“Bu borcu ömrümüzün sonuna qədər ödəməli, bu ənənəni övladlarımıza ötürməliyik” - MÜSAHİBƏ

15:43 16-07-2021 | icon 1363 | Siyasət
“Bu borcu ömrümüzün sonuna qədər ödəməli, bu ənənəni övladlarımıza ötürməliyik” - MÜSAHİBƏ

Mahir Abbaszadə: “Azərbaycana təsir edən qüvvələrin təsiri tamamilə sıfıra yaxınlaşıb”

 

Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi regionun geopolitik mənzərəsində yeni reallıqlar yaradıb. Reallıqlar Azərbaycanın qələbəsi və beynəlxalq iqtisadi layihələrdə iştirak edən Türkiyənin yeni bir güc kimi regiona daxil olduğunu müəyyənləşdirir. Rusiya, ABŞ və Fransa nə qədər bir-birinə əks olsalar da, məhz regiondakı bu yenilənmənin qarşısını almaq üçün 30 ildir Qarabağla bağlı sərgilədikləri ikili mövqeni fərqli formalarda davam etdirməkdədirlər. Türkiyənin də qatıldığı beynəlxalq iqtisadi layihələrin regiona güc verəcəyini həzm edə bilməyənlər nə yolla olursa olsun, öz layihələrini işə salmaq istəyir və ölkəmizdə suyu bulandırmaqla məşğuldurlar. Əslində Rusiya, Fransa, ABŞ-ın ölkəmizdəki səfirlərinin Şuşaya səfərdən imtina etməsi də məhz bu ikili yanaşmanı, qısqanclığı bir daha ortaya qoymaqla, gərginliyi yaratmaq istəyən güclərin tətikdə dayandığını göstərir. Bu mənada Ermənistanın və ərazidəki ermənilərin bir maşa kimi istifadə olunacağı qaçılmazdır. Belə bir fonda Vətən Müharibəsi savaşından sonrakı durum diqqətlə təhlil olunmaqla, mövcud boşluqların aradan qaldırılması mühüm amil kimi önə çəkilməkdədir.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Milli Məclisin deputatı Mahir Abbaszadə maraqlı nüanslara diqqət çəkib.

   

- Mahir müəllim, 44 günlük müharibədən keçən 7 ay ərzində regionun geosiyasi durumu hansı yenilənmələrlə diqqəti çəkir və bu gün Azərbaycan əsas aparıcı dövlət olaraq hansı mövqeyini qoruyub saxlayır?

 

- Azərbaycanın şanlı ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il 27 sentyabr əks hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızı geri ala bildi. Müstəqilliyini əldə edəndən sonra Azərbaycan öz Dəmir Yumruğu ilə ilk dəfə sərhədlərindən erməni hərbi qüvvələrini qovdu. Bu gün fəxrlə deyə bilərik ki, sərhədlərimizdə təhlükəsizliyin və davamlı sülhün təmin olunması Azərbaycan ordusunun tam nəzarəti altındadır. Müharibədən keçən 7 ay dönəmində bir daha gördük ki, Azərbaycan indiyə qədər bölgədə yaratdığı iqtisadi, siyasi gücün davamı olaraq əldə etdiyi hərbi üstünlüklə torpaqları işğaldan azad etməklə artıq yeni güc mərkəzinə çevrilməkdədir. Bu faktor təbii ki, Azərbaycanın İranla sərhədlərinin tamamilə Azərbaycan ordusunun nəzarətinə keçməsi və 9 noyabrda “Zəngəzur dəhlizi” ilə bağlı məsələlərin reallaşaraq Azərbaycanın Naxçıvanla, Naxçıvanın da Türkiyə ilə quru yollarının bərpa olunması ilə özünü göstərir və təbii ki, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində sülhün bölgəyə gətirilməsi reallıqlardır.

Azərbaycan dövləti tərəfindən işğaldan azad olunan ərazilərdə  aparılan işlər göstərir ki, indiyə qədər bölgəmizdə iki əks svilizasiya mübarizə aparır. Bir tərəfdən dağıdıcı, rayonları, yerləri viran qoyan, evləri dağıdan, meşələri yandıran və torpaqları işğal altında saxlayan Ermənistan, digər tərəfdə isə torpaqları işğaldan azad edən, dinc quruculuq işlərinə başlayan, bölgədə qonşu dövlətlərin inkişafını istəyən, yeni təxirəsalınmaz işlərlə bölgənin yeni infrastrukturunu yaradan, yeni hava limanları, zəfər yolları çəkən və uzun müddət işğal olunan rayonlardan uzaq düşmüş insanları öz torpağına qaytarmaq üçün çalışan Azərbaycanın mübarizəsi dayanır. Mənə belə gəlir ki, artıq dünya da bunu görməkdədir. Yəni Azərbaycan 7 ay müddətində bölgədəki üstünlüyünü qoruyub saxlaya bilib. Bundan sonra atacağı addımlar da təbii ki, ölkənin qüdrətindən və güclü olmasından xəbər verəcək.

