“Dəmir yumruq” əməliyyatını tezləşdirən TƏXRİBAT

16:39 12-07-2021 | icon 612 | Siyasət
“Dəmir yumruq” əməliyyatını tezləşdirən TƏXRİBAT

Bilsəydilər ki, bu təxribat onlara baha başa gələcək və...

 

 
 
 
 

ELXAN ŞAHİNOĞLU
/politoloq/

 
 

Ermənistanın Azərbaycanın sərhəddinin Tovuz istiqamətindəki təxribatından 1 il keçdi. Görəsən Ermənistanın baş naziri Nikol Paşinyan və onun o zamankı müdafiə naziri David Tonoyan bilsəydilər ki, bu təxribat onlara baha başa gələcək və Azərbaycan ordusu bir neçə ay sonra hərəkətə keçəcək Tovuz təxribatına yaşıl işıq yandırardılarmı?

 
 
Məsələ burasındadır ki, Paşinyanla Tonoyan Tovuz təxribatına qədər də artıq “qırmızı xətti” keçmişdilər. Paşinyan Şuşaya tez-tez gələndə, Şuşadan “Qarabağ Ermənistandır” deyəndə, separatçıların “parlamentinin” Şuşada yerləşəcəyinə qərar verəndə, Tonoyan isə “biz yeni ərazilər ələ keçirəcəyik” açıqlamasını verəndə artıq müharibə düyməsinə basılmışdı və Azərbaycan qərarını vermişdi. Tovuz təxribatı sadəcə rəsmi Bakının qərar gününü yaxınlaşdırdı. Ötən ilin bu günlərində sərhəddə gərginliklə yanaşı maraqlı geosiyasi hadisələr də cərəyan edirdi.
 
 

Həmsədrlər səhv etdilər

 
 
Sərhəddəki gərginliyə qədər Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədlərinin vasitəçiliyi ilə onlayn konfrans keçirdilər. Onlayn konfrans bir saat çəkdi. Həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkirdi.
 
 
Birincisi, həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndirdilər. Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə etdilər.
 
 
İkincisi, həmsədrlər təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd edirdilər.
 
 
Üçüncüsü, həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildirirdilər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırırdılar.
 
 
Dördüncüsü, həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğuladılar.
 
 
Beşincisi, həmsədrlər və xarici işlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəldilər.
 
 
Həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayandılar: “Münaqişənin hərbi həll yoxdur” və “xalqları sülhə hazırlamaq lazımdır”. Həmsədrlər yenə səhv etdilər.
 
 
Azərbaycanla Ermənistan arasındakı sərhəddə 4 günlük müharibədə sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ortaq bəyanat yaydılar. Bəyanatda belə bir cümlə var idi: “Həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni "şərtlər" yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir”.
Cümlənin birinci hissəsindəki “şərtlər” ifadəsi ”Ermənistanın baş naziri Nikol Paşinyana aid idi. Çünki məhz Ermənistanın baş naziri sərhədəki döyüşlərdən sonra hökumətin iclasında münaqişınin həlliylə bağlı təxribatçı “şərtlər” irəli sürmüşdü. Göründüyü kimi, vasitəçilər Paşinyanın “şərtlər” irəli sürməsini danışıqlara zərər kimi qiymətləndiriblər.
 
 
Həmsədrlərin bəyanatındakı cümlənin əvvəli və ikinci hissəsi isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə aid idi. Hikmət Hacıyev sərhəddəki döyüşlərdən sonra demişdi ki, rəsmi Bakı Minsk Qrupunun 11 üzvünün toplanmasını vacib hesab edir. Bundan başqa Hikmət Hacıyev vasitəçilərin fəaliyyətindən narazılığını bildirmişdi. Həmsədrlər isə bəyanatlarında buna cavab olaraq mövcud fotmatın dəyişilməsinin dialoqa zidd olduğunu vurğuladılar.
 
 

İlham Əliyev nazirlərin onlayn konfranslarını mənasız adlandırdı

 
 
Prezident İlham Əliyev iyulun 6-da verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlara və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə toxundu.
 
 
Birincisi, prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu İlham Əliyevin qiymətləndirməsiydi;
 
İkincisi, prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı.
 
