Direktorun müəllimin maaşını kəsməsi xəbərinə aydınlıq gətirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova tərəfindən müəllimin əməkhaqqısının kəsilməsi ilə bağlı iddialara münasibət bildirib.
Versus.Az xəbər verir ki, Qurumdan Bakı şəhərində yerləşən 162 nömrəli tam orta məktəbin direktoru tərəfindən müəllimin əməkhaqqısının kəsilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparıldığı bildirilib.
“Araşdırmanın nəticəsində 162 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elnarə Qasımovanın 2020/2021-ci tədris ilinin əvvəlindən hazırkı dövrə kimi distant və əyani formada təşkil edilmiş dərslərdə iştirak etmədiyi məlum olub.
Qeyd olunan məsələ məktəbin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda da öz əksini tapıb. Qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən E.Qasımova ilə dəfələrlə əlaqə saxlanılsa da, o, zənglərə cavab verməyib, ümumiyyətlə məktəblə əlaqə saxlamayıb.
Daha sonra E.Qasımova ilə əlaqə yaradılıb və o, məktəbə dəvət edilib. Onunla müvafiq məzmunda söhbət aparılmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib və E.Qasımovanı dərslərin tədrisinə cəlb etmək mümkün olmayıb. Məktəb rəhbərliyinə təqdim etdiyi yazılı məlumata əsasən, E.Qasımova dərslərə qoşulmadığını özü də etiraf edib”.
İdarədən qeyd edilib ki, bütün bunlar müvafiq qaydada rəsmiləşdirilib:
“Məktəb rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabeli tərtib edilərkən üzrsüz səbəbdən işə çıxmadığına görə E.Qasımovaya iş günləri hesablanmayıb və bu səbəbdən ona əməkhaqqı ödənilməyib. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 4.2.2-ci bəndinə əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.
Məktəb tərəfindən verilmiş məlumata əsasən, E.Qasımovaya işdən çıxması ilə bağlı hər hansı bir təzyiq olmayıb”.
Qeyd edək ki, bir müddət əvvəl Elnarə Qasımova mətbuata açıqlamasında bildirib ki, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub. /oxu.az/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"