 

- Prezidentin son Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarının yaranması ilə bağlı sərəncamı da böyük maraqla qarşılandı. Yeni iqtisadi zonaların yaranması Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?

 

- İqtisadi zonaların yaradılmasının əhəmiyyəti Azərbaycan və regionların sosial-iqtisadi proqramına uyğun olaraq dövlətin apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Biz müharibədən əvvəl də Azərbaycanın iqtisadi rayonlara bölünməsini bilirdik. İndi ən mühüm məqam yeni yaranmış iki iqtisadi rayonun və bu yeni iqtisadi rayonların tərkibinin dəyişdirilməsidir. Azərbaycan dövlətinin atdığı bu addım sosial-iqtisadi, siyasi cəhətdən tarixi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycan sovetlər dönəmində yaşadığı müddətdə azərbaycanlıların leksikonuna “Dağlıq Qarabağ”, “Aran Qarabağ” kimi yeni sözlər daxil olmuşdu. Çox təəssüflər olsun ki, biz bu məsələlərin düşmənlər tərəfindən niyə irəliyə atıldığını və gələcəkdə hansı fəsadlar törədə biləcəyinə diqqət ayırmamışdıq. Amma bilirsiz ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “Dağlq Qarabağ Muxtar Vilayəti” də yaradılmışdı. Bu mənada indi bütövlükdə Qarabağ iqtisadi rayonunun yaradılması tarixi hadisədir. Biz artıq “Dağlıq Qarabağ”, “Aran Qarabağ” terminlərini tarixin arxivinə atdıq və bizim üçün yeni forma Qrabağ İqtisadi Rayonudur. Qarabağ İqtisadi Rayonuna işğal altına düşmüş Şuşanın, Xocavəndin, Xankəndin daxil olması, digər tərəfdən indiyə qədər işğal altına düşməyən ərazilərin - Füzulinin, Ağdamın bir hissəsinin, Bərdənin, Ağcabədinin, Tərtərin və sair rayonların daxil edilməsi özlüyündə Qarabağın iqtisadiyyatını inkişaf etdirməklə Azərbaycan iqtisadiyyatına inteqrasiyasını təmin edə biləcəkdir. Yəni məsələyə tarixi aspektdən baxanda, biz öz soykökümüzə qayıdırıq, əvvəlki tarixi bərpa edirik. Bu ərazilərin sözsüz ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərəcəkdir.

Şərgi Zəngəzur iqtisadi rayonuna daxil edilən Laçın, Qubadlı, Kəlbəcər Zəngilan və Cəbrayıl rayonlarıdır. 1861-ci ildə Zəngəzur qəzası yaradılarkən indi adını sadaladığımız rayonlar da məhz həmin qəzaya daxil olunmuşdular. Bu, tarixi bir hadisədir. Bu rayonların Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılması göstərir ki, bunun Qərbi Zəngəzur tərəfi də var. Bunun mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, 9 noyabr tarixindən sonra Zəngəzur dəhlizinin bərpa olunması, açılması və Azərbaycanla Naxçıvan arasında quru sərhədlərin yaradılması müzakirə olunub. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin bir hissəsi Şərqi Zəngəzur zonasına daxil olan Zəngilan rayonunun ərazisindədir, deməli bu iqtisadi rayonun inkişafı, loqistikanın inkişaf etməsi gələcəkdə bura köçəcək uzun illər köçkün həyatı yaşamış insanların iqtisadi və sosial həyatına müsbət təsirini göstərəcəkdir.

 

- Mahir müəllim, erməni separatçıları bu gün həm sərhəddə, həm işğaldan azad edilən ərazilərimizdə mövqelərimizi atəşə tutur. Hələ də Azərbaycan ərazilərində qalan erməni silahlıları sülhməramlıların, Türkiyə-Rusiya monitorinq qrupunun işlədiyi ərazilərdə atəşkəsi pozması nədən xəbər verir?

