7-ci sinif şagirdindən Şəhidlə bağlı möhtəşəm yazı
Qəhrəman Şəhidlərimizdən biri də Səfərli Cavid Xaliq oğludur
SEVİNDİK NƏSİBOĞLU
/7-ci sinif şagirdi, Gənc İstedad, şair-publisist/
Bu Vətən Müharibəsi içimizdəki Zəfər duyğusunu ayağa qaldırdı və böyük Allahımızla birlikdə bizim yarımız-köməkçimiz oldu! Qazilərimizin yarasına məlhəm, Şəhidlərimizin Cənnət nuruna, bir də Azərbaycan bayrağına bürünmüş bədənini isə Zəfər ilə birlikdə qucdu! Bu Vətən Müharibəsi bizə çox şey öyrətdi, dostun-düşmənin kim olmasını tanıtdı! Təbii ki, həm də Vətən Müharibəsində iştirak edən minlərlə Qazimizin və 2783 Şəhidimizin sayəsində! Buna görə də Qazilərimizə və Şəhidlərimizə Azərbaycan kimi bir dünyamız boyda daim borcluyuq. Biz Şəhidlərimizi, Qazilərimizi hər an xatırlamalı, onları heç bir vaxt unutmamalı və onların hər birinin Qəhrəmanlıq Dastanını hər birimiz qəlbimizə qızıl hərflərlə yazmalıyıq!
Vətən uğrunda son damla qanına qədər igidliklə döyüşən və Vətəni əməlində də, sözündə də, nərliyində də, ərlik-ərənliyində də qoruyan Vətənin 2783 Şəhidindən biri, “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif edilmiş Şəhid Baş Leytenant Səfərli Cavid Xaliq oğlunun Qəhrəmanlıq Dastanından bəzi səhifələri yazmağı və bununla da Şəhidim qarşısında ödəyə bilməyəcəyim borcumun cüzi bir hissəsini yerinə yetirməyə çalışacağam! Bunun şəkillərindən mənə baxan, qəlbimi riqqətə gətirən Şəhidimin nurlu çöhrəsi qarşısında azacıq da olsa təsəlli tapmağıma vəsilə olacağına ümid edirəm.
Onu qeyd edim ki, bu gün səfil bir hala saldığımız və İti Qovan Kimi qovduğumuz düşmənin 3 günlük matəminin ilk günüdür. Təbii ki, düşmənin bu matəminə səbəb Qazilərimizin, Şəhidlərimizin, müzəffər Azərbaycan ordusunun, Ali Baş Komandanın və Azərbaycan xalqının Türk gücüdür! Həmin qəhrəman Şəhidlərimizdən biri də Səfərli Cavid Xaliq oğludur!
Şəhid Baş Leytenant Cavid Səfərli 1993-cü ilin 31 may tarixində İmişli rayonunun Əliqulular kəndində nəcib bir ailədə dünyaya göz açmışdır. Cavid Səfərli hər Türk övladı kimi dil açanda ilk dəfə “Ana”, “Ana Vətən” deyərək danışmağa başlayıb. Ana Vətən isə ona “Cavidim, vaxt gələcək, Sən düşməndən ən böyük qisası alanlardan biri olacaqsan, hələ böyü, övladım” deyib, doğulduğu gündən Şəhid olduğu anadək ona Ana kimi uğurlar arzulayıb. Cavid doğulduğu gündən Vətəninə sadiq bir övlad olub, onun qoynunda böyüyüb, Vətən uğrunda Şəhid olmaqdan çəkinməyib, əksinə düşmənini məhv etdikdən sonra özü şəhadətə doğru gedib və sevdiyi məqama ucalıb!
Yenicə ağlı kəsməyə başlayanda valideynləri, babaları, nənələri ona vətən, vətəndaşlıq, Ana vətən, Yurd, dost-düşmən, igidlik, mərdlik barədə öyrədib, Türkçülük, Türklük hissləri aşılayıb, Vətənə sadiqlik öyrədiblər. O, böyüklərin, valideynlərinin nəsihətləri, sevə-sevə dinlədiyi nağıllar və əfsanələr ilə tam Türk oğlu Türk olaraq böyüyüb, böyüdükcə Alpərtunqa Dastanının hər qəhrəmanı Şəhidimizə salam verib.
