“Xəritələrin verilməsi Azərbaycanla münasibətləri yaxınlaşdırmaq naminə edilmir”

10:19 07-07-2021 | icon 453 | Siyasət
“Xəritələrin verilməsi Azərbaycanla münasibətləri yaxınlaşdırmaq naminə edilmir”

“Azərbaycan o xəritələr olsa da öz işini görəcək, olmasa da

 

Azərbaycan daha iki rayonun mina xəritələrini Ermənistandan aldı. Rusiyanın qarant durduğu mina xəritələrinin nə dərəcədə real olacağı birmənalı qəbul olunmur. Dünənədək bu xəritələrin mövcudluğunu danan Ermənistan rəsmi məlumat yayaraq 15 diversantın azad edilməsi qarşılığında “xoş məram jesti” edərək Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycana təhvil verdiyini bəyan edib.

 

Beynəlxalq humanitar konvensiyalara görə müharibə bitəndən dərhal sonra mina xəritələrini qeyd-şərtsiz Azərbaycana verməli olan Ermənistanın indi “xoş məram jesti”ndən danışması gülünc olsa da, bir sıra yerli və  xarici ekspertlər bu prosesi Ermənistanın dinc yolla dialoqa gəlməsinə hazırlaşdırılması baxımından irəli sürür. Eyni zamanda Ermənistanın dialoqa hazır olmasının illüziya olduğunu iddia edir və bu ölkənin yalnız təzyiq dilindən anladığını deyirlər.

 

Bütün hallarda  Ermənistanın minalanmış xəritələri təhvil verməsi hansı siyasi və hərbi əhəmiyyətə malikdir və bu düşmən ölkənin gözlənilən sülh danışıqlarına uyduğunu deməyə əsas verirmi?

 

 

 

 

“Ermənistanın hərəkətləri beynəlxalq hüquqa, beynəlxalq qurumlara tüpürməkdir”

 

Mina xəritələrinin təhvil verilməsinin hərbi əhəmiyyətini təhlil edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan o xəritələr olsa da öz işini görəcək, olmasa da.

 

Onun sözlərinə görə, hələ o xəritələrin nə dərəcədə dəqiq olduğu bilinmir və onun bizim üçün hərbi əhəmiyyəti o qədər də böyük deyil:

 

“Azərbaycan onsuz da öz işini görürdü. Əgər verilən xəritələr  reallığı əks etdirəcəksə, biz həmin əraziləri daha tez təmizləyə biləcəyik. Xəritələrin verilməsi Ermənistanın buna məcbur edilməsi baxımından uğurlu addım kimi dəyərləndirilə bilər. Erməni o yerləri bizdən yaxşı tanıya bilməz. O ərazilər bizim ərazilərdir, bizim yerlərdir”.

 

Ü.Cəfərov bildirib ki, bu gün “xoş məram”dan danışan ermənilərin məramı, şərəfsizliyi ağaclara bağladıqları minalarda yaxşı görünür. Ermənistanın bu hərəkətləri beynəlxalq hüquqa, beynəlxalq qurumlara tüpürməkdir:

 

“Onsuz da biz bilirdik ki,  Ermənistan heç bir beynəlxalq hüquq normalarını tanımır. Tanısaydı 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməklə bağlı BMT-də qəbul olunan 4 qətnaməni yerinə yetirərdi. Bu gün yekə-yekə danışan qurumlar da Ermənistanı buna məcbur edərdilər. Ermənistan noyabrın 10-da imzalanmış razılaşmaya əsasən minalanmış xəritələri Azərbaycana təqdim etməyə və silahlı erməniləri ərazilərindən çıxarmağa borclu idi. Bunu etmədi və Azərbaycan öz gücü ilə, müxtəlif vasitələrlə o xəritələri əldə etməyə çalışdı. Aylardır ki, ölkə rəhbərliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, deputatlar və digər qurumlar bu məsələni müxtəlif kürsülərdə qaldırırlar. Amma beynəlxalq təşkilatlardan bir səs çıxmır. İndi isə hamı guya xəritələrin qaytarılmasından xoşhal olub. Düzü mən başa düşə bilmirəm beynəlxalq qurumlarda Ermənistanın hüquq pozuntusuna göz yuman Avropa Şurası təmsilçiləri, ATƏT-in həmsədrləri özlərinə necə hörmət edirlər?!”