 

 

 

- Çox təəssüflər olsun ki, bu hadisələr həm Rusiya sülhməramlılarının gözləri qarşsında, eyni zamanda Türkiyə-Rusiya monitorinq qrupunun monitorinq apardığı ərazilərdə baş verir. Bunun nəticəsində Azərbaycan ordusunun əsgəri Ağdamda yaralandı. Allahdan əsgərimizə şəfalar diləyirəm. Əslində 9 noyabr sazişindən sonra bölgəyə gəlmiş sülhməramlılar ərazidə sülh və təhlükəsizliyi təmin etməyə borcludur. Sülhməramlıların missiyası həm də ondan ibarətdir ki, bölgədəki erməni silahlı bölmələrini çıxartsınlar və burada qalıb Azərbaycan Konstitusiyasını qəbul edən ermənilərlə digər Azərbaycan əhalisi arasında sülh yaratsınlar. Amma təəssüflər olsun ki, 9 noyabr sənədinin 4-cü bəndində göstərildiyi kimi, sühməramlılar bölgəyə gələndən sonra erməni silahlı qüvvələri ərazidən çıxarılmadı. Son hadisələr göstərir ki, hələ də bölgədə silahlı erməni qüvvələri var, hansı ki, həmin ermənilər Azərbaycana qarşı döyüşdə iştirak ediblər. Bu ermənilərin əlində silah qaldıqca bölgədə sülhə və təhlükəsizliyə təhdid yaranır. Digər tərəfdən, Ermənistanda seçki yolu ilə seçilən yeni Paşinyan hökuməti 9 noyabr sənədinə əsasən Qarabağın ermənilər yaşayan bölgəsində silahlı ermənilərin ərazidən çıxarılmasını təmin etməklə bağlı öhtəliyini yerinə yetirməlidir. Bunu isə həyata keçirmək birbaşa sülhməramlıların mandatına daxildir. Amma sülhməramlılar bəzən öz təyinatlarına uyğun üzərilərinə düşən məsuliyyəti ya dərk etmirlər, ya da bilərərkdən bunu icra etmirlər. Mən düşünürəm ki, Ermənistan tərəfi, Qarabağda yaşayan silahlı qüvvələr də unutmamalıdır ki, Azərbaycan 44 günlük müharibə nəticəsində öz ordusu və gücü sayəsində işğal altında olan torpaqları geri qaytarıb və Azərbaycan xalqının dəmir yumruğu daha da güclənir. Azərbaycan ordusu dünyanın ilk 50 ordusu sırasındadır. Azərbaycan Ordusu müstəqil dövlətlər birliyində orduda ikinci sıradadır, Zaqafqaziyanın ən böyük ordusudur. Belə hallar davam edəcəksə, Azərbaycan ordusu həm sərhədlərdə, həm Qarabağın daxilində baş verən hadisələrin qarşısını alacaq. Düşmənlərimiz unutmamalıdır ki, “Dəmir Yumruq” həmişə öz qüvvəsini saxlamaqdadır.

 

- Rusiya imperiyasının keçmiş sovet ölkələrində apardığı siyasəti təhlil edən ekspertlər Rusiya faktorunu bölgə dövlətlərinin müstəqilliyi, suverenliyi üçün bir dilemma kimi görür və müəyyən presidentləri önə çəkir...

 

- Düşünürəm ki, əslində unutmamalıyıq ki, 9 noyabr sazişi hər üç tərəfin üzərinə müəyyən öhtəliklər qoyub. Əgər o öhtəliklərdən biri “Zəngəzur dəhlizi”nin açılması, digər öhdəlik sərhəd toxunulmazlığının təmin olunması və hər iki tərəfdən sərhədlərin tanınmasıdırsa, digər məsələ erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Eyni zamanda öhtəlikdə Laçın rayonu ərazisindən ermənilərə dəhlizin verilməsi və 3 il müddətində yeni yolun çəkilməsi də var. Biz başa düşməliyik ki, bundan sonrakı mərhələdə bu sazişin  maddələrinə hər üç tərəf əməl etməlidir. Bəzi məsələlər, məsələn Zəngilan, Qubadlı, Kəlbəcərdə sərhədlərdə mübahisəli məsələlər öz həllini tapıb. Mübahisəli məqamlar Laçın  rayonunda qalıb. Mənə elə gəlir ki, yaxın vaxtlarda buna da aydınlıq gələcəkdir. Rusiya sülhməramlıları, Ermənistan tərəf noyabr sazişinin bəzi maddələrinə əməl etmir. Təbii ki, işin gedişi ilə bağlı sürət bizi qane etmir. Əslində bu proses daha sürətlə getməlidir. Çünki hər şey ortadadır, hər şey aydındır. Azərbaycan qalib tərəfdir, Ermənistan təslimedici sazişə qol çəkib. Biz düşünməliyik ki, bu məsələlər öz həllini tapmayınca Rusiya sülhməramlıları ərazidə qalmaqda davam edəcək və həmin sazişin şərtlərinə əsasən yaxın 5 ildə bölgədə davamlı sülhün və təhlükəsizliyin təminatçısı rolunda məhz Rusiya ordusu fəaliyyət göstərir. Mən bu məsələ ilə bağlı cəmiyyətdə olan söz-söhbətləri, insanların narahatlığını çox gözəl anlayıram. Çünki Rusiyanın keçmiş MDB respublikalarında baş verən hadisələrlə bağlı tutduğu mövqeni bilirik. Amma mən bu narahatlıqlarla bağlı bir məsələni demək istəyirəm, 5 il müddətinə 6 ay qalmış tərəflərdən biri etiraz edərsə, Rusiya sülhməramlıları ordan çıxıb gedəcək. Bir çox hallarda Azərbaycanda sülhməramlılarla bağlı baş verən narahatlıqlar Ukrayna və Gürcüstanla bağlı olan məsələlərlə eyni götürülür. Bu doğru deyil. Çünki həmin ölkələrdə tərəf kimi Rusiya iştirak edirsə, burda əks tərəf Ermənistandır.

