“Kim istəyirsə ALDP-yə qoşula bilər, amma...”
Nizami Verdiyev: “Liberal yönümlü partiya varsa, buyursun”
“Həbsləri doğru hesab edirəm. Ancaq bu həbslər çox gec baş verir. İllər boyu biz deyirik, ünvanları göstəririk. Göstərdiyimiz faktları heç kim normal qəbul edə bilməz. Nəzərə almaq lazımdır ki, neqativ halların aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi”.
Bunu Versus.Az-a son illər bir neçə icra başçısının həbsi ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
N.Verdiyevin fikrincə, cəmiyyət olaraq özünütəmizləmə prinsipini həyata keçirməliyik:
“Hər bir vətəndaş bu işdə aktiv olmalıdır, heç nədən çəkinməməlidir. Bu, çox vacib məsələdir. Partiyamızın sədri müsahibələrinin birində vurğulamışdı ki, icra başçıları özlərini "padşah" kimi aparır. Təəssüflə qeyd etməliyəm ki, belə icra başçıları indi də var, xüsusilə rayonlarda. Burada təkcə icra başçıları yox, bütövlükdə məmurları qeyd etmək istərdim. Sui-istifadə edən məmurun işdən azad olunması, qanunlara uyğun olaraq cəzalandırılması qorxusu, məsuliyyət hissi olmalıdır. Ancaq biz bunun tam əksini görürük”.
N.Verdiyev bir neçə partiyanın birləşməsi məsələsinə də toxunub. Bildirib ki, əslində belə bir informasiya ilə rastlaşmayıb:
“Dəqiq deyə bilərəm ki, partiyamıza belə bir təklif gəlməyib və bizim də, kiminləsə birləşmək istəyimiz yoxdur. Kim istəyirsə ALDP-yə qoşula bilər. Amma bu birləşmə ideoloji əsasda olmalıdır. Liberal yönümlü partiya varsa və belə bir istəyi olsa, buyursun ALDP ilə birləşsin. Biz onların istəyini dəyərləndirərik”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”