"Jurnalistlərimizin bir kəsri – əllərində silah olmaması idi" - MÜSAHİBƏ

16:08 09-02-2021 | icon 548 | KİV
"Jurnalistlərimizin bir kəsri – əllərində silah olmaması idi" - MÜSAHİBƏ

Vüsal Qurbanov: "Bədəninin bir parçası 200 metr aralıdan tapılan cəsədlər var idi"

 

Vətən Müharibəsi ərəfəsində Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında iştirak edən media mənsublarımızın da böyük rolu və əməyi oldu. 44 günlük Qarabağ savaşında öz kameraları ilə bir döyüşçüyə çevrilən jurnalistlərimizin baxış bucağında o günlərin dəhşətləri tamamilə başqa mənzərəni təqdim edir.

 

Vətən Müharibəsində döyüş bölgələrində yaxından iştirak edən xüsusi müxbirlərdən biri də ATV-nin jurnalisti Vüsal Qurbanovdur.  

 

- Vüsal, II Qarabağ savaşında qaynar nöqtələrə gedən jurnalist kimi ilk təəssüratlarını bizimlə də bölüş...

 

 - Mən, əslində, idman jurnalistiyəm. Zəngilan rayonundanam. Yurd-yuvasından didərgin düşənlərdən biri də bizim ailədir. İkinci Qarabağ müharibəsi başlayanda rəhbərliyə müraciətlə xahiş elədim ki, çəkilişlər aparmaq üçün məni də cəbhə bölgəsinə göndərsinlər. İnanırdım, bilirdim ki, bu dəfə torpaqlarımızı qaytaracağıq. İstəyirdim ki, bu qələbədən sonra Zəngilana ayağımı basanda, o haqqı  özümdə hiss edim. Vətən qarşısında gücüm, əlim nəyə çatırsa, o xidməti etməyə çalışırdım. Sağ olsunlar, mənə belə bir şəraiti yaratdılar. Təyinata əsasən Gəncəyə getməliydim. Səhər yola düşməliydik. Gecə saatlarında saytlardan oxudum ki, ermənilər Gəncəni vurub. Gəncəyə yollandıq. Şəhərə çatanda bizi orada dəhşətli mənzərə qarşıladı. Raket zərbəsinin dağıntılarını, həlak olan körpələrin, qadınların, qocaların ağrısını, acısını qəlbimizlə hiss elədik. Erməni vandallarının Gəncəyə atdığı raket neçə-neçə insanımızın həyatına son qoymuşdu. O günlər mülki insanların yaşadığı ağır vəziyyəti, ağrılarını görmək dəhşətli idi. Bütün bunlara baxmayaraq gəncəlilər düşmənin bu mənfur hücumlarından qorxmurdular. Doğmalarını dağıntılar altından çıxaran Gəncə sakinləri ordumuzun gücünə, qələbəyə inandıqlarını deyirdilər. Onların dilindən eşitdiyim, “Təki Vətən sağ olsun” sözləri bir döyüşçü əzminin təkrarı idi. Bu sözləri deyəndə çox səmimi idilər. Qürurla dayanırdılar, deyirdilər ki, biz bu qətliamın qisasını alacağıq və döyüşdə qalib gələcəyik...

 

- Söylədin ki, idman jurnalistisən. Əslində, cəbhə bölgəsinə gedən çox  jurnalistimiz hərbi sahə üzrə ixtisaslaşmamışdı. Bir idman jurnalisti olaraq nə dərəcədə cəbhəyə hazır idin?