Artıq 1999-cu ildə Cavidin 6 yaşı tamam olur. O, Rəsul Məmmədov adına İmişli rayonu Əliqulular kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olur. Bundan sonra Qəhrəmanımız məktəbə, elmə, biliyin işığına sığınır və onun köməyindən istifadə edərək əsl ağıllı-kamallı, təhsilə maraq göstərən Türk övladı kimi yetişməyə başlayır. 2001-ci ildən Cavid orta təhsilini N.Şirinov adına İmişli şəhər 5 saylı tam orta məktəbində davam etdirir. Həmin vaxt 8 yaşında olan Şəhidimiz burada öz soyunu, kökünü, tarixini dərindən öyrənir. 5-ci sinifdən Azərbaycan tarixini öyrənərək ata-babalarımızın necə güclü, cəsarətli bir alpərən olduqları barədə öyrənən balaca Cavid həmişə öz soy-kökü ilə fəxr edir, qürurlanır. Sonrakı siniflərdə artıq biliyini daha da dərinləşdirən Cavid üzdəniraq düşmənlərin “parçala və hökmranlıq et” siyasəti ilə Azərbaycanı necə parçalamalarını da dərindən öyrənir və elə bil ki qəlbi dağlanır. Bundan sonra hər anında o, düşmənlərinə lənət oxuyur və nə vaxtsa düşməndən qisas almaq üçün öz üzərində ciddi-cəhdlə çalışmağa başlayır. Dərsliyinin vətənin düşmənlər tərəfindən zaman-zaman parçalanması barədə bəhs edən hər cümləsi onun sinəsini göynədir, qəlbinin tellərini sızladır. Ulu Nadir Şahlar yetirən torpağın bir anın içində bölünə-bölünə xanlıqlara ayrılmasını ürək yanğısı ilə O, oxuyur. Gecə-gündüz Şəhidimiz öz soy-kökünün, “Türk” sözünün, uca “Türk” sözünün taleyini araşdırır, biliklərə daha sıx sığınır. Hələ o, anadan olmamışdan bir əsrdə Azərbaycanın ikinci dəfə yenidən müstəqilliyinə qovuşmasına görə çox sevinən yetkin Cavid “şanlı” adıyla quduran qırmızı ordunun Türk azadlığına necə son qoymasını oxuduqca yumruğunu daha da bərk sıxır. Vətənimizin müqəddəs torpaqlarının, meşələrinin,dilbər guşələrinin, Zəngəzurun, İrəvanın verilməsi artıq onun səbir kasasını daşdırır. Və sonda ən yeni tarix... Qarabağın işğal olunması... Neçə il “dost” kimi tanıtdırılan qatı düşmənlərin, vampirlərin Türk nəvələrini əzib keçməsi, Türk yurdunun “erməni şəhəri” edilməsi... Uşaq vaxtı kadrlarına dəfələrlə baxdığı və hər dəfə də yumruğunu sıxa-sıxa dəmir etdiyi Xocalı soyqırımının, o dəhşətli müsibətin kadrları onun gözünün önündən getmir... Düşmənlər tərəfindən vəhşiliklə və ağılasığmaz qəddarlıqla qətlə yetirilmiş qocaların, qadın və uşaqların cəsədlərinin görüntüləri hər gün onun gözünün önündə canlandıqca gündüzü qaranlığa çevrilərdi Cavidin. Hər yatanda yuxusunda imdad diləyən uşaqların, qocaların, qadınların harayını görür, eşidirdi. Həmişə yuxusunda azadlıq, haqq-ədalət üçün əsirlik zəncirlərini qırmağa çalışan əsirlikdə olan neçə-neçə insanları, doğma yurd-yuvasına həsrət qalmış, “Vətən” deyə-deyə dünyasını dəyişmiş qaçqınların harayını, ah-zarını eşidirdi. Artıq yatsa da yuxu da görə bilmirdi Şəhidimiz. Ah-nalələr ona necə ana laylası ola bilərdi axı...?
Beləcə, illər keçir. İllər Qarabağ həsrəti ilə 1000 il, 1001 il kimi keçir... Külək kimi yox, qasırğa kimi, müsibət kimi keçir... Hər ötən gün Vətən, Qarabağ həsrəti ilə böyüyən yetkin Cavidə dar gəlir. Sanki, öz əlləri ilə Qarabağı düşmənə veribmiş kimi əzab çəkirdi Cavid. Axı torpaqlarımızın mənfur düşmənin murdar tapdağında olmasında onun heç bir günahı yox idi, onda niyə əzab çəkirdi? Yox, o, Qarabağı azad edə bilmədiyinə, onun azadlığına yaxın ola bilmədiyinə görə pis olurdu, əzab çəkirdi. Oxuduğu sinifdə ,bəlkə də, onun qədər Vətən dərdi çəkən yox idi. Tək amalı Azərbaycan bayrağını Qarabağ səmasında dalğalandırmaq, düşmənləri müqəddəs vətən torpağından birdəfəlik qovmaq idi Qəhrəmanımın! Bunun üçün öz canını da qurban edərdi... Canı qurban etmək...
Beləcə, bu düşüncələrlə Cavid rahatlıq tapmır və gələcək həyat yolunun müqəddəs qərarına gəlir: Vətən uğrunda son damla qana qədər döyüşmək və lazım olsa canını da qurban vermək üçün hərbçi olmaq! O, Türkçülüyü təbliğ edən və hər dəfə də yüksəldən sərkərdə, Azərbaycan zabiti olmaq qərarına gəlir!
Gənc ərənimiz 2007-ci ildə ən böyük arzularından birini gerçəkləşdirərək hərb məktəbinin qapılarını açır. O, sərkərdə əcdadlarımızdan olmuş Cəmşid Naxçıvanskinin adına olan hərbi liseyə daxil olur. Həmin vaxt onun sevincinin həddi-hüdudu yox idi. O, bunun üçün özünü xoşbəxtlərin xoşbəxti hesab edirdi. 2010-cu ildə bu liseyi müvəffəqiyyətlə bitirən Cavid artıq Ana Vətənini qucaraq deyirdi: “Hazır ol, Vətən! Oğlun Qarabağı azad etmək üçün sərkərdəlik məktəbini öyrənir! Sən bir Türk sərkərdəsinin də Anası olacaqsan!” Ana Vətən Onu sevə-sevə qucaqlamış və Ona yenə xeyir-dua verərək tutduğu bu şərəfli yolda uğurlar arzuladı.
Böyük həvəslə və şövqlə çalışan, oxuyan, gecəni gündüzünə qatan gənc Cavid 2010-cu ildə Xalqının Ulu sərkərdə babası olan Ulu Öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Cavid bu dəfə həm də Ulu Öndərinin ruhu qarşısında vətəninə olan sevgi andını içirdi. O, 10 il əvvəlki andını yenidən içirdisə, 10 il sonra isə vətəni və amalı yolunda Şəhadət Şərbətini içəcəkdi. O, bunu hiss edirdi. Canı ilə, qəlbi ilə hiss edirdi...