 
Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını da tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”;
 
Dördüncüsü, prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”;
 
Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındaydı ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Müzakirələrdə koronavirus pandemiyası ilə mübarizənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə aidiyyatı var idi? Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Belə olan halda keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun nədən hər dəfə erməni həmkarıyla onlayn müzakirələrə qatılması sual doğururdu. Prezident bu müzakirələrin Azərbaycan üçün mənasız olduğunu bildirdi, xarici işlər naziri isə vasitəçilərin təklif etdikləri bütün mənasız onlayn konfranslara qatılmağa üstünlük verirdi.
 
 
Beləliklə, Azərbaycan prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü. Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gətirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: “Heç kim Aprel döyüşlərini yadından çıxarmasın”.
 
 

Elmar Məmmədyarov müharibə dövrünün naziri deyildi

 
 
Həmin ərəfədə Azərbaycan Xarici İşlər Nazirliyində korrupsiya ittihamı ilə həbslər oldu. Bu qalmaqal nazir Elmar Məmmədyarovun istefasını aktuallaşdırırdı. Elmar Məmmədyarovun xarici işlər naziri olaraq fəaliyyəti Azərbaycan üçün faydalı deyildi.
 
 
Birincisi, nazir Azərbaycan dilində danışa bilmirdi. Rusdilli nazir Xarici İşlər Nazirliyində rus dilinin geniş yayılmasına şərait yaratmışdı. Elmar Məmmədyarov nazir olduğu 15 ildə bir dəfə də Azərbaycan dilində geniş müsahibə vermədi. O müsahibələrini ancaq rus dilində verirdi. Elmar Məmmədyarov Azərbaycan dilini bilmədiyinə görə bircə dəfə parlamentdə də çıxış edib millət vəkillərinin suallarına cavab vermədi.
İkincisi, Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın mövqeyini lazımınca təmsil edə bilmirdi. O danışıqlarda sərt mövqe nümayiş etdirmirdi. Erməni nazir danışıqları uzadır, çünki status-kvonun uzadılması Ermənistanın xeyrinəydi. Elmar Məmmədyarov isə buna qarşı tutarlı arqument ortaya qoya bilmirdi. Minsk Qrupu həmsədrləri ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonların məskunlaşdırılmasına, Şuşa, Kəlbəcər və Laçında müəssisələr açmasına reaksiya vermirdilər. Halbuki, özlərinin hazırladıqları müxtəlif planlara görə Dağlıq Qarabağ ətrafı boşaldılmalıydı. Və ya Ermənistanın baş naziri Şuşada andiçmə mərarimi keçirir. Məmmədyarov bu məsələləri aktuallaşdıra bilmirdi.
 
 
Nəhayət İlham Əliyev xarici işlər naziri Elmar Məmmmədyarovu istefaya göndərdi. Prezident İlham iyulun 16-da xarici işlər naziri vəzifəsinə Ceyhun Bayramovu təyin edərkən onun qarşısında dayanan vəzifələri bir-bir sıraladı. Həmin vəzifələrin yerinə yetirilməsi bu gün də aktualdır.
 
 

İlham Əliyev Nikol Paşinyana cavab verdi

 
 
Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki döyüşlərindən sonra Azərbaycan prezidentinə iki mesaj göndərdi. O birinci “mesajını” hökumətin iclasında eyni tezizləri təkrarlamaqla səsləndirdi: “Birincisi, Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır. İkincisi, Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz Üşüncüsü, Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır. Dördüncüsü, Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”. Paşinyanın ümumilikdə məntiqsiz şərtlərinin sayı 7 idi. Paşinyan ikinci “mesajını” Rusiyanın “RBC” televiziya kanalında müsahibəsində səsləndirdi. O iddia etdi ki, guya Azərbaycan prezidenti onunla danışıqlar aparırsa, bunun özü o deməkdir ki, “rəsmi Bakı Dağlıq Qarabağı Ermənistan ərazisi kimi qəbul edir”.
 
 
Prezident İlham Əliyev Paşinyana rayonlara səfəri zamanı cavab verdi. Birincisi, prezident qətiyyətlə vurğuladı ki, Paşinyanın “7 şərtini” lazımsız kağıq parçası kimi zibil yeşiyinə atmaq lazımdır. Azərbaycaın bir şərti olduğunu xatırladan İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaldılması vacibliyini bildirdi. Bunsuz münaqişə həll olunmayacaq.
 