 

- Sizin də dediyiniz kimi, döyüş bölgələrinə gedən jurnalistlərin heç biri hərbi jurnalistika ixtisasına yiyələnməmişdi. Mənim də həmin vaxta qədər hərbi jurnalist kimi təcrübəm yox idi.  Sadəcə, getmişdim və bilirdim ki, maksimum dərəcədə əlimdən gələni etməliyəm.  Düşünürdüm ki, həm bizim uğurları, həm düşmənin hərbi cinayətlərini, vandallığını dünyaya  çatdıra bilərəm.  Gəncədə birinci partlayış gecə olmuşdu, biz isə ora günorta gedib çatdıq. Sonra oradan Goranboya yola düşdük.  Tapqaraqoyunluda, Ağcakəndə, Ballıqayada olduq.  İkinci raket atılanda oktyabrın 17-si idi. Gecə çox möhkəm səs gəldi. Bizim votsap qrupunda yazdılar ki, Gəncəyə yenə raket atdılar.  Təzədən gecə ikən qayıtdıq Gəncəyə.  O dəhşəti sadəcə görmək lazımdır. 

İnsanlar var idi, bədəninin bir parçasını 200 metr aralıdan tapırdılar. Bu cür səhnələr, yəqin ki, heç vaxt ağlımdan çıxamayacaq.  Düzdür, təcrübəm yox idi, amma nəsə etməliydim.

 

- Müharibədə iştirak edən bir jurnalist kimi hansı təcrübəni qazanmış oldun?

 

 - Əlbəttə, müharibəni yaxından görmək, bir növ, orada iştirak eləmək – özü bir  təcrübədir. Allah bir daha xalqımızın, dövlətimizin başına belə müsibətlər, müharibələr gətirməsin. Olacağı təqdirdə onu qorumaq borcumuzdur. Bilirəm ki,  əgər yenə müharibə olarsa, cəbhəyə gedəcəyəm və bundan da artığını eləməyə çalışacağam.

 

"Jurnalistlərimizin bir kəsri – əllərində silah olmaması idi"

 

- Müharibə başlayanda, təbii ki, bütün Azərbaycan, eləcə də jurnalistlərimiz ayaqüstündə idi. Sizcə, jurnalistlərimiz  müharibəyə  nə dərəcədə hazırlıqlı idi?

 

- Atəşkəslə bağlı bəyannamə imzalansa da,  hesab edirəm ki, ölkəmiz yenə də hərb şəraitindədir.  Ona görə də məncə, televiziyalarda  bu yöndə proqramlar hazırlanmalıdır.  Söhbət hərbi verilişdən yox, jurnalistlərin hazırlanmasından gedir. İstənilən jurnalist hərbi nöqteyi-nəzərdən hər bir şeyə hazırlıqlı olmalıdır. Xarici jurnalistlərin müharibələrdə iştirak edərkən necə qaynar nöqtələrə gedib reportajlar hazırladıqlarını görürük.  Onlar illərlə bu sahədə təcrübə toplayıblar. Bu müharibə bizə də müəyyən təcrübə qazandırdı. Ona görə də jurnalistlərə hərbi qaydalar üzrə təlimlər, seminarlar keçirilməlidir.  Dediyim kimi, hələ müharibə bitməyib və televiziyalarda jurnalistlərin hazırlığı baxımından verilişlər olmalıdır.  Şərt deyil ki,  bu hər televiziyada olsun. Ümumi bir ortaq proqram yaradıla bilər və orada jurnalistlərə seminarlar, treninqlər keçirilə bilər.  Döyüş bölgəsinə gedərkən birinci növbədə nə etmək lazımdır, hər ekstremal situasiyaya necə yanaşmaq lazımdır...   Həm də ona özünün təhlükəsizliyini necə qorumalı olduğu öyrədilməlidir.  

 

- Vüsal bəy, mülki əhalinin raket zərbələri ilə necə qətlə yetirildiyini gördün. Erməni vəhşiliyini həm də bir zəngilanlı məcburi köçkün olaraq necə qarşılayırdın?

