tarixi faktlar, toplanmış materiallar əsasında müzakirələr aparılıb.
Vebinarı giriş sözü ilə açan Rektor Elmar Qasımov bildirib ki, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir:
“Arxeoloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixinin vətəni olduğunu göstərir. Elə həm də bu səbəbdəndir ki, Azərbaycan xalqına məxsus bu ulu diyarın tarixinə saxta yollarla sahiblənmək istəyən erməni terrorçularının illərlə terroruna məruz qalmışıq”.
Rektor bildirib ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada bütün məscidlər, abidələr, muzeylər dağıdılıb.
“Təkcə məscidlər, muzeylər deyil, qəbiristanlıqlar, türbələr, məbədlər Qafqaz Albaniyasına məxsus digər milli abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, kurqanlar hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Azıxda ermənilər tərəfindən bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq arxeoloji qazıntılar həyata keçirilib” - deyə rektor vurğulayıb.
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə isə bildirib ki, ilkin monitorinqlər zamanı işğalçılar tərəfindən dağıdılmış 180 mədəniyyət müəssisəsi ilə bağlı qeydlər aparılıb, habelə 71 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektə baxış keçirilib.
“Qarabağ ərazisində 706-sı dövlət qeydiyyatına alınmaqla 2600-dan çox tarixi abidə olub.
Araşdırmalara görə, 900-dən çox kitabxana dağıdılıb, 4,6 milyon kitab fondu oğurlanıb, məhv edilib. 22 muzey talanıb və dağıdılıb. Qarabağ ərazisində demək olar ki, hər şey dağıdılıb, bir qisminin isə mənşəyi dəyişdirilib. Bu beynəlxalq konvensiyalarla da ciddi ziddiyyət təşkil edir.
Qeyd etməliyəm ki, YUNESKO-nun 1954-cü il “Münaqişə zamanı Mədəni irsin qorunması”, 1970-ci il “Mədəni sərvətlərin qanunsuz daşınması” üzrə konvensiyalarına məhəl qoyulmayıb”, - deyə V.Eyvazzadə vurğulayıb.
Nazirliyin Aparat rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılan komendaturalar vasitəsi ilə hazırda Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdamda monitorinqlər aparıldığını qeyd edib:
“İlkin monitorinqlər nəticəsində müəyyən edilib ki, 200 müəssisə və 100-dən çox tarixi abidə mövcud deyil. Hazırda Şuşada da bu sahədə xüsusi qrup tərəfindən monitorinqlər həyata keçirilir. Bilirsiniz ki, tək Şuşada 500-dən çox memarlıq binası mövcud olub. İndi onların hazırkı vəziyyəti müəyənləşdirilir”.
Vasif Eyvazzadə həmçinin bildirib ki, 150-dən çox ölkəyə və aparıcı beynəlxalq təşkilatlara etiraz məktubları göndərilib.
Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev məruzəsində qeyd edib ki, öz zənginliyinə və unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olub və olacaq.
O bildirib ki, zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam, mədəniyyət, opera, teatr, sənət diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsrlik ənənələri var. Şuşa hər zaman Şərqin Konservatoriyası kimi qəbul edilib.
“Heç təsadüfi deyil ki, Erməni təcavüzkarları Azərbaycan musiqisinin inkişafında böyük xadimləri olan Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şair Xurşid Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq vəhşicəsinə güllələnib və ağır texnika vasitəsilə zədələnib”, - deyə F.Vəliyev bildirib.
F.Vəliyev vurğulayıb ki, Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi böyük təsir göstərib və belə olan halda qısa müddətdə Qarabağı yenidən mədəniyyət klasterinə çevirmək mümkün olacaq.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"