 

- Şuşa Bəyannaməsini  bu prosesdə Azərbaycana güc verən siyasi məqamlar sırasında qeyd edə bilərikmi?

 

- Əlbəttə. Bəlkə də ötən il sentyabrdan əvvəl desəydik ki, bir Türk prezidenti ilə Şuşada belə bir müqavilə bağlanacaq, bu, hamıya yuxu kimi görünərdi. Amma bu gün Azərbaycan bu reallıqla yaşayır. Bu da ondan ibarətdir ki, artıq Türkiyə Qafqaza gəlib. Tarixə nəzər salanda görürük ki, 1918-20-ci illəri çıxmaq şərti ilə Rusiya Türkiyəni heç vaxt Qafqaza buraxmayıb. Lakin Türkiyə artıq Qafqazda. Və Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri, burada Müttəfiqlik Bəyannaməsinin imzalanması başqa bir tarixi hadisədir. Əgər Türkiyə Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyini öhtəliyinə götürmüşdüsə, artıq Şuşa Bəyannaməsinə görə bütövlükdə Azərbaycanın təhlükəsizliyini öz üzərinə götürür. Təbii ki, bu da Ermənistanın tərəfində olan, Azərbaycanı istəməyən böyük qüvvələri qıcıqlandırır. Qarabağda və digər sərhəd bölgələrində baş verən erməni silahlılarının basqınları da buna görə baş verir.

 

- Türkiyənin Qafqaza gəlişini qəbul etməyən dövlətlərin qıcıq olması son günlər üç həmsədr dövlətin səfirlərinin Şuşaya səfər etməkdən imtinası ilə də ortaya çıxdı. Bu dövlətlər ATƏT-in Minsk Qrupu formatında yenidən Qarabağda status məsələsini bərpa etmyə cəhdlər edirlər. Səbəb nədir?

 

- Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyib. Bu münasibətlər də normaldır. Çünki bu, ulu öndərin “Bir millət, iki dövlət”, Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsinə əsaslanır. Bu qardaşlıqdan və Türkiyənin bölgəyə gəlişindən təlaş keçirən tərəflər təbii ki, Türkiyənin bir güc kimi bölgəyə təsir imkanlarından narahat olmaya bilməzlər. Qeyd edim ki, ATƏT-in Minsk Qrupu dövlətləri öz üzərinə düşən missiyanı yerinə yetirə bilmədilər. ATƏT-in mandatına əsasən onlar bölgəyə sülh gətirməli, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalı idilər. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu bu missiyasını həyata keçirə bilmədi və mandatına uyğun olaraq hərəkət edə bilmədi. Əksinə, bu vəziyyətin qeyri-müəyyənlik şəraitində uzanması üçün əllərindən gələni əsirgəmədilər. Azərbaycan tərəfi isə qardaş Türkiyənin köməkliyi sayəsində ATƏT-in bu missiyasını da həyata keçirə bildi, BMT-nin qərarlarını da icra elədi. ATƏT-in Minsk Qrupu komissiyasının cavabını Azərbaycan Prezidenti Bakıda bu nümayəndə heyətini qəbul edərkən vermişdi. Orda demişdi ki, - “Bizim aramızda danışmadığımız elə bir gizli məsələ qalmayıb. Mənim Azərbaycan xalqından gizli heç bir sözüm yoxdur... Bildirmək istəyirəm ki, artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. ATƏT-in Minsk Qrupu yaranmışdı ki,  Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda münaqişənin qarşısını alsın, ərazilərin geri qaytarılmasını, sülhü bərpa etsin.  Azərbaycan özü bu işi həyata keçirib və bu quruma ehtiyac yoxdur”.

O ki qaldı “status kvo”, “təmas xətti” məsələsinə, cənab Prezident bununla da bağlı öz sözünü deyib. Xatırlayırsızsa, müharibə dövründə xalqa müraciətlərində deyirdi ki, - “Status-kvo yoxdur, cəhənnəmə-gora getdi, təmas xətti bütövdür, tamdır! Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yarana bilməz!”.

Bu yaxınlarda Pakistan nümayəndə heyəti ilə görüşümüzdə onların məsələlərə dair maraqlı fikirlərini eşitdik. Onlar dedilər ki, Atatürk Çanaqqala savaşında ingilisləri məğlub edənə qədər biz  elə bilirdik ki, Allahın özü ingilislərdir. Atatürk ingilisləri məğlub edəndən sonra Hindistanda və Pakistanda milli azadlıq hərəkatı başladı və biz ingilislərin müstəmləkəçiliyindn çıxdıq. Atatürk dünyaya sübut elədi ki, ingilislər Allah deyil, insandır. İlham Əliyev də sübut elədi ki, separatizm yolu ilə torpaqları işğal etmək və orada müstəqil dövlət qurmaq mümkün deyil. Bunu İlham Əliyev 21-ci əsrdə dünyaya sübut elədi...

Biz 44 günlük müharibə çərçivəsində dir daha sübut eləmişik ki, Qarabağda heç vaxt status-kvo olmayacaq, təmas xətti olmayacaq. Əgər təmas xətti, status-kvo yoxdursa, demək ATƏT-in Minsk qrupu da heç kəsə lazım deyil. Sadəcə olaraq bir şeyi bilmək lazımdır - Türkiyə Azərbaycan ərazisinə girdisə, deməli Azərbaycan daha da güclənib, bölgəmizdə yeni bir mənzərə yaranıb. İndiyə qədər Qarabağ problemi vasitəsi ilə  Azərbaycana təsir edən qüvvələrin təsiri tamamilə sıfıra yaxınlaşıb. Belə olduğu təqdirdə Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib. Təbii ki, bunlar da Azərbaycanı sevməyən qüvvələr tərəfindən qısqanclıqla qəbul olunur və bunlar bu və ya digər formada öz etirazlarını bildirirlər. Ola bilsin ki, bağlı qapılar arxasında sözlə ifadə edirlərsə, sərhəddə silahla, hadisələri pozmaqla, sülhə təhlükəsizliyə təhdid yaratmaqla  reaksiya verirlər.

 

- Rusiya siyasətçiləri Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi statusunda qatılmaq istədiyini bildirməklə hansı oyunlara başlamaq fikrindədir. Necə hesab edirsiz?

 

- Azərbaycan Müstəqil Dövlətlər Birliyində təmsil olunur. Azərbaycan Ermənistanı çıxmaq şərti ilə həmin ölkələrlə çox normal münasibətdədir. Eyni zamanda, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərlə, yenə Ermənistanı çıxmaq şərtilə, yaxşı münasibətləri var. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Azərbaycanın bu birliyə daxil olamamasının səbəblərindn biri kimi bu dövlətin Azərbaycanın torpaqlarını işğal etməsi göstərilir. Yəni bu təşkilatın üzvlərinin bir-birinə torpaq iddiası ola bilməz. Onların bir-biri ilə hərbi münaqişəsi ola bilməz. Azərbaycan Ermənistanla hərbi münaqişə vəziyyətindədir. Çünki Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi. Bu gün biz o işğala son qoymuşuq. Əgər Ermənistanla Azərbaycan arasında bağlanmış Böyük Sülh Sazişi, yaxud torpaqların və ərazilərin sərhədlərin tanınması ilə bağlı sənədlər imzalanarsa, Azərbaycanla Ermənistan arasında normal münasibətlər qurularsa, gələcəkdə Azərbaycan Ermənistanın üzv olduğu təşkilatlara daxil ola bilər. Amma mənə elə gəlir ki, hələ ki, bu gün o aktual deyil, gələcəkdə bu məsələlərə baxılması normal ola bilər. Bir şərtlə ki, bütün ərazi, sərhəd məsələləri öz qaydasına düşsün.

 

- Mahir müəllim, müharibədən sonra Azərbaycanın əsas strateji hədəflərindən biri azad olunmuş ərazilərin bərpası, infrastrukturun inkişafı, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıdışının təmin edilməsidir. Bu proses necə aparılır və köçürülmə nə vaxta reallaşa bilər?

 

- Sentyabrın 27-dən sonrakı müddətdə Azərbaycan ordusu öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Azərbaycanın işğal altında olan torpaqları geri qaytarıldı. Bu, Qarabağ savaşımızda ən həlledici məqamdır ki, biz onu icra edə bilmişik. Bundan sonrakı müddətdə Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ bu əraziləri bərpa etmək, qurmaq, yaratmaq, 30 il müddətində köçkün həyatına məhkum edilmiş insanları öz dədə-baba yurdlarına qaytararaq, orada onlara layiqli həyatı yaratmaqdır.  Amma bununla bağlı bu il Azərbaycanın dövlət büdcəsindən Prezidentin tapşırığına əsasən işğal olunmuş ərazilərdə həyatın bərpası, ərazilərin bərpası ilə bağlı 2.2 milyard vəsait ayrılıb. Bu vəsait çərçivəsində bilirsiz ki, artıq Qarabağın mərkəzi şəhərlərində bir neçə təməlqoymalar həyata keçirilib, eyni zamanda Füzulidə beynəlxalq hava limanının uçuş yol xəttinin tikinti işi başa çatmaq üzrədir. Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi icra olunur, Şuşa şəhərinin özündə bir neçə tarixi abidələrin bərpa prosesi gedir. Eyni zamanda Kəlbəcərə çəkiləcək yol və oraya çəkiləcək elektriklə bağlı büdcədən kifayət qədər vəsait ayrılıb. Zəngilandan, Qubadlıdan, Laçından keçərək Kəlbəcərə qədər gedən magistral yolun çəkilişi həyata keçirilib. Bir neçə su elektrik stansiyası istifadəyə verilib. Təbii ki, bütün bunlar dövlətimizin gücü və imkanları, eləcə də Azərbaycana dost olan ölkələrin şirkətlərinin iştirakı ilə həyata keçirilməkdədir. Amma bu gün insanlarda belə bir təəssürat yarana bilər ki, iş ləng gedir. Ləng getmir, bu prosesdə əsas maneə bizim ərazilərin minalarla bağlı olan problemləridir. Bilirsiz, biz müharibədən sonrakı dönəmdə təxminən 100-dən artıq Azərbaycan vətəndaşının minalara düşərək həyatlarını itirməsini və sağlamlıqları ilə bağlı problemlərinin şahidləriyik. Heç uzağa getməyək, bu yaxınlarda sizin öz həmkarlarınızın Kəlbəcər rayonu ərazisində minaya düşməsi, eyni zamanda 2-3 gün əvvəl iki nəfərin minaya düşərək həlak olması bu təhlükənin nə dərəcədə yaxın olduğunu göstərir. Demək olar ki, bu minalar hər yerdə Azərbaycan insanının canını alır. Ermənistan tərəfi bütün məsələlərdə qeyri-konstruktiv mövqe tutduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe tutaraq xəritələri bizə vermir. Düzdür, Azərbaycan tərəfi ermənini məcbur edərək Ağdamın, Füzulinin və Zəngilanın minalanmış xəritələrini onlardan ala bildi. Hələ o xəritələrin nə qədər dəqiq olub-olmaması da sual altındadır. Buna baxmayaraq, minaların təmizlənmə agentliyi bu prosesi həyata keçirir. Onunla razıyam ki, bu proses istədiyimiz səviyyədə getmir. Amma Azərbaycan dövlətinin gücü sayəsində ərazilər minalardan təmizləndikdən sonra əhali öz yurduna köçürüləcək. Təbii ki, həmin ərazilərdə kommunikasiya işləri minaların təmizlənməsi ilə paralel gedir. Ermənilər həmin ərazilərdə yaşayış üçün ən minimum şərtləri belə qoymayıblar. Bölgə tamamilə viran olmuş vəziyyətdədir, daşı daş üstə qoymayıblar. Məktəb yox, baxça yox, yaşayış binaları yox. Abidələr dağılıb, meşələr kəsilib, sular zəhərlənib. İnsanın yaşaması üçün zəruri olan heç bir şey yoxdur. Düzdür, məcburi köçkünlərin və qaçqınların öz ərazilərinə qayıtması ən prioritet məsələlərdən biridir, amma bununla bərabər biz təhlükəsizlik məsələlərini də unutmamalıyıq. Məndə olan məlumatlara görə gələn il - 2022-ci ilin sonlarında artıq Böyük Qayıdışın başlanğıcını görəcəyik. Və yeni salınan kəndlərə, şəhərlərə Azərbaycan vətəndaşları köçürüləcək.

 

- Bəs, laçınlılar nə vaxt öz obasına gedə biləcək?

