Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlandı
Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş Laçın rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlayıb.
Versus.az xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyev məlumat verib.
“Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub”, - o qeyd edib.
Çarxda Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən “Məlik Əjdər” türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan “Kar günbəz” türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.
Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim edib.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ videoçarxların hazırlanması nəzərdə tutulub.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"