“Şuşa Bəyannaməsinin” YOL XƏRİTƏSİ necə cızılır?
“Bu bəyannamənin tətbiqinə bütün Azərbaycan daxildir”
İyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanan "Şuşa Müttəfiqlik Bəyannamə"si ilə Türk Dünyasına açılan qapıda yeni bir tarix dönəmin təməli qoyuldu. Azərbaycanın Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar. Bu gün ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin zirvəyə gedən “yol xəritəsi” müzakirə obyektindədir.
Şuşa Bəyannaməsi hansı siyasi və tarixi əhəmiyyətə malikdir. Bu bəyannaməyə Rusiyanın və Qərbin reaksiyaları nə ola bilər?
Məlum olduğu kimi, Qars müqaviləsinin daha geniş forması olan bu bəyannamə hərbi sahəni, müdafiə işbirliyini də əhatə edir. Deməli, bu gün imzalanan Şuşa bəyannaməsi bütün Azərbaycanı kənar təhdidlərdən, xarici müdaxilələrdən qoruyacaq. Belə olduğu təqdirdə bu sənədin tətbiqi bütün ərazilərimizə, yəni bu gün sülhməramlıların da olduğu ərazilərə tətbiq olunacaqmı və necə? Yaxud, Ərdoğanın Şuşa səfərindən sonra Türkiyənin hərbi bazasının yaradılması qərarının veriləcəyini gözləyirdi. İmzalanan Şuşa Bəyannaməsini Türkiyənin Azərbaycanda bir hərbi bazasının yaradılması ilə necə müqayisə etmək olar?
Versus.Az xəbər verir ki, Azərbaycanın ictimai-siyasi kəsimi, hərbi ekspertlər "Şuşa Müttəfiqlik Bəyannamə"sini şərh edərkən çox mühüm məqamlara diqqət çəkiblər.
“Türkiyə də Rusiya sülhməramlıları ilə bağlı həssas mövqe nümayiş etdirəcək”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik şərtlərini müəyyən edir:
“Bu o deməkdir ki, artıq Türkiyə ilə Azərbaycan müstəqil ittifaq dövlətləridir. İttifaq dövlətləri beynəlxalq hüquqa görə bir-birinin müdafiəsində iştirak edir, bir-birinin maraqlarını ödəyir. İttifaqın yaranmasna görə narahat olan, problemlər yaratmağa cəhd edən qüvvələr olsa da, kimsə Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı açıq şəkildə çıxış eliyə bilməz”.
Partiya sədri qeyd edib ki, “Şuşa Bəyannaməsi” Qars müqaviləsinin genişləndirilməsidir. Onun sözlərinə görə, Qars müqaviləsi Naxçıvan üzərində Türkiyənin qarant hüququnu təsdiq edirdi. İndiki müqavilə isə Türkiyənin bütün Azərbaycan üzərində qarant hüququnun təsdiqidir:
“Bu, əslinə baxsan Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın yaranması deməkdir, sadəcə olaraq adını müttəfiqlik qoyurlar. Sadəcə, müttəfiqlik amillərini, xarici institurları birləşdirmək lazımdır. Bu bəyannamənin tətbiqinə bütün Azərbaycan daxildir. Düşünürəm ki, bundan sonra Türkiyə Rusiya sülhməramlıları ilə bağlı Azərbaycanla eyni dərəcədə həssas mövqe nümayiş etdirəcək. Yəni Türkiyə öz ərazisində belə bir sülhməramlı qüvvələr varmış kimi eyni reaksiyanı göstərəcək”.
Rusiyanın verə biləcəyi təpkilərə gəlincə, S.Cəlaloğlu bildirib ki, bundan sonra Rusiyanın hər hansı təzyiqi ola bilməz:
“Onsuz da bu dövlət Azərbaycanla bağlı və bu müttfiqliyin qarşısını almaq üçün əlindən gələni edib”.
“...Rusyanın etiraz imkanları xeyli azalacaq”
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fəhmin Hacıyev hesab edir ki, bu əməkdaşlıq bəyannaməsi 2012 ci ilə ratifikasiya olunan “strateji əməkdaşlıq “müqaviləsində götürülmüş və qanuni qüvvəsinə görə ondan daha zəif sənəd olsa da, siyasi əhəmiyyəti daha cəlbedicidir:
“Çünki işğaldan azad olunmuş Şuşada imzalanıb və Şuşa adı ilə tanınacaq. F.Hacıyev Şuşada Türkiyə Konsulluğunun açılmasını xüsusilə əhəmiyyətli hadisə adlandırıb. Bunun üçün şuşalılar evlərinə dönməli, orada işləyib yaşamalıdır, siyasi, içtimai, mədəni fəaliyyət üçün şərait olmalıdır. Şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət isə Azərbacan rəhbərliyinin inadı səbəbindən çox gecikmiş qərardır”.
