"Bizim silahımız kamera və mikrofondur" - MÜSAHİBƏ

15:17 04-02-2021 | icon 450 | KİV
"Bizim silahımız kamera və mikrofondur" - MÜSAHİBƏ

"Bərdəyə atılan “Smerç” raketlərinin törətdiyi dəhşətlə müqayisəolunacaq heç nə görməmişəm"

 

44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan əsgərlərimiz, qazilərimiz böyük qəhrəmanlıq dastanı yazdılar. Müharibədə informasiya sahəsində mübarizə aparan jurnalistlərimiz də günün önəmli təbliğatçıları olaraq qabaq sırada dayandılar.

 

Versus.Az xəbər verir ki, İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov müsahibəsində müharibə və hərbi jurnalistika ilə bağlı bir çox məqamlara diqqət çəkib. Qeyd edək ki, 2002-ci ildən media sahəsində çalışan həmsöhbətim 2007-ci ildən Qarabağ bölgəsində hərbi jurnalist kimi fəaliyyət göstərib.  

 

- Şöhrət bəy, 44 günlük Vətən Müharibəsi başlayanda bir jurnalist olaraq hara ezam edildiniz və ilk təəssüratınız nə oldu?

 

 - Sentyabr 27-də başlayan döyüş əməliyyatlarının ilk günü Tərtər istiqamətində idik. Bura  Bakıdan iki media qrupunun gəldiyini biləndə cənub istiqamətinə - Füzuli-Cəbrayıl bölgəsinə getməyi qərara aldıq. İlk təəssüratım xalqımızın Ordumuza verdiyi dəstəyin möhtəşəmliyi oldu. Eləcə də ön xəttə yollanan hərbçilərdə ruh yüksəkliyini, döyüş həvəsini sezməmək mümkün deyildi. İlk gün olmasına baxmayaraq, Horadiz şəhərinə, Cocuq Mərcanlıya qədər gəlib hərbçilərimizə dəstək olmaq istəyən, hətta döyüşlərə qatılmaq istəyən yüzlərlə insanla rastlaşdıq. Yaralanan əsgərin əlini tələsik sarıtdırıb, “Mən döyüş yoldaşalrımı tək qoya bilmərəm”, – israrına şahid olduq.

 

 

- Hərbi çəkilişlərə gedən jurnalist olaraq nə dərəcədə hazırlıqlı idiniz?  “Mən o anı heç vaxt unutmaram”, - dediyiniz an hansı məqam idi?  Ən çox diqqətinizi çəkən hadisələr hansılardır?

 

- Bilirsiniz, mən özüm Birinci Qarabağ müharibəsində zabit kimi iştirak etmişəm, ehtiyatda olan kapitanam. İyirmi ildir ki, hərbi jurnalistikadayam. 2007-ci ildən İctimai Televizyanın Qarabağ müxbiriyəm. “Ekstemal jurnaslitika” ilə bağlı təlimlərdə mühazirələr oxumuşam.  2016-cı ilin Aprel döyüşləri vaxtı cəbhə xəttində çəkilişlər eləmişik. Yəni, hərbçi və ya jurnalist kimi bu və ya digər dərəcədə təsirli səhnələrdə  iştrakçı və şahid olmuşam. Cinayətkar, terrorçu Ermənistanın oktyabrın 27 və 28-də Bərdəyə atılan “Smerç” raketlərinin törətdiyi dəhşətlə müqayisə olunacaq heç nə görməmişəm. Maşınlarda yanmış insanlar, qızını qucaqlasa da mərmidən xilas ola bilməyən ata-bala, yaxınlarını axtaran qadın və uşaqların nalələri uzun müddət gözümün qabağından getməyib.

Elə həmin yerdə soydaşlarımzın “Son ana qədər ordumuzlayıq, evimiz dağılsa da, azad edilmiş ərazilərdəki Müqəddəs Bayrağımızın kölgəsində yaşayacağıq” sözlərini də unuda bilmirəm. 44 gün boyunca diqqətimi çəkən məsələ xalqımızın bütün müddət ərzində orduya inamının və sevgisinin hər gün artması idi.

 

- Erməni vəhşiliyini görən bir jurnalist olaraq  heç düşündünüzmü ki, heyf ki, silahım yoxdur?

 

- Xeyr, bilirdim ki, Azərbaycan Ordusu bu şərəfsiz terrorçuların cavabını artıqlaması ilə verir. Məsələn, Bərdə terrorundan, demək olar ki, həmən sonra düşmənin Bərdəni raket atəşinə məruz qoyan raket komplekslərinin ordumuz tərəfindən darmadağın edilməsinin görüntüləri yayıldı. Bir də ki, bizim silahımız kamera və mikrofondur. Çalışdıq ki, informasiya cəbhəsində bacardığımızı eləyək.

 

- Müharibədə hərbi jurnaistika ilə bağlı hansı boşluqları müşahidə etdiniz?

 

- 44 günlük savaşda Müdafə Nazirliyi yalnız öz xüsusi qruplarını azad edilmiş ərazilərə ezam edirdi. Yerli media, hətta xarici media orqanlarından xeyli sonra həmin ərazilərə buraxılırdı. Baxmayaraq ki, məsuliyyət və təcrübə baxımından geridə qalmayan onlarca əməkdaşımız var idi.

Bəzi media nümayəndələri xüsusi treninq və kurslar keçmədən, hətta hərbi xidmətlə bağlı elementar anlayışları bilmədən cəbhə xəttinə buraxılmışdılar. Buna görə də canlı efirdə düşmən mərmisinin düşdüyü yerin ümumi görünüşünün göstərilməsi və yaxud nəyin yaxınlığına düşdüyünün deyilməsi kimi informasiya təhlükəsizliyini pozan məlumatlar verildi.  

Ermənistan mediasının dezinformasiyaların qarşısını almaq üçün daha sistemli addımlar atılmaqda bəzən gecikmələr olurdu.  

 

- Bəzən bu müharibədə “Xarici jurnalistlər daha operativ idi” sözlərini, yəqin ki, siz də eşitdiniz? Bunu nə ilə izah edərdiniz, bizim jurnalistlər nədə geridə qalırıdı?

 

- Bu haqda fikirlərimi yuxarıda ümumi şəkildə bildirdim. Bir daha vurğulayıram ki, Müdafiə Nazırliyinin bəzən hansısa xarici media orqanına “yaşıl”, bizə isə “qırmızı” işıq yandırmasını təəssüflə qarşılayırdıq. Baxmayaraq ki, həmin xarici jurnalistlərin  azad edilmiş ərazilərdə doğru olmayan kadrları olurdu.  Ola bilsin ki, cəbhə xəttində çox media nümayəndəsi var idi, lakin onların arasından azsaylı peşəkar qruplar seçmək mümkün, hətta zəruri idi.

 

- Deməli, jurnalistin irəli getməsinə icazə verilmirdi və bu da o deməkdir k, qızğın döyüş səhnələrini çəkə bilməmisiniz. Buna görə təəssüf edirsiniz? 

 

- Əlbəttə, təəssüf edirəm. Əsasən, ordumuzun qarşı tərəfə artilleriya atışlarını, yaşayış məntəqlərimizin atəş altında saxlanılmasını, Ermənistanın mülki əhaliyə qarşı terrorunun ağır nəticələrini, ordu-xalq birliyini və təbii ki, icazə veriləndə azad edilmiş əraziləri çəkə bilirdik. Buna görə də məğlub olan Ermənistanın əlində döyüş çəkilişləri daha çoxdur.

 

 

- Müharibədə jurnalistin bir mülki şəxs kimi təhlükəsizliyinin qorunması özünün öhdəsinə düşürdü.  O zaman Azərbaycan hərbi jurnalisti necə davranmalı, özünü necə qorumalı idi? 

