“Ermənistanı yerində oturtmaq üçün Ərdoğandan kəskin mövqe gözləyirəm” - MÜSAHİBƏ
Qafar Çaxmaqlı: “Azərbaycan meydanda qazandığı qələbəni diplomatik meydanda da əldə etmək üçün çətin proseslərin içərisinə sürüklənir”
Azərbaycanın geosiyasi mənzərəsi gərginliyi ilə müşahidə olunur. Regionun güclü dövlətinə çevrilən, Türk Dünyasının qapısı olan Azərbaycan müharibədən sonra da xarici maneələrlə üz-üzə dayanıb. Torpaqlarını işğaldan azad edərək ədaləti bərpa edən dövlətin zəfərini həzm edə bilməyən güclər, bu gün diplomatik sahədə bizi məngənəyə soxmağa çalışır. Görünən oldur ki, hələ ölkəmiz haqqı olan suverenliyinin bərpası istiqamətində çox savaşlar etməlidir. Mövcud situasiya irəlidə çox işlərin olduğunu göstərir. Bunun üçün hansı baryerləri aşmalıyıq və bizə nə lazımdır?
Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Türkiyənin Erciyes Universitetinin professru, İrəvan Türk Cumhuriyyətinin sədri Qafar Çaxmaqlı çox ciddi nüanslara diqqət çəkib.
- Qafar müəllim, bu gün Azərbaycanın Vətən Müharibəsindən sonrakı geosiyasi, diplomatik nüfuzu nə dərəcədə Ermənistana diqtə etmək gücünə malikdir və hazırkı geopolitik mənzərə nəyi diqtə edir?
- 44 günlük savaşdan sonra Azərbaycanın beynəlxalq nüfuzu önəmli dərəcədə artdı. Amma eyni zamanda bizə qarşı olan qüvvələrin - bu sıraya qonşu İranın və Fransanın başını çəkdiyi ölkələri də əlavə etsək, onların da diplomatik basqılarını dəf etmək çətinliyi yaranamış oldu. Baxın, Fransa iki gündən bir Azərbaycana iftiralar atır. İran da bəzi məsələlər gün kimi aydın olduğu halda basqılarını həmin konulara yönəldir. Təbii ki, Azərbaycan bu zəfərdən sonra Ermənistana çoxdan bəri yığılıb qalmış haqqını həyata keçirmək cəhdlərinin qarşısına bu dövlətlər çıxır. Belə geosiyasi durumda Azərbaycan diplomatik manevrlər etmək qabiliyyətini ortaya qoyur. Şübhəsiz ki, daha qərarlı addımlar atması üçün Azərbaycana dəstək verilməlidir. Biz hələ ki, tək dəstəyi Türkiyədən görürük. Bölgədə marağı olan Rusiya Azərbaycanın haqlı mövqeyindən deyil, məsələlərə öz maraqları prizmasından baxır. Ortaya belə bir mənzərə çıxmış olur. Bölgədə hələ ki, siyasi durulma prosesi getmir. Həlli an məsələsi olan problemlər gələcəyə, ya da bir sonrakı mərhələyə saxlanılır. Bir sözlə Azərbaycan meydanda qazandığı qələbəni diplomatik meydanda da əldə etmək üçün çətin proseslərin içərisinə sürüklənir. Bu isə rəqibə toparlanmaq və özünə gəlib müqavimət göstərmək imkanı verir. Ermənistanda revanşist qüvvələrin fəallaşması və seçki ərəfəsində bəzilərinin bizi hədələməsi ilə nəticələnir...
-Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri kimi necə hesab edirsiz, düşmənin bütün mənalarda dilini nə dərəcədə öyrənə bilmişik? Yaxud, dili bilmək bizi düşməndən xilas etmək, ona güc gəlmək qabiliyyətinə malikdirsə, niyə vaxtilə İrəvanda yaşayan, dili bilən incanlarımız öz elindən didərgin edildilər? Əslində düşmənə qalib gəlməyin şərti nədir?