F.Hacıyev hesab edir ki, bəzi dövlətlər kiçik etirazlar etsələr də, reallığı qəbul edəcəklər. O, Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinin NATO nun aparıcı dövlətləri ilə razılaşdırıldığı qəatindədir:
“NATO zirvəsində NATO Ukrayna və Gürcüstana qapılarını açdığını elan etdı. Sırada Azərbaycan və Ermənistandır. Bu strategiyanın əsas icraçısı Türkiyyədir. Azəbaycandakı və Ermənistandakı rejimlər, Paşinyan xaric, bu strategiyanın icrasına ən çox mane alan rejimlər olmuşdur. Rusiyanın idarə etdiyi rejimlər səhnədən getdikcə NATOya inteqrasiya da gedəcək. Türkiyədə regiona girəcək. İstənilən halda Türkiyə əsgəri rəsmən Azərbaycanda olacaq. Tez olmasını isə təmin edəcək əsas qüvvə Azərbaycan xalqıdır. Bunu etməmiz üçün hər cür şanslar yetişib. NATO sammitindən sonra Rusyanın etiraz imkanları xeyli azalacaq. Ola bilsin ilkin mərhələdə kiçik təxribatlar törətsin. Rusiya uzun zaman kəsimində ciddi dirəniş edə bilməz”.
“Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır”
Politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri və burada İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri yaman qorxudub, Ermənistanın olmayan Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlamalar yayınlayıblar:
“Həmin açıqlamalarda ağıllarına gələn məntiqsizlikləri yazıblar, təkrarlamağa ehtiyac yoxdur, sadəcə Rusiyaya çağırışları diqqətimi çəkdi. Bəyanatlarındakı həmin cümlənin məğzi beləydi ki, “ermənilər Türkiyənin Qarabağa gəlişini əngəlləyə bilməyəcəklər, Türkiyəni yeganə Rusiya saxlaya bilər, kömək edin...”
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Kreml sahibi Baydenlə görüşün detalları üzərində fikirləşir. Putin Ərdoğanla münasibətləri korlamaq istəməz. Digər tərəfdən, Türkiyə artıq Azərbaycan və Qarabağda möhkəmlənib və Rusiya müttəfiqimizi bölgədən çıxarmaq iqtidarında deyil”.
Politoloq əlavə edib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur. Onun fikrincə, Ərdoğanın Şuşadan bölgə ölkələrinə “gəlin əməkdaşlıq edək”, “Rusiya prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi:
“Yəni Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır. Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər. Bu onların işidir. Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhədi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”.
“Mücadilələrindən vaz keçməyəcəklərini bəyan edir”
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli şərhində Şuşa Bəyannəməsini “Milli iradənin təntənəsi” adlandırıb.
O, bəyannaməni Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınması baxımından təhlil edib:
“Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik bəyənnaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hürr olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.
Şüşa bəyənnaməsinin zaman baxımından tarixi əhəmiyyəti, həm də bu mübarək anlaşmanın Azərbaycanın ərazi bütövlüyünə təminat verən və bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir.
Məlum olduğu kimi, Qars müqaviləsinə imza atan tərəflərdən ikisi – sonradan eyni ittifaqda təmsil olunan Rusiya və Ermənistan sözügedən müqavilənin şərtlərini pozaraq, Azərbaycan ərazilərinin, o cümlədən Zəngəzurun bir hissəsini “Sovet Ermənistanı”nın inzibati ərazisinə qatıblar. Şuşa bəyənnaməsi Qars müqaviləsinin bütün şərtlərinə əməl edilməsinin vacibliyini önə çəkməklə yanaşı, Türkiyə və Azərbaycanın tarixi ədaləti bərpa olunanadək mücadilələrindən vaz keçməyəcəklərini bəyan edir!”
Politoloq bəyannamənin ideoloji əhəmiyyətinə xüsusi vurğu ilə yanaşıb:
“Azərbaycan son 150 il ərzində Türk Dünyasının fikir mərkəzi funksiyasını yerinə yetirib. Türk Dünyasının birliyinə xidmət edən ideyalar Əli Bəy Hüseynzadə kimi böyük mütəfəkkirlərin sayəsində cilalanaraq, ortaq dil, ortaq mədəniyyət və ortaq tarix üzərindən boy atan türk xalqları və dövlətlərinin vahid milli məfkurəsinə çevrilib.
