4 günlük Tovuz döyüşlərindən
44 günlük VƏTƏN MÜHARİBƏSİNƏ...
QƏNİRƏ PAŞAYEVA
/MM-in Mədəniyyət Komitəsinin sədri/
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov (2002-2020), Əsgər Nazim Əfqan oğlu İsmalıyov (1996-2020), Əsgər Elçin Arif oğlu Mustafazadə (1992-2020), Baş əsgər Elşad Dönməz oğlu Məmmədov (1996-2020), Çavuş Vüqar Lətif oğlu Sadıqov (1987-2020), Gizir İlqar Ayaz oğlu Zeynallı (1995-2020), Gizir Yaşar Vasif oğlu Babayev (1987-2020), Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov (1992-2020), Mayor Anar Gülverdi oğlu Novruzov (1976 -2020), Mayor Namiq Hajan oğlu Əhmədov (1984-2020), Polkovnik İlqar Anzor oğlu Mirzəyev (1973 -2020), General-mayor Polad İsrayıl oğlu Həşimov (1975-2020), Mülki vətəndaşımız Əziz İzzət oğlu Əzizov (1944-2020)... – 1 il öncə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlərdən sonra bu əziz adları bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bildi, tanıdı.
Sevdik o Vətən oğullarını, onlar üçün kövrəldik, onlarla qürur duyduq, onların mübarizəsinin öz məntiqi nəticəsi ilə çıxış edəcəyinə inandıq. Türk dünyası sevdalıları, haqqın-ədalətin tərəfində olan ayrı-ayrı ölkələrdəki düşünən insanlar, fərqli qurum və quruluşlar öz haqq səsini ucaltdı.
Döyüşlərin ilk gün, ilk saatlarından bəlli olan bir həqiqət qala bürcü kimi hər yandan görünməyə başladı: Azərbaycan özünün torpaqlarını qətiyyətlə qoruyacaq, ölkədə dövlət-xalq birliyi mövcuddur və ordunun, xalqın öz Ali Baş Komandanına sarsılmaz inamı var. Məhz bu mühüm faktorlar düşmənin Tovuzda planlaşdırdığı oyunları sıfırlamış oldu. Açıq-aydın görünürdü ki hadisə sadəcə sərhədpozma deyil, birbaşa Azərbaycana yönəlik şüurlu hərbi təcavüz aktıdır. Əlbəttə, bu hücum, Ermənistanın çapını aşan bir hadisəydi. Tovuza hücum (və yaxud irimiqyaslı təxribatla) Qarabağdan diqqəti yayındırmaq, ədalətli sülh arayışlarına mane olmaq cəhdləri suya düşdü. Tovuz hadisələri vaxtı beynəlxalq ictimaiyyətdən, yaxın-uzaq coğrafiyalardan, qonşu və dostlardan ən operativ, ən təsirli reaksiya qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandan gəldi. Əcdadın əsrlər boyunca yerinə gətirdiyi vəzifəni Qafqazlarda yenə yerinə gətirməyə davam edəcəyik söyləyən, Ermənistanın Azərbaycana hücumlarını şiddətlə qınadığını bildirən qardaş ölkə başçısı dedi: “Yuxarı Qarabağın işğalından bəri, bu bölgədə sürən gərginliyin Ermənistanın pərvasız və sistematik hücumları səbəbi ilə çatışmaya dönüşməsindən əndişəliyik. Üstəlik, bu son hücum, Yuxarı Qarabağ xəttində deyil, birbaşa iki dövlət arasındakı sınırlarda və ağır silahlarla edilmişdir.
...Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlik hər cür hücumuların qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcəkdir. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur”. Bəli, iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, guya “Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində “UAZ” markalı avtomobillə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstərib. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkilib və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıb”. Əlbəttə, əlaqədar rəsmi qurumlarımız bu qurama xəbəri təkzib etdi. Bildirildi ki, “Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq, Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir”.
Beləliklə, əsasən 12 iyul-16 iyul aralığında gedən döyüşlər və sonrakı günlərdə də müşahidə edilən müəyyən atəşkəs pozuntuları nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndləri ağır artilleriya silahlarından atəşə tutuldu, dağıntılar oldu, habelə Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə də ziyan dəydi. Hərbi və mülki şəxslərin şəhid olmasından başqa, yaralananlar oldu, infrastruktura (qaz, elektrik xətlərinə, yollara) ziyan dəydi, dinc əhalinin şəxsi evləri, mülkləri dağıntıya uğradı. Məsələn, qısa müddət içində təkcə Ağdam kəndinə 20-dək top mərmisi düşmüşdü. Sonrakı günlərdə, döyüşlər zamanı Tovuz rayonunun adıkeçən kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan müvafiq məbləğdə vəsait ayrıldı, dövlətin, xalqın ümman sevgisi yaraları sardı, gənc nəsli səfərbər etdi. Tovuz döyüşləri xalqın milli qürur hissini, öz Ali Baş Komandanına, öz dövlətinə, öz generalına, ordusuna inamını, sonsuz sevgisini parlaq şəkildə göstərdi.
44 günlük Vətən Müharibəsi Tovuz döyüşlərində xalqın kökləndiyi yüksək inamın, milli qürur və intiqam hissinin nələrə qadir olduğunu təkzibolunmaz şəkildə göstərdi. Şəhidlərimizin hər birinin ümumxalq izdihamlı dəfni, şəhidlərin ruhuna böyük sayğının, onların döyüş yolunun davam etdiriləcəyinə qeyd-şərtsiz inamın təcallasıydı. Azərbaycan Prezidentinin çağırış ilə onminlərlə gəncimiz, eləcə də fərqli yaş qrupundan olan vətəndaşlarımız könüllü olaraq cəbhəyə yazıldı. Yalnız onu vurğulayaq ki, 44 günlük Vətən Müharibəsində neçə-neşə gənc əsgər, zabit və könüllümüz torpaqların azad olunamsı əsas məqsədi ilə yanaşı məhz “generalın intiqamını almaqçün”, “şəhidlərin qanını almaqçün” kimi daxili qərar, inam və qarşısıalınmaz hisslərlə irəli atıldı, düşmənə unudulmaz dərs keçdi. Tovuz döyüşlərində şəhidlik mərtəbəsinə yüksələn əziz şəhidlərimizin ruhu qarşısında bir daha, dərin ehtiramla baş əyir, bütün şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyirəm. Tanrıya çox şükürlər, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb, torpaqlarımız azad olunub, Şuşada müqəddəs bayrağımız dalğalanır!
DÖVLƏTİMİZ VAR OLSUN!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”