- Hər hansı rəqiblə mübarizə etmək üçün onun bütün xüsusiyyətlərini, dili ilə birlikdə psixologiyasını, əxlaqını və bütün mənalarda potensialını öyrənmək vacibdir. Erməni elə bir düşməndir ki, ideoloji olaraq uzun illər silahlanıb və hər səviyyədə bizə qarşı mübarizələrini bir gün də ara verməyib. Bundan sonra daha da azğınlaşacaq. Bunu dərk etməliyik. Heç kəs inanmasın ki, aldığı zərbədən sonra mütiləşəcək və tabe olacaq. Biz qarşıdakı illərdə onların çox böyük xəyanətləri ilə rastlaşacağıq. Ermənilərin beynəlxalq təxribatlarının qarşısını almaq üçün onların istifadə etdiyi metodları mənimsəməliyik. İndiyə qədər nə Ermənistanın öyrənilməsində, nə mübarizə üsullarının tətbiqində, nə də ideoloji bir sistem yaradılmasında yetərli addımlar atılmayıb. Bu təkcə Azərbaycana aid deyil, Türkiyədə də ermənilərin apardıqları fəaliyyətlərə ciddi baxılmayıb. Ona görə də artıq qondarma olduğunu hər kəsin bildiyi "erməni soyqırımı" provakasiyası 30-dan artıq ölkədə qəbul edilib. Düşmənə qalib gəlmək üçün hər mənada güclü olmalısan. Erməni vəhşiliyindən özün deyib, özün eşitsən, heç nəyə nail ola bilməzsən. Başımıza bu qədər fəlakətlər gətirilib, torpaqlarımız işğal altında saxlanılıb, sərvətlərimiz talan edilib və sair. Ermənilərə qarşı indiyə kimi hansı dava açmışıq, hansı məhkəməni udmuşuq. Bizim olan fəaliyyətimiz də propaqandadan o yana keçməyib. Siz məni Erməni Araşdırmaları Mərkəzinin rəhbəri kimi təqdim etdiniz, elədir, amma bu işi etmək üçün belə imkanlarımız məhdud olub və indi biz müdafiədən hücuma doğru önəmli bir addım atmışıq. Artıq İrəvan Türk Cümhuriyəti elan olunub və onun gördüyü işlər Ermənistanda müzakirə edilir. Biz indiki Ermənistanı tanımırıq və bu ərazidə erməni dövlətinin qurulmasını ədalətsiz bir tarixi yanlışlıq olaraq görürük. Neçə ki, Cənubi Qafqazda süni surətdə yaradılmış bu qurum (ona dövlət demək olmaz) aradan qalxmayıb, rahatlıq olmayacaq. Bölgəmizə bütün bəlalar bunlardan gəlib...
- Qafar müəllim, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın xaricdə toparlanıb Azərbaycan həqiqətlərinin dünyada təbliği məsələsindən danışılanda həmişə bir şikayəti eşidirik - “azərbayacanlılar toparlana bilmir, bir-birinə dəstək olmur. Necə hesab edirsiz, müasir Azərbaycan bizdən ölkəmiz naminə hansı addımların atılmasını tələb edir?
-Mən həmişə o fikirdə olmuşam ki, xarici ölkələrdə bizim fəaliyyətimizi Türkiyənin dərnəkləri ilə əlaqələndirərək birlikdə mübarizə etməliyik. İki gücsüz qurumdansa iki gücün birləşməsi əlavə güc verərdi. Burada olan bəzi problemləri də həll etmək mümkündür. Mübarizə üçün bir sistem və aydın ideoloji xətt olmalıdır. Bunların dövlətlərimizlə heç bir bağlılığı olmamalıdır. Dövlət tərəfindən edilən işləri dünyada qəbul etmirlər. Adicə dövlət nəşriyyatlarında çap olunan kitablar belə ciddiyə alınmır... Dünyanın belə standartları var. O standartlara uyğun fəaliyyət lazımdır. Bunları öyrənməyə məcburuq. Çünki qarşımızda çox güclü, idoloji cəhətdən silahlanmış və təcrübəli bir düşmən var - arxalarında da heç bir beynəlxalq normaları tanımayan güclər.