 

- Bilirsiz ki, Laçının kəndlərinə qayıtmaqla bağlı mübahisəli suallar yoxdur. Orda problem minalarla bağlı olan məsələlərdir. Əsas mübahisə doğuran məsələ Laçından dəhlizin keçməsi ilə bağlı əhalinin yaşadığı narahatlıqdır. Hazırda bilirsiz ki, sülhməramlıların nəzarəti altında ermənilər Laçın şəhərinin mərkəzindən istifadə edirlər. 9 noyabr sənədinə görə  3 il müddətində Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqələrini təmin etmək məqsədi ilə yol çəkilməlidir. Məndə olan məlumata görə, artıq bu yeni yolun çəkilişi başlanılıb. Yəqin ki, bu yeni yol istifadəyə verildikdən sonra Laçın rayonunun mərkəzində olan sülhməramlılar öz missiyalarına uyğun olaraq şəhərin mərkəzini tərk edib yeni dəhlizin mühafizəsi ilə məşğul olacaqlar. Bundan sonra Laçın şəhərinin mərkəzinə icazəli getməkdə heç bir problem olmayacaq.

 

- Müharibənin erməni vandallığı, erməni vəhşiliyi ortada. Azərbaycan Ermənistanın ərazilərimizdə törətdikləri soyqırımların, qətliamların, maddi-mədəni, ekoloji terrorun nəticəsində mövcud zərərin ödənilməsi barədə Ermənistana qarşı beynəlxalq məhkəmənin hazırlanması nə yerdədir?

 

- Bəlkə də Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, müstəqillik əldə edəndən bu günə qədər dünyadakı ikili standartlardan əziyyət çəkir. Çox təəssüflər olsun ki, biz bəzən  bu problemi cavabdeh olanların özlərinin yaratdığını görürük. Və Azərbaycana dəymiş maddi-mənəvi ziyanın hesablanması ilə bağlı möhtərəm Prezidentin sərəncamı ilə dövlət komissiyası fəaliyyət göstərir. Həmin komissiya həm Azərbaycanın torpaqlarında maddi-mənəvi abidələrin dağılması, eyni zamanda meşə örtüyünə, təbii sərvətlərə insanların şəxsi əmlaklarına, sosial obyektlərə dəyən ziyan, infrastruktura dəyən ziyanla bağlı hesablamalar aparırlar. Məndə olan məlumata görə, bu hesablamalara beynəlxalq təşkilatlar, xüsusilə də beynəlxalq qiymələndirmələr cəlb edilibdir. Beynəlxalq qiymətləndirmlər təbii ki, öz rəylərini verdikdən sonra Azərbaycan dövləti bu nəticələri beynəlxalq təşilatlar qarşısında qaldıraraq Ermənistan tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı təzminat tələb edəcək. Və bunu beynəlxalq qiymətləndirmə şirkətləri həyata keçirməlidir. Çünki onların bu sahədəki təcrübələri önəmlidir və verdikləri rəylər beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tərəfindən nəzrə alınır. Azərbaycan bu istiqamətdə öz işini görməkdədir. Nə edək ki, bu dövlətlərin təmsil olunduğu beynəlxalq təşkilatlar bəzən adekvat olmurlar. Və bunu açıq şəkildə deməliyik. Amma dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və böyük dövlətlərin öz gözləri ilə görməkdən artıq sübuta ehtiyacı yoxdur. Bu təşkilatların Azərbaycanda olan nümayəndəlikləri, səfirliklərin nümayəndələri, beynəlxalq agentliklələrin nümayəndəlikləri, televiziya müxbirləri, bloggerlərin özləri işğaldan azad olunan ərazilərə gedəndə onların özlərini təəccüb bürüyür. Ağdama baxanda müasir dövrün Xorasiması adlandırıblar. Ona görə də Azərbaycan faktları - şəkilləri, çəkilişləri beynəlxalq təşkilatlara təqdim etmək gücündədir və bu məsələlər hazırlanır. Atalarda belə bir misal var, deyir ki, “haqq nazilər, üzülməz”. Zaman gələcək bizə qarşı edilmiş bu cinayətləri beynəlxalq mətbuatda və məhkəmələrdə sübut edəcəyik və təzminatı alacağıq.

 

- Mahir müəllim, müharibədən sonra xüsusilə qazilərin əlilliyinin təyin edilməsi, əlilliyin verilməsi, işlə təminatı və yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlı problemlərin qaldığı deyilir. Necə hesab edirsiz, bu istiqamətdə hansı həllini gözləyən məsələlər var?