 

- Mən 5-6 yaşlarım olanda ermənilərin atdığı ağır artilleriya silahlarının evimizin üstündən necə keçdiyini görmüşəm. Az yaşım olsa da, o silahların qrad, top, yoxsa alazandan atıldığını səslərindən bilirdim.  Döyüş bölgəsinə ezam olunanda, müəyyən mənada içimdə ona hazırlıq var idi.  Təbii ki, düşmənin  gülləsindən, bombasından qorxmurdum. Bəzi mənəvi çətinliklər var idi ki, dözə bilmirdim.  Bir hadisə yadımdan heç çıxmayacaq. İkinci rakət zərbəsindən sonra, Gəncədə olanda gecəvaxtı dağıntılar arasında uşaq əmziyi tapdım, içində ilıq su var idi. Bu mənə çox təsir elədi. Görünür ki, ana gecə körpəsini sakitləşdirmək üçün durub ona nəsə hazırlamışdı...  Elə mənzərələr var idi ki, çox dəhşətli idi, insanı çox yaralayırdı. Bir-iki dəfə canlı bağlantı zamanı kövrəlmişəm, elə onlardan biri də o əmziyi tapdığım vaxt idi.  Bunları görmək çox çətin, ağrılı idi... Gördüyüm bu dəhşətli mənzərə mənə çox böyük mənəvi sarsıntı yaşatdı. O insanların ağrılarını  qəhərlənmədən izləmək olmurdu.  

 

 

- Cəbhə bölgəsində heç öndə əsgərlərin yanında oldunmu?

 

- Əsgərlərin yanında olmadım. Müharibə başlayandan, təxminən, 10 gün sonra cəbhə xəttinə getdim.  O vaxt doğru bir qərar verilmişdi ki, əsgərlərin yerləşdiyi mövqelərdə çəkilişlər aparmaq olmaz. Həm hərbi, həm də bizim təhlükəsizliyimiz baxımından bizi sırf döyüşlərin getdiyi ərazilərə buraxmırdılar. Döyüş gedən ərazilərdən, təxminən, 5-10 kilometr aralı məsaflərdə çəkilişlər aparırdıq.  

 

- Həmin ərəfələrdə xarici medianın verdiyi məlumatlar daha çox operativ hesab olundu və onlardan danışıldı. Belə qeyd olundu ki, jurnalistin bu sahədə peşəkarlığını artırmaq üçün bizim də jurnalistləri döyüş bölgəsinə buraxmaq lazımdır.

 

- Bütün hallarda bizim də jurnalsitlərdən danışmağa dəyər. Onlar da düşmənin atdığı mərmi zərbələrindən zərər görə bilərdilər.  Mərmi onların da üstünə düşə bilərdi. Erməni hərbçiləri heç bir müharibə qaydalarına əməl etmirdi. Hara gəldi atırdılar. Biz bu vəhşiliyi Gəncədə, Bərdədə, Tərtərdə gördük. Bu baxımdan,  jurnalistlərə cəbhədə iştirak etməsi üçün cəsarət, ürək lazım idi. Düşünürəm, bizim də jurnalistlərimizdən danışmağa dəyər. Jurnalistlərin bir kəsri o idi ki, əllərində silahları yox idi.

 

- Müharibəyə gedən jurnalist də ölümlə üz-üzə idi. Cəbhəyə getməyinizi ailə üzvləriniz necə qarşıladı?

 

 - Əlbəttə, ailədə nigaran idilər.  Mən, təxminən, 10-15 gün döyüş bölgəsinddə qaldım, sonra 2 günlük evə gəlib sonra qayıtdım. Ailə üzvlərinin narahatlığını gördüm. Əlbəttə, uşaq, ailə üzvləri heç kəs istəməz ki, onun doğması müharibədə olsun. Vətən hər şeydən öndədir. Vətən Anadır, namusduir, qeyrətdir. Onu qorumağa gedən insanın qarşısını heç kəs, heç nə kəsə bilməz.

Bu müharibənin ağrı-acısı ilə yanaşı, orada çox gözəl duyğular yaşadım.  Qələbənin elan edildiyi günün sevincini heç nə ilə əvəz etmək olmaz. Goranboyda, Gəncədə, Tərtərdə,   bütün Aərbaycanda yaşanan qələbə sevincini jurnalsit, həm də bir vətəndaş kimi bütün insanlarımızla bərabər yaşadım.

 

- “Zəngilanın qisasını aldıq” deyiləndə, hansı hisslər keçirdin?

