44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu da var.
Versus.Az xəbər verir ki, Sadiq Məmmədov 1981-ci ildə Qax şəhərində dünyaya göz açıb. Ailənin birinci övladı olan Sadiq məktəbdə oxuduğu dövrlərdə təlim-tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Dəfələrlə şahmat və idman yarışlarında birincilik əldə edib. Sadiq 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin akademiyanı leytenant rütbəsi ilə bitirib. Zabit kimi xidmətinə Salyan rayonunda N saylı hərbi hissədə başlayıb. Daha sonra bir neçə hərbi hissədə xidmətini davam etdirib. 22 illik xidməti dövründə nizam-intizamı, döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlarla mükafatlandırılıb, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.
2016-cı il Aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.
39 yaşlı Sadiq Məmmədov 26 oktyabr tarixində Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 2006-cı ildə ailə həyatı quran Sadiq Məmmədovun 2 oğul və 1 qız övladı ondan yadigar qalıb.
Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov Vətənə olan vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. /“Report”/