- Bu gün Qarabağda hərbi zəfərdən sonra diplomatik müstəvidə müharibə davam edir. Həm də sərhəddə erməni diversantlara, daxilimizdə qalan silahlı ermənilərə qarşı mübarizə aparmalıyıq. Bu prosesdə Rusiya sülhməramlılarının sərgilədiyi mövqeni nəcə dəyərləndirisiz?
-Mən buna diplomatik mübarizə deməzdim, erməni həyasızlığı deyərdim. Mən hər gün erməni cəmiyyətində gedən prosesləri izləyirəm və onların hədəflərinin dəyişmədiyinin şahidi oluram. Onlar bu məğlubiyyəti qəbul etmirlər. Nə vaxtsa qisas alacaqları barədə planlar qururlar. İndi gücləri yoxdur, xarici qüvvələrə bel bağlayırlar. İndi Ermənistanda elə bir qüvvə və insan topluluğu yoxdur ki, məsələlərə praqmatik gözlə baxsın, gerçəkləri dəyərləndirə bilsin. Bu, bəlkə də həmin millətin bədbəxtçiliyidir. Amma belə olduqlarını biz də bilməliyik və hətta onlara nəfəslik verməyin belə tərəfdarı deyiləm.
Baxın, Zəngəzur dəhlizinin açılması ən çox bunlara xeyir gətirəcəyini bütün ağlı başının üstandə olanlar söyləyir, arqumentlər gətirir, amma onlar 10 noyabrda gəlinən razılığı belə pozmağa çalışırlar. Zəngəzurdan dəhliz açılmasına mane olmaq üçün min oyunlardan çıxırlar, hər gün Paşinyanın və digərlərinin dilindən bir sərsəm bəyanat səsləndirilir. Onlar bizim burada yol əldə edib Türk dünyasını birləşdirməyimizi həzm edə bilmirlər.
-Bunu dövlət qürurumuza sığışdırmasaq da, Rusiya sülhməramlıları suverenliyimizi pozur. Rusiya sülhməramlıları ərazidə keçirdiyi əməliyyatlarla nəyə nail olmağa çalışır?
- Rusiya münaqişənin bütün dövrlərində çalışmışdı ki, hər hansı şəkildə buraya hərbi müdaxilə etsin və Cənubi Qafqazda təsir imkanlarını genişləndirsin. Məqam yetişən kimi bunu edə bildi. Təbii ki, Qarabağda Azərbaycanın tam suveren haqlarının bərpası üçün rus sülhməramlıları maneədir. Onlarla biz əməkdaşlıq səviyyəsində işlər aparmırıq, amma onlarla işləyə bilərik. Çünki reallıq budur ki, artıq onlar 4 il yarım burada olacaqlar. Rusiya sülhməramlılarının missiyası yalnız o deyildir ki, erməniləri Xankəndinə daşıyıb gətirsinlər və onların qayğısına qalsınlar. Bəs keçmiş DQMV-dən qovulmuş 50 minə yaxın azərbaycanlının geri qaytarılması niyə təmin olunmur. Biz onların həmin missiyasına bu geri dönüş məsələsini daxil edə bilirikmi? Bunu edə bilsək suveren haqlarımızın bərpası istiqamətində önəmli addımlar atmalı olarıq. Rusların nəzarətində olan ərazidə nələr baş verdiyini bilirikmi? Bu proseslərə müdaxilə imkanlarımız nə qədərdir. Bunlar suallar doğuracaq məsələlərdir və ona görə deyirəm ki, diplomatik müstəvi dediyimiz həmin sferada hələ heç nə edə bilməmişik. Bizim üçün indi ən ümdə məsələ Ermənistanla sərhədlərin müəyyənləşməsi olmalıdır. Ermənistanın bununla bağlı hay-küyü və Fransa kimi havadarını da bu prosesə qoşması göstərir ki, onların qorxusu budur. Amerika da bu işdə texniki yardım edəcəyini bildirir. Qoy bütün beynəlxalq təşkilatlar bu işə cəlb olunsun. Sərhədlər müəyyənləşəndən sonra dağlıq Qarabağla bağlı bu gün səsləndirdikləri fikirlər, onların iddiaları da mənasızlaşacaq, ciddiyə alınmayacaq. Mənim qənaətimcə, Azərbaycan sülh sazişinin hazırlanması istiqamətində diplomatik fəallığını artırmalıdır. Bu nə verəcək? Ermənistan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur ediləcək. Türkiyənin Ermənistanla bağlı saxladığı sərhədlərin açılması və diplomatik nizamlanmaya gedilincə onların 100 ildən bəri apardıqları ideoloji müharibə, "erməni soyqırımı" provakasiyası bir anın içində yox olacaq. Ermənilər terror aktları törədə bilərlərmi? Bəli, mümkündür. Bu dövlətin özü terroru hər zaman dəstəkləyib, erməni terrorçular bu ölkədə qəhrəmanlaşdırılıb. Onlara heykəllər qoyulub. Onlara bənzəməyə çalışan bir sürü erməni gənci yetişib. Terrorun qarşısını almaq üçün ona terrorla cavab veriləndə məsələ bitir. ASALA terrorunun durdurulmasının səbəblərindən danışsaq, uzun hekayə alınar...
- Ermənistanın Azərbaycanda törətdiyi dağıntılara, cinayətlərə, soyqırımlara görə təzminat davasına başlayarıqsa, tarixi torpaqlarımızı geri almaq şansı nə qədərdir?
- Azərbaycanın görəcəyi işlərin başında Dağlıq Qarabağ və ətrafında ermənilərin 30 ilə yaxın bir dövrdə dövlətimizə vurduğu zərərin hesablanmasıdır. Dünyada belə praktikalar var. Bu işlə məşğul olan şirkətlər var, pulunu verirsən, gəlib hesablayır. Bildiyimə görə, bu sahədə işlər gedir. Ermənistanı təzminata məhkum etmək lazımdır. 100-cə milyard dollar belinə qoysan, o daha ayağa qalxa bilməyəcək. Pulu yoxdur ki, versin. O zaman biz təzminatın əvəzinə Qərbi Azərbaycanın bir zamanlar ədalətsizcəsinə, qanusuz verilmiş torpaqlarımızı istəməliyik. Beləcə, biz bir güllə atmadan İrəvana , Zəngəzura, Göyçəyə, Dərələyəzə və digər ərazilərimizə yenidən qovuşa bilərik. Rəhbəri olduğum İrəvan türk Cümhuriyyətinin də bu doğrultuda hədəfləri var.
- Azərbaycanın “Zəngəzur dəhlizi” iddiasının yerinə yetirilməsi region üçün hansı yeniliyi gətirə bilər, ümumilikdə o dəhlizin Türk dünyası üçün aça biləcəyi yolun əhəmiyyəti nədir?
- Zəngəzur dəhlizi mütləq açılmalıdır. Tarix bizə ikinci dəfə belə fürsəti verməyə bilər. Bu, bütün türk dünyasını bir-birinə qovuşacağı bir bayram olacaq. Ermənistanın buna mane olacaq gücü yoxdur. Rusiya və digər region ölkələri də bu məsələdən özləri üçün müəyyən ranq əldə etmək istəyirlər. Olsun, onların maraqlarının olması təbii qəbul edilməlidir. Amma bu dəhliz açılacaq. Lazım gəlsə, bu iş üçün bəlkə yeni bir 44 gün lazım oldu. Ona da getməliyik. Türk millətinin birliyi və Turan naminə buna da gediləcəkdir.
- Türk Şurası formalaşır, bu qurumun Azərbaycanın haqq işinin dünyada tanıdılmasında rolu nədir?
- Türk Şurası Turan görüşünün, böyük Türk aydınlarının arzularının çin olduğu bir fəaliyyətdir. Amma mən istərdim ki, bu, kağız üzərində qalmasın. Türk Şurasına yalnız mövcud Türk dövlətləri deyil, həm də türk topluluqları daxil edilməlidir. Rusiyada subyektlərin hamısı buraya daxil edilməlidir. Əhalisi olan və dövləti olmayan əhali qrupları, ərazisi olmayan və dövlətini elan etmiş dövlətlər də buraya daxil edilməlidir. İrəvan Türk Cümhuriyyəti də bu şuraya daxil olmaq üçün müraciət edəcəkdir.
- Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan gələn həftə Bakıya, sonra Şuşaya səfər edəcək. Gözləntiləriniz nədir və dünya türkün hansı mesajlarına hazır olmalıdır?