Hər dəfə döyüşün yeni-yeni sirlərini öyrənəndə, hərblə, cənglə bağlı məlumatlar oxuyanda Ulu əcdadlarını yada salırdı Cavid. O zaman əcdadlarına baxırdı. Əcdadları isə inamla gülümsəyirdi ki, Cavid ümidləri doğruldacaq, Xalqa nə vaxtsa möhtəşəm Qələbəni gətirənlərdən biri olacaq.
Mübariz İbrahimov şəhadətə qovuşarkən O, AAHM-də oxuyurdu. Bu zaman O, daha da qürurlanır, fəxr edirdi. Gənc Cavid sinəsini qabağa verir və yumruğunu sıxaraq deyirdi: “Qisasını alacağam, Mübariz qardaş! Sənə söz verirəm! Bu Xalqın və Sənin qisasını mənfur düşməndən biz gənclər alacağıq! Mütləq alacağıq!”. Geriyə durmaq onun şəninə yaraşmazdı. Cavid sözünü demişdisə, mütləq əməlində sübut edəcəkdi. Etdi də...
Əfsanələrdəki Simurq quşu kimi küllərindən doğan və Vətən üçün çırpınan Cavid 2014-cü ildə AAHM-i bitirir. Bu zaman Avqust hadisələri onun köksünü daha da qabardır. Bununla, O, vaxtının gəldiyini, Zəfərin yaxında olduğunu yəqinləşdirir və beynində dolanan tək fikri, dilinin tək cümləsini səsləndirir: “Vaxtı gəlir! Gəlməlidir!” O, Şəhidlərinə Allahdan bir daha Rəhmət diləyir və and içirdi ki, hamısının qisasını alacaq. Onun ən əsas qayələrindən biri bu idi. O, hər türk övladı kimi deyirdi: “Sizin qisasınızı almasam, qılıncım bədənimə göy girsin, qızıl çıxsın! Sizin qisasınızı almaq mənə borc olsun!”
Bunu hər yerdə deyirdi: hər ocaqda, evində, toyda-düyündə, yasda, hər yerdə deyirdi Cavid. Hətta bir vaxtlar televiziyada da demişdi. Belə ki 2014-cü ildə həmin vaxtlar fəaliyyət göstərən ANS telekanalı Onunla reportaj hazırlamışdı. Boylu-buxunlu, hərbçi paltarı ilə də, öz siması və əməli ilə də qürurlu görünən yaraşıqlı bir tələbə... O, həmin reportajda əlini ruhuna, qəlbinə sıxaraq canından, qanından gələn sözləri qan damlası kimi axıdaraq öz ruhundakıları deyirdi: “Vətənimi, Xalqımı son damla qanıma qədər qorumaq üçün 2007-ci ildə sənədlərimi orduya verdim. Allaha Şükür ki, 7 il oxudum, dözdüm, içimdəki Vətəni qorumaq hissi dözdü... Təbii ki, bu 7 ildə bu hiss mənimlə oldu, böyüdü...” AAHM-ni təzəcə bitirən Səfərli Cavid əsl Türk sərkərdəsi kimi bu sözləri demişdi... Bununla da özünü tam hazır etmişdi cəngə, hərbə...
Hələ hərbin sirlərini öyrənərkən gənc Cavid özünü qisas hissinə tam hazır edirdi... Dişini sona qədər Bozqurd kimi, Aslan kimi qıcayırdı ki, vaxtı gəlsin və düşməndən qisasını alsın... O, sosial şəbəkədə etdiyi paylaşımlardan birində öz dastanının ön sözünü özü belə yazmışdı:
“İnşəAllah qisasımızı alacağam... Hər gün içimdə daha çox böyüyür bu qisas hissi... Analarımızın-atalarımızın göz yaşlarına dözə bilmirəm artıq... O illərdə yaşamasam da, ancaq hər kadrlara baxanda ,sanki, yaşamış kimi oluram... Çünki onlar da bizim analarımız, bacılarımız və qardaşlarımızdır... Gör neçə insanların gözləri yaşlı qalıb... Hər gün də bu hal təkrar olur... Biz bu qanı yerdə qoymamalıyıq! Milli qeyrətimizi daima yaşatmalıyıq qəlbimizdə! Və bunu da gənc nəsillərimizə, uşaqlarımıza, qızlarımıza-oğullarımıza daima aşılamalıyıq! Qisas və milli qeyrət hissinin xalqımızın qəlbində ölməsinə imkan verməməliyik! Hər gün əzab çəkməliyik ki, torpağımızın altında biz uşaq olanda bizi qoruyan əmilərimiz-qardaşlarımız olub... Onlar bizə görə canlarını qurban veriblər, biz də o qanı yerdə qoymamaq üçün çalışmalıyıq! Tək bu gün 20 Yanvarı yadınıza salmayın, hər gün yadınızda, qəlbinizdə yaşamalıdır! Qarda, boranda, soyuqda yadınıza düşməlidir! Əsas da keçmişimizi unutmamalıyıq! Hər 20 Yanvar metrosuna düşəndə yadınıza düşməsin, hər gün olsun qəlbinizdə! Allah Rəhmət Etsin! Amin!”