 

- Həmin vaxt Türkiyənin Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ermənilərin atdığı raket zərbəsi nəticəsində baş verən dağıntıları müşahidə etmək üçün Gəncəyə səfər etmişdi. Həmin səfərdə rəsmi nümayəndələr Gəncə İmamzadəsini ziyarətə getdilər. Biz də onlarla getdik. Həmin ərəfədə Prezidentin müraciəti var idi, ona telefonda qulaq asırdım.  Oradakı insanlar həmin müraciətə baxarkən mənim qeyri-ixtiyari necə sevinc hissi ilə qışqırdığımı, hansı həyəcanı yaşadığımı gördülər. Zəngilan düşməndən azad olunmuşdu. Təxminən, 4-5 dəqiqədən sonra  ATV mənimlə canlı bağlantı elədi. Əlbəttə ki, çox sevincli idim. Həmin məqamlarda  Zəngilandan qaçqın düşdüyümüz o dəhşətlər yadıma düşdü. O vaxt ermənilər bütün yolları bağlamışdılar, camaat xilas olmaq üçün özünü Araz çayına atırdı. Araz çayı neçə körpəni  anasının qucağından alıb apardı. Torpaqların bu qisasının alınması böyük duyğu, şərəf hissi idi. ATV-yə təşəkkür edirəm ki, həmin vaxt mənimlə canlı bağlantı edib hisslərimi bölüşdülər.

 

 

- Vüsal, torpaqlar işğaldan azad olunandan sonra hansı ərazilərdə oldunuz?

 

- Torpaqlarımız iğaldan azad olunandan sonra Cəbrayılda, Füzulidə, Zəngilanda və Qubadlıda olmuşam.  Füzulidə, Cəbrayılda olanda hələ mühribə qurtarmamışdı. O yerlərə gedəndə həm sevinirsən, həm də üzülürsən, çünki hər yer viran qoyulub. Bəzən mənə deyirdilər ki, evimiz filan yerdədir, gedib çəkərsən. Gedirdik ki, heç nə yoxdur, yeri boşdur, düzənlikdir.  Ağaca qədər kökündən kəsiblər. Adamlara deyirdim ki, sizin söylədiyiniz o ağac yoxdur ki, onun yanında olan evi çəkəm. O küçə yoxdur ki, sənin dediyin o ağacın sağında, solundakı evlərə gedə biləm. İnsanların xatirəsindən heç bir nişanə  qalmayıb. Şükür ki, o torpaqlar bizdədir. İnşallah, dövlətimiz o yerləri yenidən dirçəldəcək. Erməni ağacı kəsə bilər, evi dağıda bilər. Təbiət onu yenidən yetişdirəcək, evlərimiz tikiləcək.  Düşmən  təbiətimizi  özü ilə apara bilməz - dağı, çayı, torpağı apara bilməz...

 

- Bundan sonra hansı reportajı hazırlamaq istərdin?

 

- Mənim ürəyimdən keçən o idi ki, Zəngilanla bağl reportaj hazırlayım. Onu da hazırladım. Zəngilanla bağlı reportajım böyük ajiotaj doğurmuşdu. Mən orada evimizi tapmışdım. İnsan üçün bundan gözəl nə duyğu ola bilər? O reportaja çoxlu baxış olmuşdu.

 

- İnanıram ki, Xankəndi ilə bağlı reportajda daha çox baxış sayını toplaya bilərsiniz...

-İnşallah. Mənim üçün torpağımızın hər bir qarışı əzizdir. İnşallah, şərait yaransa və  ora  mən gedəsi olsam, dalğalanan bayrağımızın altında durub reportajımı böyük ürəklə yayımlayacağam. Reportajımı o yerlərə həsrət qalan insanların baxışı ilə hazırlayacağam. Sadəcə, sırf jurnalsit, reportyor kimi yox, statistika ilə yox, ürəkdən  təqdim edəcəyəm. Əsl reytinqi orada yığacağımıza əminəm. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır