Bayden-Putin görüşü Bakıda qərbpərəstlərin “kefinə soğan doğradı”

09:24 22-06-2021 | icon 340 | Siyasət
Bayden-Putin görüşü Bakıda qərbpərəstlərin “kefinə soğan doğradı”

“Radikal dairələr ümid edirdi ki, ABŞ-ın Rusiya ilə olan gərginliyi bizə də sirayət edəcək, əksinə oldu”

 

ABŞ və Rusiya liderlərinin iyunun 16-da baş tutan Cenevrə görüşü ərəfəsində rus müxalif qüvvələrinin ciddi gözləntiləri varıydı. Xüsusən bloger Aleksey Navalnı tərəfdarları ümid edirdilər ki, danışıqlar masasında onun həbsi məsələsi olacaq. “Yeni Müsavat”ın məlumatına görə, yeni amerikalı prezident Cozef Baydenin Demokratlar Partiyasından olması müəyyən təxminlər yaradırdı ki, demokratiya, insan haqları mövzusuna diqqət ayıracaq.

 

Hətta onun rusiyalı həmkarı Vladimir Putindən Navalnını azadlığa buraxmağı tələb edəcəyi ehtimal olunurdu. Lakin Bayden rus müxalifətinin və Navalnı tərəfdarlarının ümidlərini yerə vurdu. Bayden yalnız Navalnının həbsxanada səhhəti ilə bağlı Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib. Yəni onun azad olunması məsələsi ikinci planda qalıb. Putin isə öz növbəsində müxalifətçinin qanunları pozduğunu, hətta ABŞ-da Quantanamo həbsxanasının fəaliyyət göstərdiyini, bunun beynəlxalq qanunlara zidd olduğunu Baydenin yadına salıb.

 

Əlbəttə ki, liderlərin görüşünün belə nəticələnməsi Rusiya müxalifətini məyus edib. Navalnının iki dövlət arasında artıq bir bazarlıq predmeti  olduğu hiss olunmaqdadır. Rusiya liberalları, qərbpərəst müxaliflər tamamilə fərqli danışıqlar, hətta Putinə ciddi təzyiqlər gözləyirdi. Bu, özlüyündə Azərbaycandakı liberalların, amerikapərəst fəalların da “kefinə soğan doğradı”. Onlar Bayden administrasiyasından hakimiyyətlərə təzyiq olacağını hesablamışdı. Amma yeni Ağ Ev rəhbəri andiçmədən sonra verdiyi demokratiya vədlərinə xilaf çıxmış kimi görünür. Əslində təəccüblü hal yoxdur, ənənəvi Amerika siyasəti belədir: təhdid edir, sonra masa arxasında anlaşıb, təhdid etdiyi tərəflərdən böyük güzəştlər qoparır. Və o güzəştlər heç də demokratiya ilə bağlı olmur. Belə desək, ABŞ siyasi məhbus, insan haqları və demokratiyanın boğulması, azad seçki, müstəqil mətbuat faktorlarından siyasi bazarlıq üçün istifadə edib. Bayden-Putin görüşündə də Navalnı masada siyasi alver rolunu oynadı və bu, Azərbaycanda liberal müxalifətin, Qərbdən nicat gözləyən ictimai fəalların, bəzi QHT rəhbərlərinin, siyasətçiləri növbəti dəfə ümidlərini suya düşürdü. Çünki Bayden administrasiyasının bölgədə demokratiya və insan haqları ilə bağlı daha irimiqyaslı planları olduğu güman edilirdi.

 

Elman Nəsirov: Deputatın sürücüsü əfv siyahısına adam saldırırdı - Meydan.TV

 Elman Nəsirov

 

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, liderlərin Cenevrə görüşü strateji xarakter daşıyırdı. Onun sözlərinə görə, ABŞ və Rusiya dnüyada ən böyük nüvə ölkələridir. Deputatın fikrincə, iki superdövlətin rəhbərinin qlobal sülh və təhlükəsizlik məsələsində kompromisə gəlməsi dünyanı daha az təhlükəli edir, kataklizmlərin qarşısını alır:

 

“Lakin dialoq mühitinin olmaması dünyada yeni təhdid mənbələri yaradır. Əslində ABŞ-Rusiya münasibətlərinin gərgin olması reallığında onların görüş ehtimalı az hesab edilirdi. Çünki Bayden Putini kəskin ifadələrlə tənqid etmişdi”.

