İdarə müdiri məktəb direktorlarını topladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Versus.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüşdə çıxış edən Mehriban Vəliyeva məktəblərdə qiymətləndirmə, kargüzarlıq və digər məsələlər üzrə monitorinqlərin təşkil olunacağını nəzərə çatdırıb. M.Vəliyeva direktorlara işlərinə daha məsuliyyətlə yanaşmağı, məktəbləri nəticəyönümlü müəssisələrə çevirməyi tövsiyə edib, tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra çıxış edən BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev fənn olimpiadalarının nəticələri barədə danışıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1404 şagirdin növbəti yarımfinal turuna keçdiyini deyən sektor müdiri bilik yarışlarının şəhər mərhələsinin təşkilində göstərdikləri yüksək peşəkarlığa görə mərkəz məktəblərin direktorlarına təşəkkürünü bildirib.
Görüşə yekun vuran BŞTİ müdiri qeyd edib ki, həllini gözləyən məsələlər birgə səylərin artırılmasını və çağırışlara çevik münasibət göstərilməsini zərurətə çevirib. İdarə müdiri, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının, ümumi təhsil məktəblərinin idarəetmə sisteminin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"