Əsl qalibiyyətin TƏNTƏNƏSİ
Sevincimiz, fərəhimiz, qürurumuz bu il bir başqadır
QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət Komitəsinin sədri/
Uzun illərdən sonra Azərbaycan Silahlı Qüvvələr Gününü fərqli ovqatda keçirdik. Qalib ölkə olaraq, sevincimiz, fərəhimiz, qürurumuz bu il bir başqadır. Hər keçən il daha başqa olacaq.
Hələ 2-3 il öncə bir yazar dostumuz mətbuatda maraqlı mühakimə ilə çıxış etmişdi – məzmunu beləydi ki: Ermənistan əldə etməli olduqlarından, əldə edə biləcəklərindən haqsızca artığını əldə edib və bu gedişat öz məntqi sonluğuna çatacaq. – Artıq Azərbaycan yüksələcək və Ermənistan haqq etdiyi enişi yaşayacaq. O mühakimə özünü tam doğrultdu. Haqsız “uğur”lardan başı gicəllənən Ermənistan hərbi-siyasi rəhbərliyi “Qarabağ – Ermənistandır və nöqtə”, “Yeni müharibə - yeni ərazilər” kimi sərsəm bəyanatlar verməyə başladı. Ardınca, Ermənistandan Cəbrayıla, Kəlbəcərə yeni yollar çəkilməyə balandı, qondarmadan daha qondarma Xankəndi rejiminin “seçkilər”i keçirildi, Şuşada “andiçmə” hoqqası çıxarıldı, oyuncaq “parlament” Xankəndindən Şuşaya köçürəcəyi və s. açıqlamalar oldu. Ermənistanın azğınlığı o həddə çatdı ki Qarabağdakı qanunsuzluqları bir yana, 12 iyul 2020-ci ildə Tovuza qəfil hücum cəhdində bulundu. Tovuzda burunları ovulan düşmən avqustda Goranboya kəşfiyyat-diversiya qrupu göndərdi. Və nəhayət sentyabrın 27-də səhər saat 06.00-da Qarabağdakı Ermənistan hərbi birlikləri təmas xətti boyunca hücuma cəhd etdi. Etdi də nə oldu?! – Bu, artıq bardağı daşıran son damla oldu...
Ali Baş Komandanın “İrəli!” əmri üzrə hərəkətə keçən şanlı ordumuz ildırım sürətli əks-hücumla keçilməz sədləri keçdi, alınmaz postları aldı. İşğalçı ilə qurtarıcının, yadelli ilə torpaq yiyəsinin fərqini, saxta “qalib ədası” ilə əsl qəhrəmanlığın açıqara fərqinin necə olduğunu göstərdi. Budur, Ermənistanda ictimai-siyasi proseslər Azərbaycan Dəmir Yumruğunun kölgəsində cərəyan edir. Budur, o, Dəmir Yumruq Hadrutda abidəyə çevrilir. O Dəmir Yumruq ki saxta erməni “qəhrəmanlar”ın yaxasındakı dəmir-dümürü taxmağın onlara verdiyi xəcaləti nümayiş etdirərkən, əsl qəhrəmanların təltif olunma mərasiminin təntənəsini yaşadır bizlərə. Bəli, bu ilki bayramların hər biri ayrı bir gözəllik kəsb edir, bu sırada Silahlı Qüvvələr Gününün öz yeri, öz missiyası var. Əcdadın hərb ənənələrini müasir hərbin yenilikəri ilə universal şəkildə birləşdirən Azərbaycan Ordusu öz Müzəffər Ali Baş Komanadnının başçılığı ilə bölgəyə, yaxın-uzaq coğrafiyaya həqiqətin gücünü, gücün həqiqətini göstərdi.
Tarixi ədaləti bərpa etmiş Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bütün çıxışları maraqlı və yaddaqalan olub; Prezidentin çıxışları ən ümidsiz vaxtlarda ümid verib, inam aşılayıb; tarixi zəfərdən sonrakı çıxışlarında isə Prezident öz öncəki çıxışlarında verdiyi vədləri bir-bir xatırladaraq, mövcud dəyərli nəticələrə necə gəlindiyinin yol xərtiəsini cızması ilə seçilir. Özü də, Prezidentin müharibəsonrası çıxışları yalnız bugünə necə gəlindiyini ifadə etmir, eynigüclə bundan sonrakı vizyonumuzu da göstərir. Azərbaycan dövləti daxili siyasətdə, beynəlxalq aləmdə, Ordu quruculuğunda, iqtisadi sahədə, siyasi-diplomatik sahədə daha hansı yeni vəzifələrlə yükümlüdür? – Dövlət başçısının çıxışlarına, konkret olaraq, Silahlı Qüvvələr Günü münasibəti ilə çıxışna diqqət etməklə, gələcək yükümlülüklərimizi aydın görə bilərik. Görə bilərik ki, -Azərbaycan xalqı öz dövlət başçısının güclü siyasi iradəsi ilə qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da yerinə yetirəcək; -Xocalı Soyqımını, Qarabağda yaşananları, vandalların Azərbaycana vurduğu ziyanları unutmuruq, unutamayacağıq; -Sihalı Qüvvələrimizin say tərkibi, silah arsenalı daha da böyüyəcək; -İqtisadi gücümüz yeni reallıqlar fonunda daha da artacaq; -Böyük qayıdış üçün nə mümkünsə ediləcək və edilir də. Edilir ki, əhalimizin təhlükəsiz şəkildə öz yurd-yuvasına dönsün, Qarabağda yeni həyat başlasın; -Qarabağda yeni həyat yalnız psixoloji üstünlüklərə deyil, sosial üstünlüklərə malik olacaq; -Şəhid ailələrinə, yaralı qazilərə, ümumən ömrü Silahlı Qüvvələrdən keçmiş Vətən oğullarının həyat şəraiti, onlara göstərilən diqqət-qayğı artan xətt üzrə davam edəcək; -Azərbaycan dünya birliyinin layiqli üzvü kimi öz şan-şöhrətini qorumağa, daha yeni dostlar qazanmağa qadirdir; -Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə sonuclanıb və şəhidlərimizin intiqamı döyüş meydanında alınb. Azərbaycan öz güclü dövlət başçısı, onu intellekti, dövlət-xalq biriyi ilə, xalqın vətəncanlılığı sayəsində BMT-nin, ATƏT-in, başqa qurum-quruluşların edə bilmədiklərini edərək yeni bir ümumdünya örnəyi yaradıb və s.
Bizim sevinc, fərəh və qürurumuz yalnız Qələbəyə əsaslanmır – Qələbəmizin ədalətli Qələbə olmasına əsaslanır. Biz ədaləti bərpa etmişik. Bu, mühüm əsasdır. Yalnız onu deyək ki ədalətsiz qələbə dayanıqlı ola bilməz, xalqa xeyir gətirməz, dünya birliyi tərəfindən qəbul görməz və s. Biz Ermənistanın məhz belə saxta qəhrəmanlıq tarixcəsini sıfırlayıb, onları əsl qəhrəmanlıq necə olur? – görməyə dəvət etmişik. Biz ədalətli qalibiyyətin, əsl qalibin necə olduğunu göstəririk. Buna müharibədə və sülhyaratmada göstərilən qızıl ləyaqət deyilir! Və nəhayət: “Əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi”. (Prezident İlham ƏLİYEV. 26 iyun 2021-ci il, “Gülüstan” Sarayı).
DÖVLƏTİMİZ VAR OLSUN!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”