 
Prezident Paşinyanın “münaqişənin həlli məqsədilə Yerevanla danışıqlar aparılırsa demək Bakı Dağlıq Qarabağı Ermənistan ərazisi sayır” fikrinə də tutarlı cavab verdi. İlham Əliyev dedi ki, biz məhz ona görə illərdir İrəvanla danışıqlar aparırıq ki, işğalçı Ermənistandır, “Dağlıq Qarabağ Respublikası” qondarma qurumdur. Yəni İlham Əliyev bir daha Paşinyana xatırlatdı ki, Azərbaycan heç bir halda separatçılarla danışıqlar aparmayacaq.
 
Beləliklə, Paşinyan yeni “açıqlamalarla” informasiya savaşında üstünlük qazanmaq istəyərkən heç nəyə nail olmadı. Paşinyandan başqa dünyanın heç bir dövləti və beynəlxalq təşkilatı bizdən separatçılarla birbaşa danışıq tələb etmirdi. Çünki hamısı bilirdi ki, Dağlıq Qarabağda Ermənistanın işğalçı ordusu yerləşir və təbii olaraq danışıqlar İrəvanla aparılmalıdır. İlham Əliyev heç zaman işğalçının şərtlərini qəbul etməyəcək.
İlham Əliyevin “özünə güvənirsənsə, elə bu gün Dağlıq Qarabağın müstəqilliyini tanı” açıqlaması Paşinyana mesaj idi. Paşinyandan əvvəlkilər də bunu edə bilmirdilər. Çünki, bilirdilər ki, bunu etsələr, müharibə başlayacaq. Paşinyan da Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan kimi separatçıları rəsmən tanımaqdan qorxurdu. Paşinyan da o birilər kimi anlayırdı ki, İrəvanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımasının sabahısı Azərbaycan ordusu anti-terror əməliyyatına başlayacaqdı.
 
 
Bu arada, Rusiya mətbuatında Nikol Paşinyan tənqid olunur, Qərbin adamı kimi qiymətləndilirdi. Nikol Paşinyan rusiyalı jurnalistin “Soros və digər Qərb fondlarına Ermənistanda niyə bu qədər imkan yaradılıb, axı bu Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edir” sualına belə cavab verdi ki, həmin fondların nümayəndəlikləri İrəvanda onun hakimiyyətindən əvvəl yaradılıb. Məsələ burasındadır ki, Soros və digər fondlar İrəvanda uzun müddət fəaliyyət göstərsələr də, məhz Nikol Paşinyan bu nümayəndəliklərin İrəvandakı erməni təmsilçilərini müxtəlif dövlət vəzifələrinə təyin etmişdi. Bu isə o demək idi ki. Paşinyan həmin fondlarla sıx bağlıdır. Soros Fondunun virusla mübarizə üçün Ermənistana 600 min dollar ayırıb. Bütün bu faktları İlham Əliyev sadaladı və Paşinyanın Soros Fondu ilə bağlı yalanlarını faş etdi. İlham Əliyevin Paşinyanın Soros Fondu ilə əlaqələri haqqında söylədikləri Rusiyaya mesaj idi, “görün Sizi dəstək verdiyiniz dövlətin lideri nə işlə məşğul olur, Kremlin düşmənlərinə qucaq açır”. Kreml də Paşinyanın “məni Soros Fondu ilə əlaqəm yoxdur” fikrinə inanmırdı. Soros müxtəlif ölkələrdəki “rəngli inqilablarla” Rusiyanın əsas düşmənlərindən biri hesab edilir və Rusiyanın vassalı olan dövlətin – Ermənistanın lideri həmin düşmənlə sıx əlaqələr qurub.
 
 
Nikol Paşinyanla danışıqlar aparmasının mənası yox idi. Bunu prezident İlham Əliyevin açıqlamalarından da anlamaq olardı. Azərbaycan-Türkiyə hərbi birliyini Paşinyanı qorxudurdu. Buna misal olaraq Paşinyanın rusiyalı jurnalistə dediyi bir ifadəni xatırlatmaq yerinə düşərdi: “Erməni cəmiyyəti məndən soruşur ki, necə olur ki, Türkiyə Azərbaycana bu qədər hərtərəfli dəstək verərkən, müttəfiq Rusiya Ermənistana kifayət qədər dəstək vermir?”. Bu sualın məntiqi cavabı o idi ki, Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı Rusiya-Ermənistan ittifaqından güclüdür.
 
 

Birgə hərbi təlimlər Moskvaya mesaj idi

 
 
İlham Əliyev 2020-ci ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərb əməkdaşlığın inkişafından da danışmışdı. “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.
 
 
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artırdı. Çünki, Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan, Türkiyənin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildirdilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər bəndləri nəzərdə tuturdu.
 
