Vətən Müharibəsi başlayanda ilk döyüşə atılanlardan biri oldu
Şəhid Xəyal İman oğlu Şəkərov - 1998-ci ilin onuncu ayın, on birinci günündə Tovuzun Əsrik Cırdaxan kəndində anadan olub. 1941-45 ci il müharibəsinin əfsanəvi qəhrəmanı Məstan Əliyevin adını daşıyan Əsrik Cırdaxan kənd orta məktəbində oxuyub.
Xəyal hələ orta məktəbdə oxuyarkən intensiv şəkildə idmanla, həmçinin güləşlə, qaydasız döyüşlə məşğul olub. Müxtəlif idman yarışlarında iştirak edib, qaydasız döyüş üzrə respublika birincisi adına layiq görülüb.
Xəyal 2016-cı il oktyabrın 5-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin aprelində təxris olunan Xəyal, öz xəyallarının ardınca gedərək həmin ilin sentyabr-oktyabr aylarında gizirlik kursunu keçib. Həmin ilin noyabr ayında isə Ağdam rayonunda Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölməsində müddətdən artıq hərbi xidmətə başlayıb. 2019-cu ilin oktyabrından etibarən Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna göndərilib. 2020-ci ilin aprel ayında bu kursu da uğurla bitirən Xəyal, xidmətini yeni bilik və bacarıqlara Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.
28 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayınca, ilk döyüşə atılanlardan biri də Xəyal olub. Xəyal Cəbrayıl, Füzuli, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 13-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onu doğma Əsrik Cırdaxan Kənd qəbiristanlığında, nənə babasının yanında torpağa tapşırıblar.
Sənin və döyüş yoldaşlarının qanı ilə suvarılaraq azad edilən torpaqlar da, sənin və başqa şəhidlərimizin yatdığı torpaqlar da müqəddəsdir, əzizdir. 22 yaşında ən ali adı - Şəhid adını qazanmaq bir gənc ömür üçün ən gözəl aqibətdir və hər Şəhid qəbri torpağa vurulan əbədi möhürdür.
Şəhadətin mübarək Xəyal.
Gülmira Babayeva
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"