Cavid o gün də hər vaxtkı kimi ürəyini sonuna qədər sıxmış, ruhunu kəlmələrə köçürtmüşdü. Lakin bununla da rahatlıq tapmırdı. Hər gün qisas hissi ilə alovlanırdı... Şəhidlərimizi yada salanda hər gün qisaslarının alınmadığına görə təəssüflənirdi... Hər gün tək sözü qisas idi... Hər gün tək sözü Türkün intiqamı idi! Hər gün tək sözü Qarabağ idi! Düşmənlərə qan uddurmaq üçün xilaskar simurq quşu kimi Qarabağa uçmaq istəyirdi Cavid... Ancaq vaxt yaxınlaşsa da, hələ tam məqam çatmamışdı... Vaxt nazlanırdı, gəlib çatmırdı, Cavid isə hər keçən gündə özünü qəfəsə salınmış quş, günahsız olaraq Şuşa həbsxanasına salınmış bir məhbus kimi hiss edirdi. Elə bil, həmin həbsxanada bir qəfəs də var idi. Bu qəfəsdə simurq quşu saxlanırdı. Həmin simurq quşu O idi! Küllərindən doğub Azad Şuşaya uçmaq istəyirdi! Qarabağı azad edib qisas almaq istəyirdi! Düşmənə ən böyük şilləni, Türkün şilləsini vurmaq istəyirdi! Hər gün, hər saat, hər an hərbçi dostlarına düşmənə qarşı qisas hissini aşılayırdı Cavid... Hər dəfə ulu əcdadlarının ruhunun, həm də sevimli ata babası olan Babalı kişinin gəncliyində qarış-qarış gəzdiyi, alaçıqlar qurduğu yaylaqların, buz bulaqların, yaşıl yamacların düşmən tapdağında qalmasından narahat olduğunu hiss edirdi Cavid...Fikirləşirdi ki, gözəlliyi ilə heyran edən həmin yaylaqların azad edilməsi xəbərini Babalı babaya çatdıraraq bu şad xəbərlə hətta babasından muştuluq da alacaqdı...
Dediyi kimi, hər il 20 Yanvar olanda Şəhidlərini yada salmırdı, bütün gün, hər an, hər dəqiqə Şəhidləri onun yaddaşında idi, onların xatirələrini beyninə, qəlbinə lehimləmişdi Cavid... Ruhu Şəhidlər Xiyabanında məskən salmışdı Onun... Qəhrəmanlıq Dastanının minlərlə səhifələrinin birində, 20 Yanvar Şəhidlərinin Şəhadətinin 25-ci ildönümündə əcdadı ulu Babək dədə kimi Qisas ruhu ilə böyüyən Cavid yazır ki:
“20 Yanvar 1990-cı il. Bu gün Azərbaycan xalqının matəm günü deyil, bu gün Xalqımızın öz Azadlığı uğrunda savaşdığı gündür... Çünki heç bir xalq, heç bir vətəndaş özünü könüllü olaraq tankın altına atmaz, güllənin qarşısına keçməz. Babəyin bir sözü var: “40 il boyunduruq altında yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdır!”. Məhz bu gün bizim Azad yaşamağımız 25 il bundan qabaq özünü Milləti üçün, xalqı üçün qurban verən İlham kimi oğullar, Salatın kimi qadınların sayəsindədir. Onlar bizim üçün öz həyatlarını qurban verdilər. Qorxmadılar! Öz qeyrətini və öz namusunu üstün tutaraq Şəhid oldular! Gənc nəslimizə, yəni, bizə örnək oldular... Allah hamısına Rəhmət Eləsin! Qəbirləri nurla dolsun!”
O, öldürülən, gülləbaran edilən uşaqların da qisasını alacağına söz vermişdi:
“Zamanın bütün yaraların dərmanı olduğu böyük bir yalandır. Zaman öldürülmüş bir uşağın yaralarını sağalda bilməz...”
Cavid 1 yanvar 2014-cü ildə sosial şəbəkələrdə bir yazı da paylaşmışdı. 1 yanvar 2014-cü il... Yeni İl bayramı... Ancaq onun üçün bu gün bayram deyildi. O, hamı kimi sevinmək əvəzinə Şəhidini paylaşmışdı... Şəhid dostu, qardaşından ayırmadığı sirdaşı Kənanı O, bu sözlərlə anmışdı:
“Bu bayram günündə bütün ailələr sevinir... Yalnız Oğul, Övlad dərdi çəkənlər bu bayram günündə oğlunun keçirdiyi bayramları yada salıb ağlayır... Dərdləri təzələnir... Ürəkləri paramparça olur... Allah Sənə Rəhmət Eləsin, Qardaşım! Həmişə yerin ürəklərimizdədir! Allah valideynlərinə səbir versin!”
Şəhidimiz Cavid Səfərli öz valideynlərinə, onu böyüdən, boya-başa çatdıran Anasına yüksək hörmət və sevgi ilə yanaşardı... Onu canından çox sevərdi... Hətta döyüşlər başlayandan əvvəllərdə O, Anasına deyərmiş ki, Sən hərbçi anasısan, hər an hər bir xəbərə hazır olmalısan...
“Sən üzülmə Ana, “Bəylik Kostyumu” geyinmək şərt deyil. Şəhidlik də oğluna yaraşar!..”
Əslində, Qəhrəmanım birmənalı bəy deyildi, çoxmənalı bəy idi... Xalqı qurtarmaq adı ilə öz künclərinə çəkilən ”bəy”lərdən deyildi, hər dəfə öndə olan, tək amalı Vətənin bir, bütöv olması və Qisasın alınması olan bəylərdən idi! O, əcdadı kimi Ərtoğrul bəy idi, Bamsı bəy idi, Osman bəy idi, Xətai idi, Babək idi, Cavanşir idi, Koroğlu idi, Qaçaq Nəbi idi! Onlardan ilham almış, onlardan güc almışdı. Onlardan yoğrulmuş, ağlı kəsəndən insanlığı öyrənmiş, insaniyyət mücəssəməsi olmuşdu! O, Vətəni hər zaman qorumuşdu, bunun üçün dünyaya gəlmişdi! Ona görə də Onun Anası da başda olmaqla bütün Şəhid Analarına səslənirəm, Başınızı dik tutun! Oğlunuz Sizin əyilməyiniz üçün Şəhid olmayıb! Oğlunuz Sizin ümidlərinizi doğrultdu! Əsl Türk sərkərdəsi, əsl Türk qəhrəmanı oldu! Türk sərkərdəsinin, Ərinin, Ərəninin, İgidinin Anası isə öz Qəhrəmanı, Şəhidi düşmən üzərinə gedəndə dayandığı kimi həmişə başını dik tutmalı, qədd-qamətini şah saxlamalıdır.
