Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirir.
Versus.Az xəbər verir ki, bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib.
Çünki Xarıbülbül kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək çətin olur. Paytaxtın küləkli və isti iqliminə baxmayaraq peşə təmayüllü sinfin şagirdləri bu bitkinin mövcud vəziyyətə uyğunlaşmasına nail olublar.