- Türkiyə prezidentinin Azərbaycana səfəri nəzərdə tutulan səfər idi və Şuşaya getməsinin də ayrıca mənası var. Türkiyə prezidenti sayın Ərdoğanın Azərbaycana səfəri hər şeydən əvvəl bütün dünyaya mesajdır. Çünki son zamanlar Azərbaycana qarşı bəzi ölkələrin aqressiv münasibəti görünməkdədir. Məncə, bu səfərlə Azərbaycan cəmiyyətini narahat edən bir sıra məsələlərə aydınlıq gətiriləcəkdir. Bu suallar hər zaman bəhs etdiyimiz və Türkiyənin diplomatik cəbhədə daha aktiv rol almasını istədiyimiz suallardır. Onların bəziləri daha prinsipial məsələlərdir ki, Türkiyənin dəstəyi olmadan həll edilə bilməz. Baxın, 44 günlük qələbəmizdən 7 ay keçir, amma hələ də Dağlıq Qarabağda Azərbaycan tam suverenliyini bərpa edə bilməyib. Buna mane olan nələrdir? Bu səfər zamanı iki qardaş ölkənin aydın siyasi xəttinin müəyyənləşəcəyinə ümüid edirəm. Hər şeydən əvvəl açıq deməliyik ki, Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsində hansısa "beynəlxalq fəaliyyətin" işarələrini görürük, bəzi ermənipərəst ölkələr buraya burunlarını soxmağa çalışırlar. Müxtəlif bəhanələrlə işin içinə daxil olub bizi hədəflərimizdən uzaqlaşdırmağa çalışırlar. Dağlıq Qarabağın Rusiyanın köçürüb gətirdiyi ermənilər üçün heç bir ayrıcalıq verilməyəcəyi açıq dildə səsləndirilsə də, basqılar olacağı istisna olunmur. Bizə yenə Minsk Qrupu donunda beynəlxalq hücumun olacağını gözləməliyik. Amerika sərhədlərin müəyyənləşməsində öz texniki təklifini verməklə bölgəyə girmə nöqtəsinə gəlmişdir. Rusiya zatən buradadır və yaxın vaxtlarda regionda böyük güclərin mövqe əldəetmə davasının şahidi olacağıq. Azərbaycana basqıları azaltmaq istiqamətində Ərdoğanın səfəri çox önəmlidir. Ərdoğanın səfərinin bir önəmi də Zəngəzur dəhlizi ilə bağlı hələ də mübahisələrə səbəb olan gəlişmələrə yeni bir irəliləyiş verməkdir. 10 noyabr razılaşmasından qaçmağa çalışan Ermənistanı yerində oturtmaq üçün Ərdoğandan kəskin bir mövqe gözləyirəm. Bu dəhliz açılmalıdır. Ermənilərin bundan manipulyasiya aləti kimi istifadə etməsinə son verilməlidir. Həm də Zəngəzur məsələsində düşmən dövləti açıq dəstəkləyən İranı, sürüşkən siyasət sərgiləyən Rusiyanı və hətta Gürcüstanı da açıq dillə xəbərdar etməyin vaxtı çatıb. Ərdoğanın səfəri Türkiyənin Azərbaycanın yanında olacağının gövdə göstərisi, güc nümayişi olacaqdır. Şuşaya səfər əslində rəmzi xarakter daşıyır. Və Şuşanın, bu zəfərin Türkiyə üçün də nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyacaqdır. Demək istəyəcəyik ki, əlimizdən alınmış bütün torpaqlarımızı geri almağa qadirik və həm də dünya belə bir mesaj veriləcək ki, Türkiyənin qarşısında indi elə bir güc yoxdur ki, onu hədəflərindən saptırsın. Rusiyaya gəlincə, bu ölkə ilə hələlik əməkdaşılıq etmək deyil, işləmək lazımdır. Türkiyənin indi tarixdə heç zaman olmadığı təsir imkanları var və o, artıq bölgəmizdədir. Türkün belə bir xarakterindən qorxa-qorxa həmişə yazırlar. Türk girdiyi yerdən geri çıxmaz... /həftə içi/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”