Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ
"Azərbaycan Bayrağı" ordenli şəhid mayor Rahib Babayev
Babayev Rahib Bəxtiyar oğlu Murov zirvəsi alındıqdan sonra Kəlbəcər uğrunda gedən döyüşlərdə yaralı olmasına baxmayaraq sona kimi vuruşaraq, şəhidlik zirvəsinə yüksələn qəhrəmanımızdır.
Rahib Babayev iyunun 19-da Naxçıvan şəhəri Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini kənd məktəbində davam etdirərkən hərbiyə qarşı xüsusi marağı yaranıb. Bu səbəbdən də Naxçıvan şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi məktəbə (daha sonra Heydər Əliyevin adı verilib) daxil olub. Hərbi məktəbi uğurla bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə davam etdirib. bundan sonra Bakı şəhərində N saylı hərbi hissədə xidmətə başlayıb. Daha sonra digər hərbi hissələrdə xidmətini davam etdirən Rahib ən son Murovdağda qulluğa başlayıb.
Bir sıra vəzifələrdə çalışan Azərbaycan Ordusunun zabiti Murovdağdakı N saylı hərbi hissənin 1-ci tabor komandiri vəzifəsinə və mayor rütbəsinə kimi yüksəlib. O, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayan vaxt xidməti yeri Murovdağ başda olmaqla, bir neçə strateji yüksəkliklərin və postun alınmasında müstəsna rol oynayıb.
Şəhidin qohumları deyir ki, Rahibin rütbəsi mayor olsa da, həmişə əsgər kimi davranmağa çalışıb. Özünü əsgərlərinin yerinə qoyub.
35 yaşlı zabit Rahib Babayev xeyli yaralı yoldaşını döyüş bölgəsində çıxararaq, onların da həyatını xilas edib. Ailəli olub, 1 qızı, 2 oğlu var.
Mayor Rahib Babayev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, o, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Qarabağ Müharibəsində yüksək xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni və "Vətənə Xidmət" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"