“Nə Türkiyəyə, nə də Azərbaycana tam uyğun deyil”

19:30 23-06-2021 | icon 344 | Siyasət
“Nə Türkiyəyə, nə də Azərbaycana tam uyğun deyil”

Abutalıb Səmədov: "Azərbaycan Prezidentli respublika formasının üstünlüklərindən müharibə dövründə səmərəli istifadə etdi və..."

 

Xəbər verildiyi kimi, Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. Türkiyə də yeni Konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır. Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Azərbaycanda bu müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov açıqlamasında bildirib ki, 1918-ci il Xalq Cümhuriyyətindən başqa, bizim ölkəmizdə heç vaxt Parlament idarəçiliyi olmayıb.

 

Onun sözlərinə görə, Parlamentli respublika idarəçilik formasına keçid barədə müzakirələr, əlbəttə, başlana bilər və digər məsələlərdə olduğu kimi, bu məsələnin müzakirəsinə də qadağa qoyula bilməz. Amma partiya sədri hesab edir ki, Azərbaycanda buna ehtiyac yoxdur:

 

“Bu idarəçilik üsulu bir neçə dövlət istisna olmaqla əksər dövlətlərdə özünü doğrultmayıb. Azərbaycan Xalq Cumhuriyyəti dövründə əsas işlər parlamentin olmadığı - 1918-ci ilin iyunundan dekabra qədərki dövrdə görüldü. Sonra parlament açıldı və mənasız müzakirələr, ardıcıl hökumət dəyişiklikləri ciddi problemlər yaratdı. Eyni hadisələri Türkiyədə də müşahidə etdik. Tez-tez dəyişən, zəif koalisyon hökumətlər, dövlət çevrilişləri, Menderesin asılması, Ərbakanın uzaqlaşdırılması həm də parlamentli respublika idarəçilik formasının törətdiyi fəsadlar idi. Türkiyənin yüksək dərəcədə inkişafı AK Partinin təkbaşına hakimiyyətə gəldiyi ilk illərdən başladı və prezidentli respublikaya keçidin əvvəlində davam etdi. Sonrakı dövrdə problemlər başladı və haqlı olaraq bu idarəçilik üsulunun ləğvi, yenidən parlamentli respublikaya qayıtmaq təklifləri səsləndi. Lakin çıxış yolu nədədir? Məncə parlamentli respublika idarəçilik forması, prezident respublikası üsul-idarəsi nə Türkiyəyə, nə də Azərbaycana tam uyğun deyil”.

 

A.Səmədov hesab edir ki, Fransada olduğu kimi, qarışıq sistemin seçilməsi, parlament seçkilərinin nəticələrinə görə qalib partiya sədrinin başçılığı ilə formalaşan Nazirlər Kabinetinə iqtisadiyyatı idarəetmə səlahiyyətinin verilməsi daha səmərəli olardı. Onun fikrincə, bu şəraitdə hökumətlərin dəyişməsi ölkədə ciddi böhran yaratmaz və işinin öhdəsindən gəlməyən hökumət başçısını dəyişməklə cəmiyyətdəki gərginliyi, narazılığı azaltmaq olardı:

 

“Bu halda 30 il nazir postunda oturmaq halları da, nazirlərin parlamentə və deputatlara saymazyana münasibəti də aradan qalxardı. MDB-yə daxil olan respublikalar içərisində Qazaxıstan tam olmasa da, müəyyən qədər qarışıq idarəçilik formasının elementlərindən istifadə edir və nəticələr də göz qabağındadır.

Azərbaycan prezidentli respublika formasının üstünlüklərindən müharibə dövründə səmərəli istifadə etdi və qazanılan qələbədə bütün hakimiyyətin prezidentin əlində toplaşması mühüm rol oynadı. Artıq torpaqlarımız işğaldan azad olunub və qarşımızda duran əsas vəzifə yüksək səviyyədə iqtisadi inkişafa nail olmaq, ilk növbədə, regionların ÜDM-də payını dəfələrlə artırmaqdır. Bu məqsədə nail olmaq üçün mütləq konstitusiya islahatları keçirmək, qarışıq idarəçilik formasına keçmək, inzibati-ərazi islahatları aparmaq, paytaxtı respublikanın mərkəzinə köçürmək və sair bu kimi addımlar atılmalıdır”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...