Artıq özünü əsl Azərbaycan Türkünün sərkərdəsi kimi hiss etməyə başlayan Cavid 2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil oldu və 2015-ci ildə oranı da müvəffəqiyyətlə bitirdi.
2016-cı ilə nə qalmışdı ki... Bir neçə gün... Artıq Cavid vaxtın daha da yaxınlaşdığını hiss edirdi. Özünü həmişəkindən daha da çox sevincli hiss edirdi. Bilirdi ki, bu ildə onu böyük uğurlar gözləyir... Bilirdi ki, bu ildə O, ən böyük arzusuna nəfəs qədər yaxın olacaq! Bilirdi ki, bu ildə Onun ruhundan neçə-neçə əcdad, ərən çıxacaq və qutlu, müqəddəs dualarla Onu əsl sərkərdə edəcək! O, bilirdi, bunlar ürəyinə dammışdı...
Və onun üçün artıq daha bir uğurun qazanılması vaxtı gəlmişdi! 2016-cı il ilə birgə Ona uğurlu tapşırıqlardan biri verilmişdi! O, həmin ildə Bakı şəhərində, Müşfiqabad qəsəbəsində yerləşən 4-cü ordu korpusu N saylı motoatıcı briqadasında bölük komandiri kimi fəaliyyətə başlamışdı! O, artıq özünü sərkərdə kimi hiss etmirdi, O, elə əsl Türk sərkərdəsinin özü idi! O, artıq hərbçi komandan idi! Onun mayası da, qayəsi də nur idi! O, bu nur qayəyə bir az da yaxın oldu! Böyük həvəslə işinə başladı!
Hər gününə görə Allaha Şükr edən Şəhidimiz duasında “Qisas” sözünü hər kəlmə sonunda təkrar edirdi. O, uca Allahdan istəyirdi ki, Qisas alsın! Şəhidlərin qisasını alsın, qocaların qisasını alsın, qadınların qisasını alsın, bir Vətənin, bir xalqın, bir dünyanın-Türk dünyasının iki əsrlik bir zaman içərisində olan qisasını alsın! Bu dünyanın haqq yarasını sarısın! Bir oğul kimi! Bir övlad kimi! Bir sərkərdə kimi bu Vətən, Torpaq, Haqq, Ədalət, Həqiqət köksündə mənfurların süngüsü ilə açılmış yaranı sarısın!
2016-cı ilin aprel ayı gəlib yetişdi! Artıq Cavidi çətinlərdən çətin, amma nurlardan da nurlu olan bir qayə, bir amal gözləyirdi! Ordumuz qudurğan düşmənə növbəti dərsi verməli idi!
Bu xəbəri ilk dəfə eşidən Cavid bunu valideynlərinə necə çatdıracağını düşünürdü. Lakin bir qədər vaxt keçdikdən sonra bu xəbəri deyəcəyini qərarlaşdırdı. Bilirdi ki, valideynləri bu xəbərə görə necə sevinəcəklər... və valideyn kimi narahat olacaqlar, əslində Cavidi narahat edənlərdən ən başlıcası da valideynlərinin, Babalı babasının ondan narahat olacaqları idi... ancaq nigaran da qalacaqdılar... Özü də çox nigaran qalacaqdılar...
Cavid Anasının üzündən öpərək ona çox təskinlik verərək bir az rahatlaşdırdı: “Sən axı sərkərdə anasısan, bundan düz 1000 illər əvvəl ulu sərkərdə Cavanşirin anası Cavahir xatun elçilərin hər bir xəbərini gözləyər, həm də səbrlə dözərmiş... Və oğlu üçün duasını əskik etməzmiş. Sən də duanı əskik etmə, Ana ... Şəhid olsam da, ağlama... Sağ ol, Ana! Çünki vətən yolunda Şəhidlik mənim Ulu yaradandan ən ülvi arzumdur, əgər oğlun ülvi arzusuna çatırsa, Sən ağlamalı yox, sevinməlisən!”
İstəkli balasından bu sözləri eşitdikdən sonra Ana gözündəki axmalı olan damla-damla yaşları axıtmadı... Axıda bilmədi... İstəmədi ki, oğlu ondan nigaran qalsın ... Bundan sonra yeni tariximizin Cavahir xatunu olan o Ana, Oğlu son damla qanını da axıtsa, dözəcəkdi... Oğlu ondan nigaran qalmasın deyə dözəcəkdi...
Sevincinin həddi-hüdudu olmayan Cavid içindəki nuru bütövləşdirərək ən müqəddəs dualarla, təkbirlərlə, sədalarla döyüşə atıldı!