 
Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri iyulun 29-da başladı. Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşırdı. Buna baxmayaraq, hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkirdi. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçdi, yəni bütünlükdə Azərbaycan əhatə olundu. Bu Ermənistana və Rusiyaya önəmli mesaj mənası daşıyırdı. Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsiliyinin təminatçısıdır. Ancaq birgə hərbi təlimlərin çoğrafiyası göstərirdi ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsizliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişinın imzalanmasını diqtə edir. “Şuşa bəyannaməsi”nə gedən yol əslində ötən ilin iyulundan başlamışdı.
 
 
Sərhəddəki münaqişədən sonra Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmadı. Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bundan xəbər verirdi. İş o yerə çatmışdı ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia edirdilər. Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırlması ilə bağlı birgə təlimləri də Azərbaycana qarşı yönəlmişdi. Əlbəttə, prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilərdi, ancaq Rusiya Ermənistanı tək buraxmayacaqdı. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətli idi.
 
 
Azərbaycanla Ermənistan arasında günlərdir davam edən savaşda ən aktual suallardan biri də bu idi: Rusiya münaqişəyə müdaxilə edəcəkmi?
 
 
Rusiyanın Dağlıq Qarabağ məsələsində fəallığı və vasitəçiliyi hər zaman Azərbaycanın əleyhinə olub. Vaxtilə erməniləri kütləvi surətdə Dağlıq Qarabağda yerləşdirən Rusiya imperiyası sonrakı onilliklərdə də əlindən gələni edib ki, bölgədəki erməniləri qorusun.
 
 
Vladimir Putin 2000-ci ildə prezident seçiləndə ilk xarici səfərini Azərbaycana reallaşdırdı. O zaman Putin Çeçenistanda müharibə aparırdı və çalışırdı ki, çeçen mücahidələrə müxtəlif yollarla verilən dəstək kəsilsin. Rəsmi Bakı Rusiyanın ərazi bütövlüyünün əleyhinə heç bir addım atmadı, azərbaycanlıların əksəriyyətinin çeçen mücahidlərə simpatiyası olsa da, Rusiyanın ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə yol verilmədi. Putinin Azərbaycana səfərindən sonra çeçenlərin Bakıdakı nümayəndəliyi qapadıldı. Bunun qarşlığına Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yönəlik heç bir addım atmadı. Tam əksinə, Rusiyanın hərbi-sənaye kompleksi Ermənistanda müasir hərbi texnikalar və təyyarələr yerləşdirməkdə davam etdi.
 
 
Rusiya 2016-cl ilin aprelində də Azərbaycana mane olaraq savaşın davam etdirilməsinə imkan verməyərək daha çox ərazinin işğaldan azad olunmasını əngəllədi.
 
 
Sərhəddəki hadisələr Azərbaycana torpaqları işğaldan azad etmək üçün növbəti şans yaradırdı. Kremlin prosesə müdaxiləyə hazırlaşdığına dair xəbərlərə rast gəlinirdi.
 
 
Vladimir Putin Rusiya qoşunlarının Cənubi və Qərbi hərbi dairələrin qoşunlarının qəfil yoxlanışını elan etdi. Rusiya qoşunlarının cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək "Qafqaz-2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılırdı. Bundan başqa Vladimir Putin iyulun 17-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etdi. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Təlhükəsizlik Şurasının ilasında Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb”.
 
 
Atəşkəs Azərbaycanın maraqlarına cavab vermirdi. Ona görə də rəsmi Bakı Moskvanın səyləri diplomatik tərzdə müsbət qiymətləndirilməklə yanaşı, Rusiyanın istənilən vasitəçiliyindən yayınmağa çalışmalıydı. Çünki, Rusiyanın təkbaşına vasitəçiliyi işğalın davamına xidmət edəcəkdi.
 
 
Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana simpatiyası yoxdur. Ancaq bu o demək deyildi ki, Kreml sahibi Ermənistandan imtina etməyə hazır idi. Rusiya döyüşlərin hansısa mərhələsində Azərbaycana və Ermənistana qəti şəkildə dayanmaq tələbini irəli sürə bilərdi. Bundan necə qurtula bilərdik?
 
 
Rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırması Rusiyanın təzyiqlərini neytrallaşdırmağa xidmət edəcəkdi. Kreml sahibinin Azərbaycan və Türkiyə prezidentləri ilə tərəfdaşlıq münasibətləri var. Bu mənada Kreml sahibinin sözçüsü Peksovun son açıqlaması da maraqlıydı: “Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Bu, Suriya probleminə də aiddir”.
 
