Gələcək nəsillərə Şuşadan görünən YOL
Biz dövlət başçılarımıza çox minnətdarıq
QƏNİRƏ PAŞAYEVA
/MM-in Mədəniyyət komitəsinin sədri/
Xalqımız builki Milli Qurtuluş Günündə daha bir bayram yaşadı: 15 iyunda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Şuşada qardaşlığın rəmzi olan Bəyannamənin imzalanması fövqəladə bir hadisədir.
“Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk” – Prezident İlham Əliyevin bu tarixi sözü 15 iyunda imzalanmış sənədin mahiyyətini çox dəqiq ifadə edir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin keçmişindəki ən gözəl hadisələrdən ilham alaraq, onların ifadə etdiyi dərin mənanı günümüzdə bir daha təsbit və təsdiq edərək, gələcəyimizin aydınlığını, üfüqünü müəyyən edir.
Müttəfiqlik haqqında Bəyannamə iki qardaş, dost və qonşu ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Yəni bu Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu təminatlı gələcəyə imza atmaq siyasi iradə, cəsarət, beynəlxalq vəziyyət və geostrateji gəlişmələri intellektual şəkildə “oxumaq”, siyasi-dipolamtik bacarıq tələb edirdi. Üstəlik, bütün bu vacib amillərlə yanaşı Yanar Ürək və qardaşlıq ruhunun təcallası tələb olunurdu.
Biz dövlət başçılarımıza çox minnətdarıq! – Qardaşlıq tariximizə silinməz qızıl səhifələr gətirdikləri üçün minnətdarıq! Minnətdarıq ki bizə bu qüruru yaşatdılar! Yaşatdılar ki əcdadların ruhuna şadlıq, gələcək nəsillərə aydın yol olsun! O yol bizlərə daha böyük gələcək vəd edir. 15 iyun 2021-ci ildə Şuşa şəhərində ən yeni dövr tariximizin, Qafqaz tarixinin, Türk dünyası tarixinin yeni mərhələsinin əsası qoyuldu! Tarixə əsaslanan Bəyannamədə ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz təcallasını tapıb. XXI yüzildə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması müdrik rəhbərlərin yanaşma və fəlsəfəsinin əbədiləşdirilməsinin təcəssümü, təsdiqi, təsbitidir: XX yüzilin əvvəllərində deyilmiş “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” (Atatürk), XX yüzilin sonlarında deyimiş “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” (H.Əliyev) kəlamları 15 iyunda Şuşada yenidən çiçəklədi, qardaşlıq dünyamızı ən gözəl ətrə bələdi, dünyamızı aydınlatdı. Strateji önəm daşıyan bütün işbirliyi yönlərini çevrələyən Şuşa Bəyannaməsində çox önəmli məsələlər öz əksini tapıb: -beynəlxalq müstəvidə işbirliyi, -siyasi münasibətlər, -hərbi münasibətlər, -iqtisadi-ticari əlaqələr, -mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s... Bəyannamədə həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib. Bəyannamədə müdafiə sahəsində işbirliyi və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması xüsusi tarixi uğurdur. 44 günlük Vətən Müharibəsində qardaşlığın təntənəsini və gücünü bütün dünyaya göstərən Azərbaycan və Türkiyə dövlətləri bundan sonra da bir yerdə olacağımızı Şuşa Bəyannaməsi ilə dosta da, düşmənə də duyurdu. Əslində, biz kiminsə düşməni deyilik, insanlığın düşməninin düşməniyik və Şuşada imzalanan Bəyanat da, imzalanmadan sonra mətbuata verilən açıqlamada deyilənlər də aydın şəkildə göstərdi ki, Azərbaycan-Türkiyə işbirliyindən bölgəyə, qonşulara yalnız xeyir, fayda gələ bilər. Haqqı, ədaləti, birgəyaşayışı, sülhpərvər siyasəti təmsil edən Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərini inkişaf etdirməklə 3+3 formatı üçün də geniş qapı aralamış olur. – Dialoqa, əməkdaşlığa, beynəlxalq hüquq normalarına, iqtisadi-ticari iəlaqələri gücləndirməyə qarşı olmayan hər kəsin keçə biləcəyi qapıdan söhbət gedir. Hazırda o qapı Zəngəzur dəhlizinə açılır. Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatında öz əksini tapmışdı və Şuşa Bəyannaməsi ilə bir daha gündəliyə gəldi. Zəngəzur dəhlizində işlərin müxtəlif bəhanələrlə ləngidilməsinə çalışan Ermənistan rəhbərliyi anlamalıdır ki dəhlizin qarşısını almaq mümkün deyil, ləngimələrsə ilk növbədə Ermənistanın özünə ziyandır. Çünki bölgənin ən kasıb, ən gəlirsiz, ən balaca, ən perspektivsiz ölkəsi odur. Üstəlik, Ermənistan işğalçılığı, terroru açıq dövlət siyasəti halına gətirmiş və məğlub olmuş ölkədir, üzərində Xocalı soyqırımının məsuliyyəti və bir çox başqa müharibə cinayətləri var. Ermənistan əvvəl-axır Azərbaycana təzminat ödəməli olacaq və s. Belə olan halda Zəngəzur dəhlizinin iqtisadi, siyasi və digər qazancları Ermənistana daha çox lazımdır. Beynəlxalq önəm daşıyan bir layihə olmaq etibarı ilə Zəngəzur dəhlizi böyük geosiyasi, iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhlizin açılması deməkdir. Bəli, Şuşa Bəyannaməsindən sonra Türkiyə ilə Azərbaycan bir-birinin təhlükəsizliyi üçün nə mümkünsə edəcək. İndiyədək bütün məsələlərdə bir yerdə olan Türkiyə və Azərbaycan bundan sonra da bir yerdə olacaq. Bu birgəlik əzmi 15 iyunda Şuşa Bəyannaməsi ilə süsləndi, taclandırıldı! Bir daha vurğulamaq istərdim ki, hərbi sənaye sahəsindəki işbirliyi tərəfdaşlığın önəmini və ölkələrimizin qüdrətini artıran çox mühüm amildir. 44 günlük Vətən Müharibəsində PUAların (konkret halda, “Bayrakdar”ların) böyük rol oynadığı sirr deyil. Müdafiə sənayesi sahəsində bağların inkişafı ölkələrin hərbi qüdrətini daha da artıracaq. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. Bəli, doğrudan da, Şuşada dalğalanan ay-ulduzlu müqəddəs bayraqlar ölkələrimizin birliyini nümayiş etdirir. Bu, dosta sevinc, qürur, düşmənə göz dağıdır. Türkiyənin Bakıda Böyükelçiliyi, Gəncə və Naxçıvanda Baş konsulluqları fəaliyyət göstərir. Artıq bu sıraya yeni bir ünvanda əlavə olunacaq: Türkiyə Cümhuriyyətinin Şuşa Baş konsulluğu! Bu, diplomatik münasibətlərimizin yeni səviyyəsi və dərəcəsi deməkdir. Qardaş ölkənin Şuşa Baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar, iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı rolun da aydın ifadəçisidir. Bir sözlə, Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələri bütün müstəvilərdə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən Müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, təmir-bərpa, habelə minalardan təmizlənmə və s. işlərdə də Azərbaycanla Türkiyə arasında sıx işbirliyi mövcuddur.
Qardaşlığımız əbədi, bayraqlarımız uca olsun!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”