 

- Cəbhə bölgəsinə ezamiyyətlərinin qəfil olması nəticəsində bölgəyə gələn media nümayəndələri, yumşaq desək, “hərbi rejim” haqqında azməlumatlı idilər. Doğrudur, onların əksəriyyəti tez adaptasiya oluna bildi. Yaralanma riskini nəzərə almadıqlarına görə, ilkin tibbi yardım biliklərindən xəbərsiz idilər. Mərmi təhlükəsi  və digər riskli hallarda davranış qaydalarını da bilmirdilər. Riskli bölgədə fəaliyyət göstərən jurnalistlərin həyat sığortası yox idi. Düzdür, döyüşün ilk günlərindən media nümayəndələrimzin xüsusi gödəkcə və dəbilqələrlə təminatı həyata keçirilirdi. Beynəlxalq hüquqa məhəl qoymayan erməni terrorçuları “PRESS” xəbərdarlığına baxmayaraq, yerli və xarici media nümayəndələrini bilərəkdən atəş altında saxlamağa çalışırdı və saxladı da.

Bundan nəticə çıxarmalı, müvafiq kurslar təşkil edilməli, yerli və xarici təcrübə öyrədilməlidir.

 

- Deyə bilərikmi ki, bizdə də hərbi jurnalistikanın formalaşmasına start verildi, yaxud formalaşdı?

 

- Məncə, belə deyə bilərik: bu sahədə reallıqlar ortaya çıxdı. Bu reallıqlardan dərs alıb, hərbi jurnalistikanın formalaşmasına təkan verməliyik. Yəqin ki, yeni yaradılan Medianın İnkişafı Agentliyi aktuallığı nəzərə alıb, bu məsələni diqqətdə saxlayacaqdır.

 

 

- Hərbi döyüş yolu keçən jurnalist kimi, bu müharibənin növbəti mərhələsində aparacağımız mübarizənin gələcəyi ilə bağlı hansı düşüncələriniz var? 

 

- Deyirlər ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Ermənistan tərəfinin müharibə ritorikası, əslində, münaqişə ocağının nə vaxtsa alovlana biləcəyinin  mövcudluğudur. Ermənistanın özünə gəlməsinə, ən azından, xeyli vaxt lazım olacağı qənaətindəyəm. Bununla belə, nə qədər ki, “erməni xəstəliyi”, “erməni faşızmi” ideologiyasından ayrılmayacaqlar,  Ermənistan həm Qafqaz, həm də bütün dünya üçün təhlükə mənbəyi olaraq qalacaq.

Havadarlarının köməkliyi ilə 28 il müddətində torpaqlarımızı işğal edən Ermənistanın 44 gündə bu əraziləri təhvil verməyə məcbur olduğunu unutmamalıyıq. Müharibədə qoyub-qaçdığı texnikalar, sursatlar, 10 mindən çox fərari sayı ilə erməni ilanının zəhər dişi sınıb. Sadəcə, ehtiyatlı və diqqətli olmalı, ərazi bütövlüyümüzün bərpasının təhlükə altında qalmasına imkan verməməliyik.

 

- Ordumuz qələbə çaldı, amma 44 günlük müharibənin ağır fəsadları qalır və aradan qaldırılmalıdır. Azad olunmuş ərazilərimizdən təəssüratlarınız necədir?

 

- Cəbrayılda, Ağdamda, Füzulidə, Zəngilanda və Qubadlıda bir neçə yaşayış məntəqəsini çıxmaq şərti ilə hər şeyi darmadağın ediblər. Bilirdilər ki, müvəqqətidirlər. Birinci dəfə görəndə insanın qəlbini dərin hüzn bürüyür. Sonra  tezliklə buraların abadlaşacağını düşünüb təskinlik tapırsan.

Qarabağ üzüyünün brilyant qaşı olan Hadruta və mədəniyyət beşiyimiz Şuşaya səfər isə insanın ruhuna dinclik verir.  Necə xoşdur təkrarlamaq: “Qarabaq Azərbaycandır!” və “Əziz Şuşa, biz qayıtdıq...”. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Jurnalistlərə psixoloji təlim keçirilib

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır