Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...
Azərbaycanın bir dövlət kimi var olduğunu sübut edən, ölkəmizi dünyada qalib ölkə kimi tanıdan 44 günlük Vətən müharibəsi hərb tariximizin ən şanlı səhifəsinə çevrildi. Bu səhifəni dəmir yumruğa çevrilmiş Azərbaycan xalqı yazdı. Bu səhifəni döyüşlərin şiddətinə, açılan atəşlərin aramsızlığına, atılan mərmilərin havada toqquşmasına, XXI əsr hərb tarixinin möcüzəsi hesab olunan zərbə PUA-larından məharətli istifadəsinə, üzərinə yağan güllə yağışının ölçüyəgəlməz miqyasına baxmayaraq sıldırım qayalıqlarda Şəhid dostunu çiynində daşıyıb, ölümün gözünə dik baxaraq döyüşən əsgərin rəşadəti yazdı.
Hər biri bir tarixə çevrilən və bu günədək Şəhadəti məlum olan 2858 igidin rəşadəti...
Onların hər biri bizim uzun illər boyunca Vətənə uzaqdan baxıb hönkür-hönkür ağlamağımıza son qoyan üzümüzün gülüşünə çevrildi. Onlar bizim illərdir "sən o yerləri bizdən fərqli olaraq hər gün görürsən" - deyə həsəd apardığımız Günəş olub Vətənimizə işıq bəxş etdi. Və ən nəhayətdə onlar al-əlvan Vətən bağının həsrətlə yolunu gözlədiyi və sevərək qucaq açdığı Xarı bülbülə çevrilib əbədi olaraq torpağına qondu.
Vətən tarixi yazan 2855 qəhrəmandan biri də Nurlan Faiq oğlu Abdalovdur. Nurlan Abdalov 2000-ci ilin 12 iyununda Sumqayıt şəhərində doğulub və həmin şəhərdəki 14 nömrəli tam orta məktəbi bitirmişdir. Məktəbdə dərslərini yaxşı oxuyan Nurlan davranışı ilə də müəllimlərinin rəğbətini qazanmışdı.
Onun rəssamlıq bacarığı da var idi. Bayrağımızı çəkməyi daha çox sevirdi. Özü də hündürdə və dalğalı vəziyyətdə...
Məhz bayrağa olan sonsuz sevgisi sonralar onu hərbiçi olaraq, daim Vətən keşiyində duran bir əsgərə çevirir.
Sənət seçiminə böyük önəm verən Nurlan bərbərliyi də bacarırdı.
Lakin, onu hərbi forma və Vətən keşiyində durma daha çox özünə çəkirdi. Nurlan 2018-ci ildə Sumqayıt şəhər Hərbi Komissarlığı xətti ilə sürücülük kursunu bitirmişdir. Hərbi xidmətinə Ağcabədi rayonundakı N saylı hərbi hissədə başlayan Nurlan manqa komandiri və baş çavuş olaraq xidmətini bitirir. Xidmətdə olduğu dönəmdə komandanlıq tərəfindən dəfələrlə fəxri fərmanlar alır.
Nurlan Abdalov müəyyən vaxtdan sonra müddətdənartıq hərbi xidmət üçün yenidən ordu sıralarına qoşulur.
27 sentyabr 2020- ci ildə Ali Baş komandan İ.Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunması üçün ayağa qalxan igid oğullar vətən müharibəsinə qatılırlar.
Üzündən gülüş əksik olmayan Nurlan yüzlərlə vətən oğulları kimi döyüşlərdə mərdliklə iştirak etmiş və şücaətlə döyüşmüşdür.
Nurlan Abdalov Fizuli, Cəbrayıl, Zəngilan Xocavənd rayonlarının işğaldan azad olunmasında yaxından iştirak etmişdir. Döyüşlərin birində qolundan yaralanmasına baxmayaraq Nurlan səngərdən çıxmayaraq, döyüşü davam etdirmişdir .
Nurlan Abdalov 2020-ci il noyabrın 3- də Xocavənd uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir.
Nurlanın igidliyi ilə qürur duyan nənəsi Məsmə xanım:
"Nurlan hər cəhətdən cəsarətli idi. Mehriban, şirin dilli olan balamın hər zaman üzündən nur tökülərdi".
Nurlanın bacısı Nuranə xanım: "Nurlan mənim üçün hər şeydir. Qəhrəmanlar sırasında olduğu üçün qardaşımla qürur duyuram, fəxr edirəm."
"Biz bacı-qardaş olmaqdan əlavə eyni zamanda sirdaş olmuşuq" - deyən Nuranə xanım Nurlanın Şəhid olan günü gördüyü yuxusundan danışır:
- "Həmin gün yuxuda görmüşdüm ki, telefona Nurlanın yaralı olması xəbəri gəlir və gələn yazı 3 dəfə yazılaraq pozulur."
Nurlanın anası Səminə xanım: "Nurlan balacalıqdan da məni heç vaxt incitməzdi. Elə böyüdükdə də olduğu kimi qaldı".
Gözlərini bir nöqtəyə zilləyən Səminə xanım Nurlanın Şəhid olduğu gündən danışır: "Namaz qılırdım. Birdən - birə alnımı tər bürüdü. Əlimdən su damcılarının axa biləcəyi qədər olan bir tər...
Tərimi silib, namazımı bitirdim. Yoldaşım Faiq dəhlizdə qanıqara dayanmışdı. Nə baş verdiyini soruşduqda Nurlanın yaralandığını və Füzuliyə diaqnostika mərkəzinə çağrıldığını söylədi. Nurlanın bacarığına bələd olduğum üçün onun Şəhid olacağını heç cür ağlıma gətirmirdim".
Nurlanın atası Faiq bəy: "Nurlan mənim həm övladım, həm dostum, həm də qürur mənbəyimdir."
Döyüş yoldaşları da Nurlanın cəsurluğundan, döyüş taktikalarını məharətlə bilməsindən, hər zaman gülər üzündən ürək dolusu danışır.
Həsənzadə Xalid ( döyüş yoldaşı): "Nurlan bizi ruhdan düşməyə qoymazdı. Özü həmişə öndə gedər, sonra əsgərləri göndərərdi". Təkcə işdə deyil, həyatda da Nurlanın dostları çox idi və onu hər zaman böyük sevgi ilə xatırlayırlar.
Onlardan biri musiqiçi Murad Azərli:
"Nurlan döyüş vaxtı tez-tez zəng edərdi. O, zəng edəndə artıq bilirdim ki, mahnı oxumağımı istəyir. Gitaranı götürüb ən çox xoşladığı mahnını oxuyardım:
"Sil gözünün yaşın əsgər anası,
Dalınca qürurla baxır atası.
Necə gedir gəlir hamının balası,
Mən də bir zaman gələcəm səbr elə".
Bəli, sən gəldin, qəhrəmanım.. Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...
Azərbaycan Respublikasının Ali Baş Komandanı İ.Əliyevin sərəncamları ilə Nurlan Abdalov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin işğaldan azad olunması uğrunda" medalları ilə təltif olunub.
Mehriban Sadıqova
/Filoloq/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"