“Zəfərə!!! Zəfərə igidlərim, Zəfərə!!!” deyən neçə-neçə əcdadların, ulu babaların nəvələri o vaxt yeni tarix yazır, torpaqları azad edirdilər! O 4 gündə Cavid ilə birgə neçə-neçə ərlər, igidlər, cəsurlar aslan kimi döyüşə atılaraq “ohanyan səddi”ni yarıb-keçdilər! Qəhrəmancasına son damla qanına kimi vuruşub Şəhidlik Zirvəsinə yüksələnlərimiz də oldu, cəng üçün, hərb üçün, Vətən üçün, Zəfər üçün, Qisas üçün canını fəda etməkdən çəkinməyən Qazi döyüşçülərimiz də oldu! Cavid Səfərli də həmin dördgünlük Şanlı döyüşlərdə var gücü ilə bütün qəhrəmanlığını və hünərini göstərdi! Döyüşlərdən-döyüşlərə atıldı! Döyüşdə neçə-neçə igid qəhrəmanlarımız ilə çiyin-çiyinə vuruşdu! Yenə üzündəki unudulmaz gülüşü ilə düşmənə ölüm güllələri yağdırırdı Şəhidimiz Cavid... Həmin döyüşlərdə Allah onu sona qədər qorudu və O, dördgünlük müharibənin Şanlı Döyüşçüsü olaraq izini yaddaşlarda qalıcı, daimi həkk etməyi bacardı! Azərbaycanın o vaxtlarda Zəfərə bir az da yaxın olması üçün neçə-neçə yüksək rütbəli zabitlər ilə birlikdə bəzi döyüşçüləri qardaşından, bəzi döyüşçüləri hətta, atasından belə ayırmayan mehriban hərbçi, Türk ərəni Cavid Səfərlinin də böyük rolu var idi!.. O, çox fəxr edirdi! Döyüşdən Zəfər ilə döndüyü üçün! Anasını, atasını çox sevindirmiş-bu yolda verdiyi sözündə durmuşdu. Anası onu döyüşlərdən sağ çıxartdığı üçün Allahına sonsuz Şükürlər edirdi! Anasının sevincinin həddi-hüdudu yox idi! Təbii ki, Cavidin də... Cavid qayəsinə yaxınlaşırdı... Bir çox Şəhidlərimizin qisasını o, artıq almışdı! Sırada Qarabağın qisasını, Vətənin qisasını tam almaq var idi!
Döyüşlərə atılmağın, düşmənin üzərinə qartal kimi şığımağın, torpaqlara azadlıq gətirməyin, QİSASI ALMAĞIN, ZƏFƏRİ ÇALMAĞIN VAXTI GƏLDİ!
Cavid döyüşlərə atılmazdan əvvəl anası ilə sağollaşdı... Sözlər bu anda deyilməyə aciz qaldı... Cavid bəlkə də, anasını son dəfə canlı-canlı görürdü... Ana gözündəki yaşları oğluna göstərməmək üçün var gücü ilə çalışırdı. Ancaq ürəyi parçalanırdı...Oğlumu bir də görə bilməyəcəyəm qorxusu ilə sağollaşırdı, bəlkə də, vidalaşırdı Oğlu ilə...
Hə, anacan, deyirəm, vaxtı gəldi də!.. – Cavid istəyirdi ki, Anasının üzü gülsün, amma edə bilmədi.
Hə, oğlum, vaxtı gəldi!..
Mən gedirəm, anacan... Arxaca baxıb ağlasan, Zəfər çala bilmərəm, Anam...
Yox, oğlum, heç ağlayaram... Heç istəyərəm ki, övladım məndən nigaran qalsın...? – Ana gülməyə çalışırdı ki, Oğlu ondan nigaran qalmasın. Amma bacarmırdı. Nə etsin, Ana ürəyidir axı...
Ana, indən belə Şəhid olsam da...
Oğlum...Allah qorusun... – Ana bu kəlməyə dözmədi.
Gözün arxada qalmasın... Mən gedirəm, Cavanşir kimi, Sən də uğurlar arzula, Cavahir xatun kimi... Mən həmişə Səni hərbçi anası kimi görmək istəmişəm, görmüşəm də... Hər şeyə hazır ol... Xəfif küləklə sovrulma... İnşəAllah qayıdaram...Hələ bi toy da edərik !– Lakin Cavid hər şeyə sonuncu dəfə baxırmış kimi baxıb seyr etdi... Elə Anasını da elə baxışlarla süzdü, lakin ona sezdirmədi...
Oğlum, əgər, dilim-ağzım tökülsün... bəs qayıtmasan?.. – Ana bu sualı vermək istəməzdi, amma özündən asılı olmadan bu sözləri dedi.
Qayıtmasam... Vətən sağ olsun!..Canım Vətənimə fəda olsun!
Qeyd edim ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində çətin təlimlərdən sonra Cavidə qısa müddətli məzuniyyət verilmiş, o, məzuniyyətini doğma İmişlidə elə doğmaları arasında keçirmiş, məzuniyyət başa çatdıqda isə hər kəslə görüşmüş, bir növü halallaşmışdır. Qəhrəmanımızın şəhid olacağının ona məlaikələr vasitəsi ilə agah olunduğu ondan bəlli olur ki, hətta şəhadətə qovuşmazdan təqribən ay yarım əvvəl o, əmisi Aqilin oğlu, hazırda Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi olan, babasının adını daşıyan Babalı ilə vidalaşarkən “ əmioğlu, mən müqəddəs bir yolçuluğa çıxıram, bu yolun şəhadət yolçuluğu da var, əgər mən şəhadətə qovuşsam, qardaşım Şahin sizlərə əmanətdir, ona əsl qardaşlıq edin, elə edin ki, mənim yoxluğumu hiss etməsin, yəni mən olmayanda sizlər həm də mən olmalısınız” demişdi.
Cavid ən pak duyğuları ilə sonuncu dəfə canlı-canlı Anasına baxdı... Ana öz Oğlunu qucdu, Ona uğurlar arzuladı və “Allah köməkçin, yar və yardımçın olsun!” deyib yola saldı qəhrəmanını, ciyərparasını...
Cavid bir baş leytenant kimi döyüş yoldaşları ilə birlikdə susadığı dirilik və ölməzlik suyunu böyük həvəs və istəklə içirdi... Yəni, döyüşlərə atılır, var gücü ilə qəhrəmancasına vuruşurdu!
27 sentyabr 2020-ci ildən başlayan “Dəmir yumruq” əməliyyatında hər dəfəsində olduğu kimi yumruğu hirsindən sıxmırdı, artıq həmin yumruğu Dəmir yumruq etmişdi Cavid! Dəmir yumruq ilə düşmənin başını əzir, bu yumruğu düşmənin qorxulu röyası edirdi!