 
Suriya probleminə aid olan Ermənistan-Azərbaycan münaqişəsinə niyə aid olmasın? Ərdoğanın son hadisələr fonunda Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşündürməyə vadar etməliydi. Kiçik və işğalçı Ermənistana görə Türkiyə və Azərbaycanla tərəfdaşlığı gərginləşdirməyə dəyərdimi?
 
 

Ukrayna Azərbaycana dəstək verdi

 
 
Ukraynanın Azərbaycandakı səfiri Rusiya səfirindən fərqli olaraq Şuşaya getdi və səhifəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlələr yazdı. Ukraynanın dəstəyi bir il əvvəl də eyni səviyyədə idi.
Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı narahatlığını bu sözlərlə ifadə etmişdi: “Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”.
 
 
Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanat isə fərqli idi: “Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında bütün səylər göstərməyə çağırırıq. Ukrayna vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”.
Gürcüstan “balanslı” mövqe tutarkən Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Gürcüstanın sərhəddəki insidentə yanaşması Rusiyanın yanaşmasından fərqlənmədi. Azərbaycana məsafəcə Gürcüstana yaxın olsa da, dəyərlərin paylaşması baxımından Ukraynaya Azərbayacan daha yaxındır. Ukraynanın bu mövqeyi Azərbaycan cəmiyyətində yüksək qiymətləndirildi.
 
 

Ankaranın Qarabağ planı nə idi?

 
 
Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışdılar. İki ölkənin prezidenti il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirdilər. Bu dəfə belə olmadı. Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə etdilər.
 
 
Bu baxımdan bu dəfə telefon danışığının təşəbbüskarının hansı prezidentin olduğu maraq doğururdu. Çünki, telefon danışığının kimin təşəbbüskar olmasından məhz hansı prezidentin həmkarı ilə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirəsinə marağı ortaya çıxacaqdı. Xəbərlərdə telefon danışğının təşəbbüskarı haqqında məlumat yox idi, sadəcə yazılırdı ki, “prezidentlər arasında telefon danışığı olub”. Telefon danışığının təşəbbüskarı Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan olduğu ortaya çıxdı. Demək məhz Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə etmək istədi.
 
 
Rusiya prezidenti Vladimir Putin sərhəddəki olaylara qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt maraq göstərməmişdi. Buna dair sadəcə iki misal göstərmək olardı.
 
 
Birinci misal. Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Moskvada geniş mətbuat konftransı keçirirdi. Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya prezidentinə israrla sual vermək istəyirdi. Mətbuat konfransı bitdikdə ayağa qalxan Putin azərbaycanlı jurnalistin israrını müşahidə edərək ayaqüstü ona kinayəli şəkildə belə cavab vermişdi: “... yəqin yenə Qarabağdan sual verəcəksiniz”. Bu cavabın özü Qarabağ mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi.
 
 
İkinci misal. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bir neçə il əvvəl rusiyalı həmkarıyla görüşdükdə müxtəlif mövzularla yanaşı Qarabağ mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə cavab vermişdi: “Bu çox mürəkkəb məsələdir”. Putin bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi Səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi.
 
 
Ancaq indi durum fərqli idi. Moskva istəməsə belə Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilirdi. Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıydısa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıydı. Yəni Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaqdı. Bu səbədən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdılar. Bu işğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj idi. Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil.
 
 
Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş etdi, Türkəyinin ordu birlikləri Naxçıvana daxil oldu və bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa Türkiyə Azərbaycanla birgə ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Təyyub Ərdoğanla Azərbaycan-Ermənistan qarşdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi.
 
 
Aydındır ki, Ankaranın Azərbaycanla bağlı strateji planı Kremli narahat edirdi. Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd etmişdi. Kremldə şübhələnirdilər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə çalışıb. Məsələn telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var idi: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.
 
 
Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətində idi. Rusiya informasiya agentliklərinin prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə “regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb” cümləsi də bundan xəbər verirdi. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol açırdı.
 
 

İlham Əliyev qərarını vermişdi...

 
İlham Əliyev 2020-ci ilin iyulun 21-də Bakıda şəhid ailələri ilə görüşdəki çıxışında Türkiyə ilə strateji tərəfdaşlığıa önəm verdiyini bir daha vurğuladı. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı: “Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Biz sona qədər bir yerdəyik”. İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmağa hazırdır. Elə sərhəddəki insident zamanı müdafiə nazirinin Ankara göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşmışdı.
 