XX əsrin sonlarında Əli Bəy Hüseynzadənin üçlü düsturü böyük siyasət adamı Heydər Əliyevin strateji düşüncəsinin süzgəcindən keçərək, yurda sülhün və həmrəyliyin təmin edilməsi məqsədilə azərbaycançılıq, daha sonra isə Türk Dünyasının mövcud geosiyasi reallıqlara uyğun olaraq praktik təməlinin atılması üçün “Bir millət, iki dövlət” fəlsəfəsinə keçid alıb. Bir millət-iki dövlətin - Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə layihələrin effektiv nəticələri Türk Birliyinin sözdən, fikirdən əmələ keçə biləcəyinə böyük ümidlər yaradıb və nəticədə Türk Şurasının – Türk Dövlətləri Birliyinin yaranması istiqamətində mühüm addımlar atılıb. Müstəqilliklərini yenicə qazanmış və regionda, dünyada baş verən proseslərə maksimum ehtiyatla yanaşan, Sovet dövründə daha çox assimilyasiyaya məruz qalmış, milli şüurun tam təşəkkül tapmadığı bəzi türk dövlətləri də zamanla bu ideyanın gerçəkləşə biləcəyinə əmin olaraq, prosesin içində yer almaq qərarına gəliblər. Bu gün Türk Dövlətlərinin sözdə və fikirdə birliyi artıq reallığa çevrilib. Şuşa Bəyannaməsi isə Türk Birliyinin sözdən, fikirdən əmələ keçməsi yeni və daha praktik platformadır.
Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türk Dövlətləri Əməkdaşlıq Şurası və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsi ilə bağlı məqamların da vurğulanması, qənaətimə görə, qeyd etdiyim praktik platformanın üzərindən hərəkət mexanizmlərin edəcək mexanizmlərin nə qədər dəqiq və çoxşaxəli olduğunu nümayiş etdirir”.
E.Mirzəbəyli vurğulayıb ki, Şuşa bəyannaməsinin siyasi əhəmiyyətinin ana xəttini Azərbaycan və Türkiyənin adları tarixə böyük hərflərlə həkk olunmuş liderlərinin strateji baxış bucağı, polad iradələri təşkil edir:
“Bizim ən böyük tarixi şansımız bu gün qardaş Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana isə İlham Əliyevin rəhbərlik etməsidir. Bu, kimin necə yanaşmasından, siyasi baxışlarından asılı olmayaraq, bəsirət gözü qapanmamış hər kəsin düşüncəsində imperativ və dəyişməz bir qənaət kimi yer alan reallıqdır. Məhz bu iki liderin, bütün maneələrə, risklərə baxmayaraq, iki dövlətin bir millətinin minillik arzularının yerinə yetirilməsi istiqamətində atdıqları cəsarətli qərarlar, Türkiyə-Azərbaycan İttifaqını hər kəsin qəbul etmək məcburiyyətində qaldığı gerçəkliyə çevirib. Şuşa bəyannaməsinin siyasi əhəmiyyəti həm də milli siyasi iradənin mükəmməl bir şəkildə icra olunmasındadır”.
Politoloq hesab edir ki, Şuşa bəyənnaməsinin hərbi əhəmiyyəti ilə bağlı bu sahənin mütəxəssisləri daha dəqiq yanaşma sərgiləyəcəklər. Amma göz önündə olan və mütəxəssis rəyinə ehtiyac duymayan bir reallıq da var:
“Bu, bəyannamədə hər iki dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hər hansı bir real təhdidin yaranacağı təqdirdə, birgə hərəkət edəcəklərini ehtiva edən müddəanın yer almasıdır. Qarşılıqlı hərbi yardım öhdəliyi yalnız hərbi-siyasi ittifaq və bloklarda təmsil olunan dövlətlərə xas olan bir öhdəlikdir. Şübhəsiz ki, bu prinsipin əsasında BMT Nizamnaməsinin 51-ci müddəasından irəli gələn kollektiv müdafiə hüququ dayanır.
Məlum olduğu kimi, Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. İndiki şəraitdə, sözügedən sənəddə kollektiv müdafiə hüququnun imperativ bir şəkildə vurğulanması, kimin necə tövsif etməsindən, istək və arzularından, təsəlli vermək və almaq niyyətlərindən asılı olmayaraq, dünyanın siyasi səhnəsində Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının de-fakto və de-yure təşəkkül tapması anlamına gəlir.
Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bütün bunlar isə, şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın vahid hərbi-siyasi və təhlükəsizlik platformasından çıxış edəcəklərinin sübutudur”.
E.Mirzəbəyli bildirib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək:
“Şuşa bəyənnaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alıb ki, bu da hər iki dövlətin iqtisadi potensialını daha da artıracaq və təbii ki, bəyannamədə yer alan digər müddaəlardan irəli gələn vəzifəlıərin yerinə yetirilməsində sabit maliyyə mənbələrinin formalaşmasına imkan yaradacaq”.
Politoloq bildirib ki, Şuşa bəyannaməsi Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqını bir daha elan etməklə yanaşı, regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Bu imkanlardan yararlanmaq istəyənlər, Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təmin edəcəklər. Qarşısında olanlara isə, ən yaxşı halda güclü iqtisadi-siyasi platforma üzərindən hərəkət edən “qatar”ın arxasınca baxmaq qalacaq. /həftə içi/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”