 

Bununla yanaşı, ekspert hesab edir ki, mina xəritəsinin verilməsi bir qədər prosesləri yüngülləşdirmək, bu işin bir qədər təhlükəsiz və mümkün qədər tez həyata keçirilə bilməsi üçün lazımdır:

 

“Ən azı riskli mina zonaları barədə aydın təsəvvür olacaq. Biri var 1 kvadrat metr ərazini 40 dəqiqəyə təmizləyəsən, bir də var ki, 1 saata təmizləyəsən. Bu nöqteyi-nəzərdən xəritələrin alınmasının əhəmiyyəti var”.

 

Ü.Cəfərov bildirib ki, minalanmış xəritələrin əsas memarı Rusiyadır:

 

“Ermənidə o ağıl yoxdur. Bir ay əvvəl Paşinyan özü dedi ki, o xəritələr Rusiyadadır. Ermənilərin xoşməramlı çıxışlarında səmimi olmalarını heç vaxt qəbul etməmişəm. Erməni ermənidir, o ki qaldı Paşinyan olsun... Eyni zamanda bu məsələ Ermənistanda lap əvvəldən minalanmış ərazilərin xəritələrinin olduğunu təsdiqləyir. İrəvan həmin xəritələrin mövcud olmadığını iddia edərək, yaxud sadəcə, susqunluq göstərərək, onları təhvil vermirdi. Artıq hamı başa düşdü ki, Ermənistan bu məsələdə tamamilə qeyri-konstruktiv mövqe tutub. Eyni zamanda dünyada balaca bir dılğır erməninin qarşısında necə aciz qaldıqlarını görür. Azərbaycan onsuz da dünyanın həll edə bilmədiyi məsələni həll elədi. BMT-nin icra edə bilmədiyi qətnamələri yerinə yetirdi. İndi isə o minalanmış ərazilərin xəritələrini versələr də, biz öz işimizi görəcəyik, verməsələr də”.

 

Hərbi ekspert, Ermənistanın mina xəritələrinin verilməsi üzərindən özünün “xoş məramı” kimi təbliğat qurmasını, ermənilərin və havadarlarının növbəti məkirli davranışı kimi qeyd edib:

 

“Görün nə qədər həyasızdırlar ki, minaların xəritələrini qaytarmağı humanistlik kimi təqdim edirlər. Biz onsuz da torpaqlarımızı erməni terrorundan azad edəcəyik və bunun üçün də hər çür resursumuz var. Bədbəxt ermənilər özləri gedib dərdlərini çəksinlər ki, hamı Ermənistandan qaçır. Ermənilərin belə sayıqlamaları zaman-zaman olub və var, bundan sonra da olacaq. Biz əxlaqı olmayan ermənidən, vandal, faşist ideologiyası ilə formalaşan bir düşməndən nə gözləyəcəyik ki. Hələ üstəlik xəritələrin qaytarılmasını “xoş məram” kimi qeyd edirlər. Humanistlik o idi ki, Azərbaycan sənin 15 yaramazını qaytardı, 13-nün də məhkəməsi gedir”.

 

Ekspert hesab edir ki, bu gün ermənilərə havadarlıq edən Rusiya sülhməramlılarının komandiri general-leytinant Rüstəm Muradovun hərəkətləri qıcıq doğurur. Onun sözlərinə görə, bu adam özünün funksional vəzifələrini kənara qoyub, dişlərini ağarda-ağarda “ora-bura”gedir:

 

“Sülhməramlıların komandiri indi ikinci Kasprişikin rolunu oynayır. Birinci Kasprişik ATƏT xətti ilə burdan ora, ordan bura qaçırdı, ikinci “Kasprişik” də Rusiyanın xətti ilə hərəkət edir. Onların vəzifəsi ərazilərdə olan qeyri-qanuni silahlıları zərərsizləşdirib qanuna dəvət etməkdir. Amma görünən odur ki, sülhməramlılar tam başqa missiyanı yerinə yetirir. Adamdan soruşarlar, nədir, sən kuryer işləyirsən?!”

.

O ki qaldı xəritələrin verilməsinin sülh danışıqlarına doğru hansı addım olmasına, Ü.Cəfərov bildirib ki, bütün hallarda Azərbaycan Ermənistanı sülh danışıqlarına məcbur edəcək:

 

“Onlar nə bəyanat səsləndirir, səsləndirsinlər, ortada onların yiyələri var. Yəni Rusiya sənədə imza atıb və səsləndirdiyi fikirlərdən aydın olur ki, tərəflər arasında sülh təminatına nail olmalıdırlar. Birinci növbədə isə sərhədlər müəyyənləşməlidir.  Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra yerdə qalan məsələlər Azərbaycanın daxili işi olacaq.  Xankəndi, Xocavənd və digər ərazilər də avtomatik olaraq Azərbaycanın nəzarətində olacaq. Ondan sonra sülhməramlılara da ehtiyac qalmayacaq”.