 
Prezident İlham Əliyevin daha sonra işğal altındakı torpaqlarla bağlı yanaşmasında diqqəti çəkən cümlələri oldu: “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.
 
 
Dövlət başçısının sözlərindən bu qənaətə gəlmək olar ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazılıq gedir. Ancaq budəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunmasıyla kifayətlənə bilmərik, prezidentin də dediyi kimi “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada prezidentin Şuşanı xatırlaması təsadüfi deyildi. Azərbaycanın Dağlıq Qarabağ istiqamətindəki zərbəsi Dağlıq Qarabağ ətrafındakı 5 rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir.
 
 
Prezidendin çıxışının bu hissəsi ona görə vacib idi ki, Azərbaycan ictimaiyyəti Tovuz döyüşlərdən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edir. Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün Azərbaycan üçün minbit zəmin yaradırdı. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını bildirirdi. Ancaq prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə almaq məcburiyyətində idi. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var idi. Müharibə başlayacağı təqdirdə bu risqlər ortadan qaldırılmalıydı.
 
 
Buna baxmayaraq, Azərbaycan prezidentinin fikri qəti idi: Müharibə qaçılmazdır. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesaj idi ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar.
 
 

Hikmət Hacıyevin 3 mesajı...

 
 
Azərbaycan ordusunun 2020-ci ilin iyulun 21-də Ermənistana məxsus iki pilotsuz uçuş aparatını Azərbaycan səmasında neytrallaşdırması sərəhddəki insidentdən sonra vəziyyətin sabitləşmədiyindən xəbər verirdi.
 
 
Pilotsuz uçuş aparatlarından biri Ağdam rayonu istiqamətində vuruldu. Bu o demək idi ki, Ermənistan hakimiyyəti döyuşlərin Tovuz istiqamətindən Dağlıq Qarabağ istiqamətinə keçə biləcəyindən narahatdır və ona görə işğal altındakı ərazilərdən kəşfiyyat uçuşları həyata keçirirlər. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycan ordusunun Dağlıq Qarabağda hücuma hazırlaşa biləcəyindən ehtiyatlanırdı. Təsadüfi deyil, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan az qala hər gün işğal altındakı hərbi məntəqələrin hazırlıq səviyyəsini şəxsən yoxlayırdı.
 
 
Ermənilər narahatlıqlarında yanılmırdılar. Torpaqların azad olunması Azərbaycan cəmiyyətinin əsas tələbi idi. Azərbaycanın əfsanəvi generalına çevrilən Polad Həşimovun öldürülməsi bu tələbi daha da gücləndirirdi. Ermənistanla sərhəddə gərginlik Azərbaycanın maraqlarına cavab vermirdi. Azərbaycan ordusunun əsas hədəfi Qarabağ idi. Ermənistan hakimiyyəti sadəcə, Tovuz istiqamətində təxribatlar törətməklə Azərbaycan ordusunun əsas gücünün Dağlıq Qarabağ istiqamətində cəmlənməsinə mane olmağa çalışırdılar və istisna deyildi ki, bu təxribatlarını davam etdirəcəkdilər. Ona görə də Azərbaycan ordusu yaxın gələcəkdə həm sərhəddə düşmənin təxribatlarına cavab verməli, həm də Dağlıq Qarabağ istiqamətində hücum əməliyyatlarını həyata keçirməli olacaqdı.
 
 
Bu arada, prezidentin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat konfransı keçirməsi diqqəti cəlb edirdi. Hikmət Hacıyevin mətbuat konfransında söylədiyi mesajları belə qruplaşdırmaq olardı:
 
 
Birincisi, Azərbaycan bundan sonra imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil.
İkincisi, Minsk prosesində iştirak edən 11 dövlətin iştirakı ilə geniş formatda iclasın keçirilməsinə ehtiyac var.
 
 
Üçüncüsü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır.
 
 
Hikmət Hacıyevin bu 3 şərti söyləməsi ondan xəbər verirdi ki, rəsmi Bakı artıq danışıqları perspektivinə inanmır. Əgər rəsmi Bakı Minsk Qrupunun geniş formatda toplanmasını istəyirsə, bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə davam edən danışıqlardan nəticə gözləmir. Rəsmi Bakı danışıqların məzmunun və hazırki formatın dəyişdirilməsini istəyirdi. Məsələn, Azərbaycan Türkiyənin də həmsədrlər formatına qatılmasında maraqlıydı. Ancaq 3 həmsədr nə Türkiyənin onlara qoşulmasına, nə də özlərinin başqa ölkələrlə dəyişdirilmələrinə imkan verəcəkdi.
 
