Razi Nurullayev: "AZAL dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq"
"Tarif şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil. Hökumət açıq şəkildə desin ki, dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır və onlar da səmərəli işləmir. Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur".
Versus.Az xəbər verir ki, bunu Parlamentdəki çıxışında deputat Razi Nurullayev bildirib.
Deputatın fikrincə, məhz, buna görədir ki, uşaq pulu adı gələndə aidiyyatı vəzifəli şəxslər qulaqlarını tutur:
"Bu qərarlar 20 il öncə verilməli idi. Əgər bu populyar olmayan qərarlar 20 il öncə verilsəydi, bizim vətəndaşlar fərqli və sosial cəhətdən rifah bir Azərbaycanda yaşayardılar. Yüz milyonlarla vəsait və kreditlər də havaya sovrulmazdı, oğurlanmazdı və xaricə daşınmazdı".
Razi Nurullayev qeyd edib ki, xalq gözünü neft şirkətinə dikib, o belə dövlət büdcəsindən dotasiya alır:
"Belə yanaşma dünyada varmı? Bəlkə var, mən bilmirəm?! AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq.
Uzun sözün qısası, Tarif Şurası ləğv edilməli, səlahiyyətləri isə Parlamentə verilməlidir. 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və sosial paketlər hazırlanacaqdır. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir".
PƏRİ
Versus.Az