“Dialoq sadəcə texniki məsələlərin həllinə yönəlməməlidir”
Anar Əsədli: “Özünü doğurltmayan siyasi partiyaları zaman silib atacaq”
Azərbaycanın mövcud siyasi, geopolitik durumu siyasi partiyaların qarşısında müəyyən vəzifələr qoysa da, partiyalar hələ də öz “qlaf”ından çıxa bilmir, bir çox hallarda məsuliyyətsiz, ittihamçı davranışlarını davam etdirirlər. Vaxtilə ölkənin siyasi həyatında aktivliyi ilə diqqət çəkən bəzi partiyalar durğunluqdan çıxmaq üçün çaba göstərmədən yenə də zəifliklərinin günahını iqtidarın və xalqın üzərinə yükləyirlər.
Müxalifətin siyasi mübarizə “ənənsindən” çıxa bilməyən gənc siyasi partiyalar belə bir durumda siyasi düşərgəyə hansı yeniliyi gətirə biləcək. Maraqlıdır, ofislərin verilməsi, qeydiyyata alınmalar partiyaları nə qədər aktivləşdirə bilib?
Versus.Az xəbər verir ki, rəsmi qeydiyyata alınmayan Azərbaycan Yüksəliş Partiyasının sədri Aqil Əsədli açıqlamasında mövcud siyasi, geopolitik durumda siyasi partiyaların vəzifələrinə neytral mövqedən yanaşıb.
Onun fikrincə, müharibə dövrü istisna olmaqla, siyasi partiyaların vəzifəsi hakimiyyətin qüsurlarını güzgü kimi göstərmək, yanlışlarını demək və öz proqramlarını gerçəkləşdirmək üçün hakimiyyətə gəlməkdir:
“Yüksəkiş Partiyası olaraq düşünürük ki, hər bir siyasi partiya öz daxili imkanları çərçivəsində lazımi fəaliyyəti göstərir. Siyasətçini yetişdirən də, əvəzləyən də, tarixin arxivinə göndərən də xalqdır. Bu, süni surətdə kiminsə və ya kimlərinsə istəyi ilə həyata keçirilə bilməz”.
Xalqın siyasi proseslərdə akrivlik nümayiş etdirmədiyini deyən A.Əsədlinin fikrincə, özünü doğurltmayan siyasi partiyaları zaman özü silib atacaq:
“Müxalifət dövlətin strateji sütunudur. Ona görə də partiyaların fəaliyyətinə dövlət hər türlü dəstək verməlidir. Burada hakimiyyət və dövlət anlayışlarını ayırmaq lazımdır. Demokratik cəmiyyətlərdə hakimiyyətlər başa düşürlər ki, partiyaların fəaliyyətinə maddi, texniki maneə göstərmək, fəaliyyətinə qadağalar qoymaq bir dövlətin gələcəyinə vurulan zərbədir. Bunu edən hakimiyyətlər dünyada avtoritarizmin göstəricisi qəbul edilirlər. Məsələn, Belarus timsalında nə qədər mənfi rəy doğurduğunu görürük. Bu baxımdan da siyasi dialoqun inkişafını ölkəmizdə vacib hesab edirəm, amma vurğulayım ki, bu dialoq sadəcə texniki məsələlərin həllinə yönəlməməlidir”.
Əksər siyasi partiyaların özünü Elçibəy ideologiyasının davamçısı kimi təqdim etməsinə toxunan partiya sədri, özünü “davamçılar” sayan siyasilərin o ideyanı gerçəkləşdirəcəyinə inandığını deyib:
“Müəyyən ideyalar var ki, onların gerçəkləşməsi zaman alır. Siyasi partiyanın missiyası odur ki, bunu unutdurmasın. Çünki zəfərə aparan yol inamdan keçir. Bu, bir növ son 30 ildə televiziya ekranlarımızda işğaldan azad olunana qədər hər gün hava proqnozunda həmin ərazilərn mütəmadi olaraq adlarının çəkilməsinə bənzəyirdi. İlk baxışdan çox mənasız görünsə də, əslində qalibiyyətlə olan inamın göstəricisi idi ki, bir gün belə olacaq. Siyasi partiyaların bu gün Elçibəyin irəli sürdüyü ideyaların daşıyıcısı olması buna bənzəyir. Bu gün real görünməsə də, bir gün reallaşacaq”.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”