 

Los-Ancelec və Brüssel təxribatının əmri İrəvandan verilib

 
 
Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə ermənilər öz səfirliklərinə sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki, səfirliklərimiz soydaşlarımızla birgə mübarizə apardılar.
 
 
İyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum və generalımızın şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyatına toxundu. Buna baxmayaraq, sərhəddə olduğu kimi xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlını vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu onların özlərinə ziyan vuracaq.
 
 
Los-Ancelesdə və Brüsseldə azərbaycanlıara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O müxtəlif ölkələrdəki soydaşlarını təxrıbatlardan çəkindirmək əvəzinə vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobisinin fəaliyyətindən məmnundur. Bu o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır.
 
 
Bundan başqa Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı: “1. Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır; 2. Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz; 3. Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır; 4. Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”.
 
 
Ermənistanın baş naziri faktiki Azərbaycana “kapitulyasiya” təklif edirdi. Nikol Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin mənası yox idi. Çünki, sərhəddəki 4 günlük döyüşlərdən sonra da masada dəyişən bir şey yox idi. Paşinyan bir müddət sonra Şuşada yenidən yallı oynamağa gedəcəkdi. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarlarıyla birgə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı İrəvanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az daha cəsarətləndirmişdi. Ancaq başda Rusiya olmaqla müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların erməni təxribatına qarşı verdikləri cavab həm də onu göstərirdi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar seyrçi qalmayacaqdılar.
 
 

Avropa Ittifaqı sərhəddəki döyüşləri boru xətti ilə əlaqələndirib

 
 
İyulun 22-də iki mötəbər təşkilatdan – BMT-dən və Avropa İttifaqından Bakıya və İrəvana telefon zəngləri edildi. Nyu-York və Brüsseldən eyni gündə edilən iki telefon zəngi BMT və Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərdən narahatlığını göstərirdi.
 
 
BMT-nin baş katibi Antonio Quterreş prezident İlham Əliyevlə telefonla danışığında qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.
 
 
Bu sözlərdə yeni heç nə yox idi, təkrarlanan fikirləriydi. BMT baş katibi telefon danışığında bir kəlmə də rəhbərlik etdiyi strukturun münaqişənin həlliylə bağlı 4 qətnaməsinin reallaşdırılması vacibliyindən söz açmadı. Antonio Quterreşdən əvvəlki BMT baş katibləri də 4 qətnamə barədə danışmırdılar. Ona görə də həmin qətnamələri prezident İlham Əliyev BMT baş katibinə xatırladıb: “Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur”.
 
 
BMT baş katibinin Azərbaycan prezidentinin bu sözlərinə reaksiya verməməsi onu göstərirdi ki, bu qurum bölgədəki vəziyyətin gərginləşməsinə görə narahatlığına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istəmir.
 
 
İyulun 22-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell də Bakıya və İrəvana zəng etdi. Ancaq əgər BMT baş katibi Azərbaycan və Ermənistan liderlərinə ayrılıqda zəng etdisə, Avropa İttifaqının ali nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli şəkildə telefonla danışdı. Cozep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkindirməyə çalışarkən belə bir fikir də söylədi: “Xüsusən bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıram”.
 
 
Bölgədə bütün “kritik infrastruktur layihələri” Azərbaycanla əlaqəlidir, Ermənistan heç bir regional layihədə iştirak etmir. Ona görə də Cozep Borrell ümumi danışsa da, əslində Azərbaycan ərazisindəki kritik infrastuktur nəzərdə tutub. Bir necə aydan sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya nəql olunacaqdı. Brüssel Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazilərdən keçən bu boru xəttinin təhlükəsizliyini diqqət mərkəzində saxlayırdı. Sərhəddəki döyüşlər isə boru xəttinə təhlükə yaradırd. Brüsselin boru xəttinin təhlükəsizliyinin təminatı üçün Azərbaycanın işğal altındakı torpaqlarına baxışını dəyişdirməsi vacib idi. Ermənistanın işğala yönəlik siyasəti davam etdikcə, bölgədə müharibə risqi azalmayacaqdı. Azərbaycan cəmiyyəti müharibə tələb edir, prezident İlham Əliyev də müharibənin qaçılmaz olduğuna işarə vururdu.
 