Döyüşdə olanda onun əməliyyatlar zamanı çəkilmiş bir çox videoları, şəkilləri var idi. Sərkərdə Cavid özünü əsl Bozqurd kimi hiss edirdi, əslində də elə idi! Silahdan elə istifadə edirdi ki, baxanlar bundan məst olur, bu düşmənə sərt, sərkərdəlikdə mərd olan hərbçiyə uğurlar diləyirdilər!
Artıq Cavid hər döyüş əməliyyatlarında düşmənə olan nifrətini onların üzərinə döyüş meydanında boşaldır, qisas alırdı. Hər bir düşməni məhv edərkən elə bil ki, düşmənlər tərəfindən həmvətənlərinizə qarşı edilən qəddarlıqları görəndə qəlbində yaranmış yaraların üzərinə məlhəm sürülürdü və bundan köksündə, ruhunda ilahi bir rahatlıq hiss edirdi. O, arzuladığı döyüş meydanını, istədiyi Zəfəri görürdü və günbəgün bunu döyüşləri ilə qazanırdı!
Cavid Füzuli və Cəbrayıl şəhərləri, həmin rayonların qəsəbə və kəndləri, Xocavənd rayonunun yaşayış məntəqələri və Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə böyük müvəffəqiyyətlər qazanmış, qəhrəmanlıqlar göstərmiş, böyük sərkərdə kimi daim qəlbində sevə-sevə bəslədiyi, yaşatdığı Zəfəri çalmışdı!
Döyüş yoldaşları deyirdi ki, Cavidin başçılıq etdiyi 3 nəfərdən ibarət bölük döyüşlərin birində 23 nəfər erməni əsgərinin qarşısında mərdliklə dayanaraq vuruşurdu və həmin erməni əsgərləri 3 nəfərin qarşısında davam gətirə bilməyib tülkü kimi qaçırdı. Hey, aslanım, hey! Şəhid Baş Leytenant Cavid Səfərli belə igid olub, belə sərkərdə olub! Düşməni iti qovan kimi qovub! O da bir çox döyüş yoldaşları kimi mənfur düşməni ancaq qovub, çünki düşmənlər Cavid kimi igid Azərbaycan əsgərləri ilə üzbəüz döyüşə bilmir, qorxularından qaçırdılar!
Və sonda... Qubadlı uğrunda qızğın döyüşlər gedirdi! Qəhrəmanımı Qubadlıda ən şərəfli, ən müqəddəs ölüm gözləyirdi!
Qubadlıya qədər O, gülə-gülə, sevinə-sevinə addımlayırdı, qəm-qüssədən, kədərdən, yorğunluqdan tam uzaq idi. Elə bil, ruhu göylərdə idi. Elə bil, öz el-obalarında oğrun-oğrun izləyib sevib-seçdiyi, qəlbini ovlamış el gözəlinə anasının, valideynlərinin, əmi-dayılarının iştirakı, sevimli Babalı babasının ağsaqqallığı ilə nişan üzüyü taxmağa gedirdi. Düzdür, Şəhid dostlarına görə özünü bir az kədərli də hiss edirdi, bəlkə də bu Şəhidlik zirvəsinə onlardan gec getdiyinə, bəlkə də onların qisasını tam ala bilməyəcəyini hiss etdiyinə görə idi. Şəhidlərimizə yorulmadan rəhmət oxuyur, qazilərimizə Allahdan şəfa diləyirdi Cavid! O, bir yandan da anasından nigaran idi... Ancaq Qarabağda olduğundan, burada döyüşdüyündən və hər döyüşdən zəfərlə döndüyündən O, xoşbəxtlərin xoşbəxti kimi sayırdı özünü ...
Qubadlının azad edilməsi uğrunda döyüş tapşırıqları veriləndə Cavid çox şeylər haqqında fikirləşirdi... Qubadlıda neçə-neçə igidlər Şəhid olmuşdu... Həsən Qorxmaz, Əliyar Əliyev, Əfqan Hüseynov, Oleq Babak və digərləri... Bu qəhrəmanların adını, onların igidliklərini saymaqla bitməz ki... Az eşitməmişdi Əliyarın qəhrəmanlığını... Az eşitməmişdi Həsən Qorxmazın “Ağla, Qarabağım, ağla” ağılarını... İndi isə o ağıların üstündən xətt çəkmək üçün Qubadlınin işğaldan azad, onun səmasında dövr edən əcdad, ulular və şəhidlərin ruhlarını şad etmək məqamı gəlmişdi.. Bu şərəfli yol üçün təlimatlanmışdı Cavid və onun tabeçiliyində olan silahdaşları...
Qubadlını azad edib Ulu Ruhları şad edəcəkdilər... Cavid bu döyüş tapşırığını həll edərkən duyğuları bir-birinə qarışmışdı, lakin diqqəti mənfur düşməndə idi... Elə bil, hiss etmişdi ki, son günləri, son anları yaşayır, döyüşür... Vətənin azad edilmiş səmalarına sonuncu dəfə baxırmış kimi baxırdı... Elə bil, ürəyinə dammışdı ki, tezliklə Şəhid olacaq...
22 oktyabrda Onunla birlikdə bütün Azərbaycan xalqı, hamımız Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovu itirdik, yox, Onu Şəhidlik zirvəsinə, Haqqın dərgahına, müqəddəs bir yola yola saldıq... Cavid inana bilmirdi... Azərbaycan Milli Qəhrəmanını itirmişdi... Cavid buna səssiz qala bilməzdi... Ona görə də, içində qalan son qisas hissi ilə birdən düşmənin üstünə şığıdı.
