İnstitut direktoru və müavini işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun rəhbər heyəti vəzifələrindən azad ediliblər.
Versus.Az xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib.
Belə ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.
Nəticədə, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
Həmçinin, akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib.
Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"