İqtisadi artım bərpa olunub, inflyasiya isə sürətlənir

14:28 23-06-2021 | icon 354 | İqtisadiyyat
İqtisadi artım bərpa olunub, inflyasiya isə sürətlənir

Ölkə iqtisadiyyatında müsbət meyillər maydan etibarən özünü göstərməyə başlayıb. Bu da təsadüfi deyil. Yazmışdım ki, bunu həm pandemiya şəraitinin sovuşmaq istəyi şərtləndirir, həm neftin dünya bazar qiymətləri, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də iqtisadi aktivlikdə bərpa işartıları. 

 

Ümumiyyətlə, makroiqtisadi dayanıqlıq möhkəmləndikcə iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid artırdı. Budur: cari ilin ilk 5 ayının nəticələrinə əsasən tənəzzül dayanıb. 2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artım deməkdir.

 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azaldığı halda, qeyri neft-qaz sektorunda 4,5 faiz artıb.

 

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşüb.

 

Əlbəttə, ümumi iqtisadi tənəzzüllə bağlı eniş nə vaxtsa səngiməli idi. Pandemiya sovuşduqca, karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanmalı idi və dayanacaqdı da... Digər tərəfdən də, dünya iqtisadiyyatının aparıcı ölkələrində bərpa prosesi özü də, bizdə bir o qədər tez büruzə verəcəkdi. 

 

Düzdür, ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, buna da “daxildən qaynaqlanan inkişaf” deyilir və bizdə də məhz buna nail olmaq vacib sayılır. 

 

Ancaq tənəzzülün dayanması ilkin şərtdir.

 

Sözüm bunda deyil. Lakin tənəzzülün dayanması fonunda bir cəhət diqqəti cəlb edir ki, o da bundan ibarətdir: istehlak bazarında qiymətlərdə ilin əvvəlindən başlanan artım davam edir və yanvar-may aylarının yekununa əsasən, məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4 faizdən çox yüksəliş əldə edib. Bu zaman, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib. 

 

Ümumiyyətlə, may ayı ərzində qiymətlərin artım sürəti daha yüksək tempdə təşkil edib ki, bu da tənəzzülün qarşısının alınması və yaxud səngiməsi ilə üst-üstə düşdüyündən işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəssüratı yaranır. Halbuki, belə deyil.

 

Bəs, qiymətlərin bahalaşması nə ilə bağlıdır?

 

İnflyasiyaya dair ötən yazımda qeyd etmişdim ki, bahalaşmanın iki səbəbi var: birincisi, ən çox işlənilən enerji daşıyıcısı olan Aİ-92 benzin ilə dizel yanacağının bu ilin yanvarında bahalaşması və fevralın 1-dən suyun tarifinin artırılması; ikincisi isə pandemiya şəraitinin təsirləri (istehsala zərbə dəyməsi)... Digər tərəfdən, neftin qiymətinin 70 ABŞ dolları ətrafına qalxması ilə tələbatın bərpa olması və sair kimi amillər səbəbindən ilin əvvəlindən dünya üzrə də bahalaşmanın baş verməsi də az əhəmiyyətli sayılmır.

 

Ancaq inflyasiyanın davam etməsinin başqa səbəbləri də vardır. Bu da ölkəyə idxalın genişlənməsidir. Özü də əsas ticarət tərəfdaşı olan ölkələr tərəfindən. Hansı ki, həmin ölkələrdə milli valyutalar həm də ABŞ dollarına nəzərən ucuzlaşmaqdadır. ABŞ dolları dünya üzrə də möhkəmlənir, manatsa bunun müqabilində eyni nöqtədə “ilişib qalıb”. Yəni, bahalaşmağa meyillidir. Belə şəraitdə isə istehlak bazarında qiymətlərin yüksəlməsi qaçılmaz xarakter daşıyır və daşımalıdır da.

 

Cari ilin ilk 5 ayı ərzində idxal-ixrac əmıliyyatlarında Türkiyə, Gürcüstan və Rusiya Azərbaycanla ticarət əlaqələrində müsbət saldoya sahib olublar. Yəni, daha çox ixrac ediblər, nəyinki idxal. Məsələn, bu ilin yanvar-may aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarətin həcmi 1 867 000 000 ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz çoxdur. 

 

Amma diqqət yetirin: Azərbaycandan Türkiyəyə ixracın həcmi 1 207 000 000 dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 3,4 faiz az, idxalın həcmi isə 660 433 000 dollar olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 7,5 faiz çox təşkil edib.

 

Gürcüstanla da vəziyyət eynidir. Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 408 124 100 ABŞ dolları təşkil edib ki, bu zaman Gürcüstandan Azərbaycana 195,5 milyon dollar dəyərində məhsul (illik müqayisədə 14,6 faiz çox) ixrac olunduğu halda, adı çəkilən ölkənin Azərbaycandan idxalı 4,7 faiz azalaraq 212,5 milyon dollara bərabər olub.

 

O cümlədən, Rusiya ilə də... İlk 5 ay ərzində Rusiyaya ixrac 291 360 820  ABŞ dolları təşkil edibsə, bu ölkədən idxal 767 961 740 min dollara bərabər olub. Ümumiyyətlə, ölkəmizə idxalda Rusiya birincidir.

 

Bütün bu faktlar ciddi araşdırma və nəzarət tələb edir. Bəli, Azərbaycan iqtisadiyyatının bərpası inamla davam edir. 2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artaraq 908 milyon dollar təşkil edib ki, bu, olduqca müsbət hadisədir. Cari ilin ilk beş ayı ərzində ümumi ixrac da əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

 

Ancaq demək istədiyim budur ki, nə qədər ki, manat möhkəmlənməyə meyilli olduğundan ölkəmizə idxal stimullaşdırıcı xarakter daşıyır bizdən ixrac üzrə artım ləng inkişaf etməklə yanaşı, istehlak qiymətləri indeksi də daha çox yüksəkliyə doğru istiqamət götürəcək. Hökumətin inflyasiyaya aid cari ilə dair proqnozu 4 faiz ətrafındadır və qeyd olunur ki, bu, özünü doğruldacaq. İstehlak qiymətlərinin real artım səviyyəsi isə bunu gözləməyə əsas vermir.

 

Pərviz Heydərov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı