İki medalla təltif olunan top komandiri - FOTO
“Yaralansam da, gücümü toplayıb, döyüşə davam etdim”
2020-ci ilin ən yadda qalan və hər birimizi qürurlandıran hadisəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi oldu. Bu qürurlu tarixi bizə yaşadan isə Azərbaycan ordusunun qəhrəmanları oldu.
Onlardan biri də qazi çavuş Bəxtiyar Məmmədlidir. 44 günlük haqq savaşının iştirakçısı olan B.Məmmədli müharibənin ilk günlərindən ön cəbhədə olub.
Qazimiz bildirib ki, əsasən Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Əslən Sabirabad rayonundan olan qazimiz 13 ilə yaxındır həyatını hərbiyə həsr edib:
“Müharibədə iştirak etmək üçün can atırdım. İkinci Qarabağ Müharibəsində top komandiri kimi iştirak etmişəm. İlk olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdik. Verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirdik. Rayonun Kürdlər kəndində düşmənlə üzbəüz döyüşlərdə iştirak etmişəm. İki manqaya nəzarət etmişəm. Bilavasitə düşmənlə atışmalarda onlara layiqincə cavab vermişik.
Kürdlər kəndindən yuxarıda yerləşən Seyidəhmədli kəndində olan düşmən mövqelərini top atəşinə tutmuşuq. Bir sutka davam edən döyüşlərdə qalib olaraq onların mövqelərini aldıq. Düşmən geri çəkildi”.
B.Məmmədli deyir ki, döyüş zamanı beş nəfər hərbçimiz yaralandı:
“Yaralananlardan biri də mən idim. Partlayış nəticəsində bir qədər irəliyə yıxıldım və dizim daşa dəyərək ağır xəsarət aldı. Amma o an dayanmaq olmazdı. Artıq neçə ildir ön xətdəyəm, bu ağrılara öyrəşmişəm. Əsgərlərə dəstək olmaq lazım idi. Ağrıkəsici vurub, döyüşə davam etdim”.
“Ağsıya-ağsıya Xocavənd istiqamətində döyüşdüm”.
Qazi çavuşumuzun sözlərinə görə, döyüşlərdən sonra hospitala gətirilib:
“Yaralı halda Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdim. Orada da verilən döyüş tapşırıqlarına uyğun olaraq düşmən mövqelərini məhv etdik. Artıq noyabrın səkkizində ayağımda şiddətli ağrılar hiss edirdim. Ayın doqquzu hospitala müraciət etməli oldum. 10-da isə bəyanat imzalandı və düşmən torpaqlarımızdan çıxarıldı”.
Xatırladaq ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bəxtiyar Məmmədli “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. /Oxu.az/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"