Və bu bir gün tamam oldu... Baş Leytenant Cavid Səfərli bu bir günün necə yaxınlaşdığını hiss belə etmədi... Heç bir şey hiss etmədi... Bəlkə də, ən çox yara alan O idi... Bir ağrı belə hiss etmirdi...
Ondan kilometrlərlə uzaqda olan anası qəlbində ağrı, bir sızıltı hiss etdi. Onun da ürəyinə bu sızıltı ilə nə isə damdı... “Ay Allah, nə olar, düşündüyüm olmasın, balama qıyma, Ya rəbb” deyərək ürəyini rahatlaşdırmağa çalışdı...
Artıq gec idi... 23 oktyabr günü Baş Leytenant Cavid Səfərli yanındakı Şəhid nəşlərinə baxıb son sözlərini söylədi:
Allahım... Sənə Şükürlər olsun! Mən Şəhid oldum!.. Vətənin uğrunda Şəhidlik də gərək idi... Bu mənim nəsibim oldu...Mən də Şəhid oldum!.. Şükür olsun, Allahım! Zərrə qədər də ağrım-sızım yoxdur!.. Mən Qarabağ uğrunda, Vətən uğrunda Şəhid oldum!.. Vətən Sağ Olsun! Bu sözlərdən sonra o, qırıq-qırıq kəlmeyi-şəhadəti oxudu və...
23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə Baş Leytenant Cavid Səfərli qəhrəmancasına ən şərəfli ölümə nail olaraq Şəhidlik Zirvəsinə ucaldı! Biz o vaxt şirin-şirin yatarkən, O və əsgərləri bizim rahat olmağımız üçün yatdılar, lakin heç oyanmamaq üçün, əbədi yatıb, əbədiyyətə qovuşmaq üçün... Allah dərgahında yuxunuz şirin olsun, mənim Şəhidlərim. Körpə ana qucağında qayğısız mışıl-mışıl yatdığı kimi, Siz də azad etdiyiniz, Sizi sevə-sevə qoynuna almış Ana Vətən qucağında rahat uyuyasınız... Amin!
Cavid Səfərli Şəhid olsa da 17 noyabra qədər onun nəşi tapılmadı... İtkin olaraq axtarıldı. Anası, atası, əmiləri, dayıları, bütün əzizləri min ümidlə Onu axtardılar... Ancaq... Olmadı, Cavid Səfərli sağ tapılmadı...
Cavidin axtarışları davam edirdi. Axtarış zamanı əynində Cavid Səfərlinin isti gödəkçəsi olan bir şəhidimizin nəşi aşkar edildikdə doğmaları elə bildilər ki, bu Cavidin nəşidir. Lakin diqqətlə baxdıqda Cavid olmadığını müəyyənləşdirdilər. Döyüş yoldaşlarının deməsinə görə Cavid həddən artıq səmimi, xeyirxah, qayğıkeş sərkərdə olmuşdur. Qeyd olunanlardan belə qənaətə gəlmək olur ki, ilin payız fəslində, xüsusən də oktyabr ayında dağlıq ərazi olan Qubadlıda havalar ,əsasən də, gecələr soyuq olur. Çox güman ki, qayğıkeş sərkərdə öz əsgərinin üşüdüyünü hiss edib, polad bədənli olmasına baxmayaraq soyuq özünə də təsir etsə də belə əsgərinin üşüməsini onun qəlbi qəbul etməyib və o, öz isti komandir gödəkçəsini özü və gözü kimi qoruduğu döyüş yoldaşına, tabeçiliyində olan silahdaşına verib.
Axtarışlar davam etdirildi, Qəhrəmanımızın nura boyanmış nəşi Qubadlıda elə döyüşüb şəhadətə qovuşduğu döyüş mövqeyində tapıldı. Oradakı döyüş meydanının görüntülərindən məlum olub ki, Cavid və onun dəstəsi sayca olduqca çox olan düşmənlərə hücum edib, döyüşçüləri ilə birlikdə mərdliklə döyüşüb, özləri ilə götürdükləri bütün döyüş sursatlarından axıra qədər istifadə edib, sonda qəhrəmanlıqla şəhadətə qovuşublar.
17 noyabr 2020-ci ildə Cavidin nəşi dünyaya göz açdığı Əliqulular kənd qəbirstanlığında ulu babalarının uyuduğu torpağa tapşırıldı...
Mən fəxr edirəm ki, Azərbaycanın Cavid Səfərli kimi igid, qəhrəman, mərd, vətənpərvər oğlu olub... Mən Onunla birgə bütün Şəhidlərlə fəxr edirəm!.. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar! Bütün Şəhidlərimizin qisası alınıb, Allaha Şükür!
Biz Qubadlıya gedəcəyik və oranın hər qayasında, daşında, dağında, meşəsində, çayında, bulağında, cığırında Şəhid Baş Leytenant Cavid Səfərlinin izini görüb onu rəhmətlə anacağıq...Hamımız qocalıb bir gün bu dünyadan köç edəcəyik və bəlkə də nə vaxtsa unudulacağıq. Lakin Cavid və Cavid kimi şəhidlərimiz həmişə cavan qalacaq, onların Allah dərgahında olan Ruhları azad etdikləri Vətən torpaqlarının səmalarında dolaşaraq şad yaşayacaq və nəsilbənəsil Azərbaycan xalqı tərəfindən anılacaq, yaşadılacaq! Çünki Şəhidlər ölməzlər, Onlar Əbədiyyətə qovuşurlar!
Allah Bütün Şəhidlərimizə Rəhmət Etsin! Amin!
AZƏRBAYCAN DEDİLƏR.
ÖZ YÜRDÜNA HƏMİŞƏ,
HƏMİŞƏ CAN DEDİLƏR!
HEÇ UNUDULMAMALI,
HƏMİŞƏ YAD EDİLİB,
DAİM XATIRLANMALI!
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"