 
Bölgədəki infrastruktur layihələrinin təhlükəsizliyi Azərbaycanı Avropadan az narahat etmirdi. Ancaq Azərbaycan üçün bu layihələrin təhlükəsizliyi torpaqların işğaldan azad olunması vacibliyini əngəlləyə bilməzdi. Əlbəttə, Ermənistan və Rusiyadakı bəlli mərkəzlər Azərbaycanın Avropaya satacağı qaz hesabına varlanmasını, güclənməsini istəmirdilər. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatın arxasında Azərbaycanın regional layihələrinin hədəf seçilməsi dəst xətti seçilirdi. Bunu Brüsseldə də anladıqlarından Avropa İttifaqının ali nümayəndəsi Bakı və İrəvanla telefon danışığında “kritik infrastruktur”layihələrə eyham vurmuşdu. Brüssel haqqında danışdığı layihələrin təhlükəsizliyi haqqında ciddi düşünürdüsə münaqişənin “mərhələli həllinə” dəstək verməliydi. Bu həll planına dəstək olmayınca, Brüsselin tərəflərə balanslı çağırışlarının heç bir əhəmiyyəti olmayacaqdı.
 
 

Ankara sərhəd müharibəsinə geniş baxırdı

 
 
Türkiyənin müxtəlif televiziya kanallarında Tovuz istiqamətində döyüşlərlə bağlı müzakirələr günlərlə davam etdi. Türkiyənin tanınmış ekspertlərinin müzakirlərindən bir neçə qənaətə gəlmək mümkün idi.
Birincisi, türkiyəli ekspertlər hesab edirdilər ki, sərhəddəki insident Rusiyanın planıydı. Rusiyanın Liviyadakı mövqeləri zəiflədiyindən və Türkiyə Liviyada gücləndiyindən Kreml bunun əvəzini Türkiyənin Qafqazdakı stareji müttəfiqi Azərbaycana Ermənistan üzərindən zərbə endirməklə çıxmağa çalışıb və bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərib.
 
 
İkincisi, türkiyəli ekspertlər hesab edirdilər ki, Azərbaycanı zəiflətmək Türkiyəni zəiflətmək deməkdir. Ona görə də Türkiyə necə ki, İraqda, Suriyada və Liviyada hərbi yolla öz maraqlarını müdafiə edir, Mehmetciyin Azərbaycana yardıma getməsi mümkün variantlardan biridir. Bu sırada Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması gündəmə gətirilirdi.
 
 
Üçüncüsü, türkiyəli siyasi ekspertlər hesab edirdilər ki, Tovuzun yaxınlığından keçən neft və qaz boru xətlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna ciddi təhlükə var. Bu isə birbaşa Türkiyənin təhdid edilməsi deməkdir.
 
 
Beləliklə, türkiyəli ekspertlər Tovuzdakı insidentə geniş apsketdən yanaşırdılar. Elə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın ermənilərin təxribatına “Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir” açıqlaması da arxa planda başqa güclərin olduğuna işarəydi.
 
 
Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr yüksələn xətt üzrə inkişaf edirdi. Türkiyə 1990-cı illərdəki durumundan fərqli olaraq regional gücə çevrilib və Azərbaycana qarşı təxribatlara seyrçi qalmayacaqdı. Ankarada Azərbaycanın təhlükəsizlik maraqları Türkiyənin təhlükəsizlik maraqları ilə eyni tutulurdu. Odur ki, əgər xarici güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edəcəkləri halda Ankarada artıq bunu Türkiyəyə hücum kimi dəyənləndirəcəkdilər. Ona görə də Türkiyə necə ki, öz maraqlarını ətraf ölkələrdə qoruyur, eyni maraqlarını bir nömrəli strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazır idi.
Azərbaycan üçün Türkiyə ilə Rusiyanın fərqi bir hər iki ölkənin Təhlükəsizlik Şurasının toplantılarında Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərə verilən qiymətdə də özünü göstərdi. Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə 2020-ci ilin iyulun 17-də Moskvada keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sərhəddində davam edən gərginliklə əlaqədar ciddi narahatlıq ifadə edilmiş, tərəflərin atəşkəsi təmin etməsinin vacibliyi və Rusiyanın vasitəçilik missiyasına hazır olduğu vurğulanmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizilik Şurasının toplantısında isə Azərbaycan torpaqlarının qanunsuz işğalının illərdir davam etdiyi, Ermənistanın sülhü pozan və beynəlxalq təşkilatların qətnamələrini heçə sayan hücumlarını şiddətlə qınandığı vurğulanmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...