 

- Azərbaycan müstəqilliyi əldə etdikdən sonra bizim üçün ən böyük problemərdən biri elə sizin yuxarıda qeyd etdiyiniz məsələlərdir. Çünki Azərbaycan müharibəyə cəlb edildi. Müharibə isə dağıntıdır, fəlakətdir, ölümdür, müharibə Şəhid deməkdir, qazi, məcburi köçkün deməkdir. Müharibənin xoşa gələcək heç bir şeyi yoxdur. Müharibənin insan üçün ən yadda qalan xoş hissəsi qələbədir. Bu qələbə nəyin hesabına olub - şəhidlərimizin qanı, əlillərimizin sağlamlığı, bədən üzvlərinin bir hissəsinin verilməsi hesabına. Və biz çox xoşbəxt insanlardanıq ki, bu gün biz qalib xalqın nümayəndələriyik. Bu qələbəni, xoşbəxtliyi yaşadan başda müzəffər Ali Baş Komandan və onun ordusudur. Biz I Qarabağ müharibəsində təxminən 20 mindən artıq şəhid vermişik. II Qarabağ müharibəsində təxminən 3 min şəhid vermişik. Mən şəhidlərə Allahdan rəhmət diləyirəm. Bu şəhidləri dünyaya gətirən anaların, ataların əllərindən öpürəm. Bizim kifayət qədər qazilərimiz var ki, sağlamlıqlarını bizim gələcəyimiz, vətən uğrunda fəda ediblər. O qazilərə Allahdan şəfa diləyirəm. Azərbaycan dövləti də bu gün kifayət qədər işlər görüb. Hər il şəhid ailələrinə, Qarabağ qazilərinə dövlət tərəfindən evlər verilir. Onlara pulsuz maşınlar verilir. Və bu gün Prezidentin şəhid ailələrinə, Qarabağ veteranlarına müharibə iştirakçılarına milli qəhrəman ailələrinə verilən güzəştlərlə bağlı sərəncamı icra olundu. Bu il məcburi köçkünlər və qaçqınlar üçün Bakıda, Abşeronda, Sumqayıtda təxminın 5 minə yaxın məcburi köçkün ailəsinə, şəhid ailəsin və qazilərə evlər verilməkdədir. Dövlət bu istiqamətdə kifayət qədər işlər görür. Eyni zamanda, bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin işlə təmin olunması ilə bağlı marafona başlayıb. Mənə elə gəlir ki, ölkəmizdə bütün nazirliklər, komitələr bu xoşməramlı prosesə başlamaqdadır. Bununla yanaşı, cənab Prezidentin sərəncamı ilə müharibədən sonra fond yaranıb. Həmin fondun vasitəsi ilə bölgələrdə şəhid ailələrinə, Qarabağ ailələrinə, qazilərə böyük diqqət yetirilir. Qazilərimizin Türkiyədə müalicə və profilaktikası həyata keçirilir. Azərbaycan özü kifayət qədər protezlər gətirir. Bu insanların yenidən həyata qayıtması üçün dövlət özü gücü və inkanlarından istifadə etməkdədir. Heydər Əliyev Fondunun vasitəsi ilə Mehriban xanımın rəhbərliyi ilə kifayət qədər işlər görülməkdədir. Amma müharibə itki, qan-qada deməkdir və dediyiniz o problemlər var. Milli Məclisdə Azərbaycanda pensiya və müavinətlərin yenidən tətbiq edilmsi barədə qanun qəbul olundu. Həmin qanun Avropa ölkələrinin qəbul etdiyi və tətbiq etdiyi qanunların Azərbaycanda tətbiqinə gətirib çıxardacaq. Və həmin qanuna uyğun olaraq da qazilərin, əlillərin əlillik dərəcəsinin təyin edilməsi öz həllini tapacaq. Amma bütövlükdə nə qədər Azərbaycan var, biz hamılıqla şəhid ailələrinə borcluyuq, Qarabağ qazilərinin yanında olmalıyıq bütün maddi-mənəvi gücümüzlə. Biz bu problemlərin öhtəsindən layiqincə gələcəyik, hər bir şəhid ailəsi, hər bir qazi ailəsi öz layiqli qiymətini alacaq.

Nə olmasından asılı olmayaraq, qazinin, şəhidin haqqı verilməlidir. Adam müharibəyə gedib döyüşübsə, sağlamlığını itiribsə, dövlət məmurunun borcu ondan ibarətdir ki, həmin qazinin haqqını - dövlət büdcəsindən ayrılan vəsait onun kartına ödənsin. Bu sadə bir məntiqdir. Kimlərsə buna mane olursa, mənə elə gəlir ki, bu insanlar hansı vəzifəni daşımasından asılı olmayaraq öz layiqli cəzalarını almalıdırlar. Hər birimiz ömrümüzün sonuna qədər qazilərin, şəhidlərin yanında olmalı, onların problemlərini dinləməliyik. Bu bəlkə də Allah tərəfindən bizə verilən borcdur və biz bu borcu ömrümüzün sonuna qədər ödəməli, bu ənənəni öz övladlarımıza ötürməliyik. /“Həftə İçi”/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...