 

E.Nəsirov hesab edir ki, bu görüşdə əldə olunan əsas nəticə geri çağırılan səfirlərin diplomatik işini bərpası etməsi oldu:

 

“Bununla iki ölkə arasında diplomatik müharibə dayandırıldı. Düzdür, bir sıra fundamental məsələlərdə ortaq mövqe olmadığını görürük. Lakin  irəliləyişə nail olmaq cəhdi hiss olunur. Bu ilin sentyabrında Rusiyada Dumaya seçkilərdir. Seçkiqabağı Qərbin Rusiyaya total hücumu, Navalnı faktorundan istifadə edəcəyi ehtimalı vardı. Amma Baydenlə Putin görüşü bu proqnozların üstündən xətt çəkdi. Məlum oldu ki, Bayden üçün qlobal sülh məsələsi prioritetdir, Navalnı ikinci plandadır. Bu da rus liberallarını məyus edib. Analoji yanaşma Azərbaycana da aiddir”.

 

Deputatın sözlərinə görə, müəyyən radikal siyasi dairələr ABŞ-ın yeni administrasiyasının Azərbaycanla münasibətlərinin gərgin olacağına ümid bəsləyirdi: “Onlar ümid edirdi ki, ABŞ-ın Rusiya ilə olan gərginliyi bizə də sirayət edəcək. Əksinə oldu, Ərdoğan və Bayden görüşü həmin gözləntiləri alt-üst etdi.

 

Baydenin həm Ərdoğan, həm Putinlə görüşü göstərdi ki, əsas qlobal sülh və təhlükəsizlik məsələləridir. Yəni demokratiya və insan haqlarını bayraq edib təzyiq etmək taktikasında Vaşinqtonun indi fərqli mövqeyi var. Bu da radikal dairələri çox narahat edib, apatiya vəziyyətinə salıb".

 

Azad MƏSİYEV

 Azad Məsiyev

 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bildirdiyinə görə, ABŞ Rusiya qarşısında həmişə demokratiya və insan haqları məsələsini qabardır. Onun fikrincə, bu məqsədlə Vaşinqton rus müxalifətini hər zaman dəstəkləyir.

“Rusiya müxalifəti Amerikadan daha çox şey gözləyirdi. Amma Moskva ilə təzyiq formasında danışmaq yersizdir. İndi ABŞ yeni sanksiyaları gündəmə gətirmək istəyir. Əlbəttə, iqtisadi cəhətdən təsirləri qaçılmazdır. Amma Rusiyanın bu məsələdə ”islanmışın yağışdan nə qorxusu..."

 

Politoloq hesab edir ki, Amerika məqsədinə çatmaq üçün demokratiyadan bir vasitə kimi istifadə edir:

 “Ermənistan seçkilərində seçki pozuntuları haqda məlumatlar eşidirdik. Belə olan halda özünü demokratiya qarantı kimi təqdim edən Amerika bu məsələdə səsini çıxarmadı. Yəni ABŞ demokratiyanı əlində qalxan edib”.

 

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli

 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bu mövzuda yazıb ki, ABŞ nə Navalnını həbsdən çıxarmaq üçün ciddi addım atmaq istədi, nə də KİV və QHT-lərlə bağlı Rusiyada olan bərbad vəziyyətlə bağlı ciddi narahatlığını büruzə verdi: “Bu bir daha sübut edir ki, insan haqları, demokratiya, sivil toplum və mətbuat məsələsi Qərb üçün dəyərlər olsa da, həm də danışıq və güzəşt predmetidir. Yəni Qərb bu məsələləri qaldırır, təzyiq edir, sonra öz əsl gündəliyində olan, milli maraqlarına xidmət edən məsələlərdə nəsə güzəşt qoparıb, dəyərləri ritorikaya, çağırışlara çevirir”.

N.Cəfərlinin sözlərinə görə, ABŞ üçün əsas məsələlərdən biri kibercinayətkarlıqla bağlı addımlar idi: “Məncə, bu məsələdə anlaşdılar, Kreml dedi ki, siz insan haqları mövzusunu və sanksiyaları zəiflədirsiz, biz də kiberhücumları saxlayırıq, həm də Arktikadan yeni dəniz yolunun açılması məsələsində sizinlə birgə işləyirik”.

 

Ramiyə Məmmədova: “Avropanın ikili oyunları pozulmuş oldu”

 Ramiyə Məmmədova

 

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Bayden Putinə görüşü özü təklif etmişdi: 

“Putin görüşdən imtina edə bilərdi, amma etmədi. O halda tərəflər danışıqlarda öz şərtlərini diktə edir. Amerika prezidenti həmkarı ilə sərt ritorika xətti seçmədi. Bayden Putinə sanksiyalarla təzyiq etməyə hazırlaşır. Ona görə Navalnı məsələsi Vaşinqtonun bir nömrəli mövzusu olmadı. Rus müxalifəti bu mənada məyus olub ki, ABŞ Rusiyanı daha çox sıxışdırmalıydı”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...