“Bu, təhsilə biznes təfəkkürlü yanaşmadır”
Mütəllim Rəhimli: “Təhsilin pullu olması istedadlı kasıb balalarının qarşısını kəsir”
“Təhsil naziri Emin Əmrullayevin təhsil haqqının təhsilin keyfiyyətinə təsirini indikator kimi götürməsi real qiymətləndirmə deyil. Aşağı təhsil haqqının daha çox insanın ali təhsil alması və yüksək ödənişin edilməsi keyfiyyətli təhsil verilməsi kimi başa düşülə bilməz. Bu, təhsilə biznes təfəkkürlü yanaşmadır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ədalət Partiyasının sədr müavini, Bakı Avrasiya Universitetinin müəllimi Mütəllim Rəhimli bildirib.
M.Rəhimli qeyd edib ki, keyfiyyətsiz mütəxəssislərin hazırlanmasını islahatlar prosesinin natamamlığında, düzgün tətbiq edilə bilməməsində, təhsilə rəhbərliyi ondan başı çıxmayanların həyata keçirməsində axtarmaq lazımdır:
“Ali təhsil alanların sayının artırılması məqsəd ola bilməz, bu bir vəzifədir. Əsas hədəf keyfiyyətli təhsilin verilməsi, müasir dünya ilə ayaqlaşan kadrların hazırlanmasıdır.
İndi qarşıda duran ən başlıca vəzifə isə dövlət müəssisələrində təhsil haqqının ləğv edilməsi olmalıdır. Bu, Konstitusiyaya da ziddir. Həmçinin təhsilin pullu olması istedadlı kasıb balalarının qarşısını kəsir. Cəmiyyət və dövlət üçün əlavə dəyəri həm də istedadı olub oxumağa pulu olmayanlar yarada bilər”.
M.Rəhimli qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri əldə etdikləri nailiyyətlərə görə keyfiyyətli təhsilə borcludurlar:
“Təhsil biznes deyil və ölkənin gələcək inkişafı, xalqın daha yaxşı yaşaması, iqtisadiyyatın dirçəlməsi, ölkələrarası rəqabətə davamlılıq və sair verilən təhsilin effektivliyindən asılıdır. Buna görə də, həmin ölkələr mütəxəssis hazırlığını dövlət hesabına həyata keçirirlər”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"