 

 

 

 

 

“Paşinyan yeni “nəğmələr oxumağa” başlayıb”

 

Politoloq Qabil Hüseynli mina xəritələrinin siyasi əhəmiyyətini təhlil edərkən Rusiya oyunlarının önə çıxdığını qeyd edib.

 

Politoloq bildirib ki, müharibədən sonra minaların qaytarılması beynəlxalq konvensiyalarda nəzərdə tutulub və xəritələrin qaytarılması üçün heç bir şərt irəli sürülməməlidr:

 

“Amma ermənilər Azərbaycanda diversiya törətmiş 15 nəfər erməni əsirini bu xəritələrin müqabilində geriyə qaytardılar. Onların içərisində 13 nəfərə məhkəmə araşdırılması nəticəsində cəza da kəsilmişdi. Xəritələrin verilməsi beynəlxalq konvensiyalara uyğun, Azərbaycanla münasibətləri yaxınlaşdırmaq naminə edilmir. Rusiya bu prosesə nə dərəcədə qatılsa da, əvəzində erməni silahlı qüvvələri sülhməramlı qüvvələrin nümayəndələrini istədiyi vaxt Ermənistana göndərir.  Bütün xəritələr verilmiş olsaydı, bunu xoş niyyət, iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəldilmiş xoş məram  kimi dəyərləndirmək olardı. Təəssüf ki, bu belə olmadı, hələ də Kəlbəcərin, Laçının və Qubadlının mina xəritələri Azərbaycana verilməyib. Bu o deməkdir ki, ermənilər Azərbaycanı həmişə nədəsə asılı vəziyyətdə saxlamağa çalışırlar. Torpaqlarından qovulmuş 1 milyondan artıq Azərbaycan insanının öz ərazilərinə qayıdıb məskunlaşmasını yubandırmaq istəyirlər. Bununla da Azərbaycana başqa yolla zərbə vurmaq istəyirlər. Paşinyan seçkilərdə qələbə qazanıb əlini möhkəmləndirəndən sonra yeni “nəğmələr oxumağa” başlayıb. Və danışıqlar prosesi ilə bağlı hələ ki, Azərbaycanı təmin etməyəcək yeni sülh oyunundan ibarət iddialar irəli sürür. Hər halda Ermənisatanla Böyük Sülh sazişini bağlamaq xeyli çətindir. Çünki Ermənistan qeyri-konstruktiv davranışı ilə sülh prosesinə əngəllər yaradır”.

 

Politoloq regionda gedən prosesdə növbəti məkirli maraqların rol oynadığını önə çəkib. Bildirib ki, Rusiya indi də Cənubi Qafqazda hakim rola malik olduğunu sübut etmək istəyir:

 

“Heç kəsə sirr deyil ki, minaların verilməsi Rusiyanın hökmünə bağlıdır. Rusiya istəsə diversantları geri qaytarmadan da mina xəritələrini Azərbaycana qaytartdıra bilərdi. Amma Rusiya burda siyasi alverə girişib. Bu alver hesabına həm Azərbaycanı, həm də Ermənistanı açıq təhdid altında saxlayır. Burda Rusiyanın rolu konstruktiv addım sayıla bilmz.

Qıcıqverici addımların bu şəkildə atılması, prosesin bu şəkildə idarə edilməsi bölgədə Azərbaycanı Türkiyə ilə birlikdə antiterror əməliyyatlarına başlamağa vadar edə bilər. Onsuz da bu məsələ gündəmdədir. Üstəlik Azərbaycan Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsini gündəmə gətirə bilər. Kim nə deyirsə desin, hansı mahnıları oxuyur oxusun, Rusiya sülhməramlılarının bölgədə 5 il yox, xeyli az müddətdə qalacağını söyləmək mümkündür. Çünki sülhməramlılar Ermənistanda yaşayan erməniləri Qarabağa gətirməklə, partizan hərəkatı ilə məşğul olmaq məqsədi ilə bölgəyə diversant qrupları buraxmaqla və digər hərəkətləri ilə Rusiya sülhməramlıları, sülhməramlı prinsipləri çoxdan tapdalayıb keçiblər”. /"həftə içi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...