Ali təhsil müəssisələrinin rəqabətədavamlığı təmin olunmalıdır
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əsas istiqamətlərindən biri də rəqabətli insan kapitali və müasir innovasiyalar məkanıdır.
Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır:
- XXI əsrin tələblərinə uyğun təhsil;
- yaradıcı və innovativ cəmiyyət;
- vətəndaşların sağlam həyat tərzi.
XXI əsrin tələblərinə uyğun təhsil
Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.
Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.
Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.
İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.
Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
Yaradıcı və innovativ cəmiyyət
Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır.
Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s.) iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir. Nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırılmalıdır.
Vətəndaşların sağlam həyat tərzi
Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün mühümdür. Sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacaqdır. Müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.
Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"