Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkata və dünyaya nə verdi və daha nələr vəd edir?
Dövlətin etdiyi təmənnasız dəstək daha unudulmaz, daha təsirli və...
QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/
İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Hərəkatın sədri olan Azərbaycan Prezidentinin çıxışı çox önəmli məqamlarla zəngindir. Bu il Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyidir. Azərbaycan Hərəkata 10 il öncə üzv olub. Artıq indidən demək olar ki, QH-nin haqqında yazacaq gələcək tarixçilər sədrliyin 2019-cu ildə Azərbaycan Respublikasına həvalə edilməsi ilə başlayan 3 illik dövrü ən parlaq dövrlərdən biri kimi şərh edəcək. Pandemiya, təbəddülatlar, qlobal, regional, məhəlli münaqişələr, müharibələr, (inanclar və mədəniyyətlərarası) anlaşmazlıqlar və s. fonunda dünyanın dörd yanını çevrələyən böyük bir qurumun sədri olmaq çox məsuliyyətli, şərəfli vəzifədir.
Bəllidir ki, Hərəkatın üzv ölkələri sırasında kasıb, çox kasıb ölkələr də var və pandemiya dövründə belə ölkələrə dəstək durmaq, onları daha acınacaqlı hala düşməkdən qorumaqçün təşəbbüslər göstərib, konkret addımlar atmaq unudulmazdır. Ümidvaram, tarix (və həmin ölkələrin tarixçiləri) bunu unutmayacaq. Gəlin belə bir müqayisə aparaq: ötən yüzilliyin başlarında Hacı Zeynalabdin Tağıyevin Pakistana göndərdiyi peyvəndlər XX yüzilin sonunda, XXI yüzilin 21-ci ilində belə undulmur. Hacının Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq bağlarına xüsusi səviyyə qazandırıb. Pakistan Britaniyadan asılı durumda olanda yerli əhali arasında kütləvi yayılmış pandemiyanın qarşısı, Hacının göndərdiyi 300 min ampula peyvəndlə alınıb. Qədirbilən Pakistan 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edib. Və heç təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ölkə məhz Pakistan olub. Pakistan istər I Qarabağ müharibəsində, istər 2016-cı ilin Aprel, 2020-ci ilin İyul (Tovuz) döyüşlərində, özəlliklə 44 günlük Vətən Müharibəsində Azərbaycana öz mənəvi, siyasi-diplomatik dəstəyini bir an belə əskik etməyib. Yəni o vaxt bir xeyriyyəçinin göstərdiyi təmənnasız dəstək belə nəti-cələr doğurursa (yaxud belə nəticələrdə iştirak edirsə), deməli, dövlətin etdiyi təmənnasız dəstək daha unudulmaz, daha təsirli və daha böyük miqyaslı nəticələr doğurmaq gücündədir. Biz bu qarşılığı ötən ilin oktyabrında, Ermənistanın, dünya erməniliyinin və erməniyanlıların BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi ədalətsiz, haqsız qərarın qarşısını alan QH üzvlərinin dəyanətində gördük. Bəli, təməlində barış, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanan QH-nin 60 yaşı tamam olur. Mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallığını, önəmini daha da artırmaqdadır. Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə sayğı, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə, necə deyərlər, dövlətimizin xarakteri ilə tam uyğundur. Qısa müddət içində ölkəmiz Hərəkatda böyük nüfuz və etimad qazanıb.
Azərbaycanın QH sədrliyi dönəmi önəmli təşəbbüslər və real nəticələrlə süslənib: -2019-cu ilin oktyabrında Bakıda QH-nin 18-ci Zirvə Görüşü uğurla təşkil edilib; -Ölkəmiz beynəlxalq müstəvidə QH üzvlərinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması adına əməli addımlar atıb; -Azərbaycan Respublikası Hərəkata sədrlik edən ölkə olaraq, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib; -QH-nin Təmas Qrupu (TQ) ölkələrinin Zirvə Görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 04 may 2020-ci ildə həmin tədbir yüksək səviyyədə təşkil olunub. Onlayn Zirvə Görüşündə dünyanın müxtəlif regionlarını təmsil edən TQ üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, ÜST-ün Baş direktoru, Afrika Birliyi Komissiyasının sədri, Avropa Birliyinin Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak edib; -Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən bilgi bazası yaradılıb. ÜST pandemiya ilə mübarizədə Hərəkata üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin bazanı istinad qaynağı kimi istifadə etməkdədir; -Zirvə Görüşü zamanı Azərbaycan QH adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-ü və 4-də Xüsusi Sessiya baş tutub; -Azərbaycan Respublikası öz humanitar missiyasını məsuliyyətlə yerinə yetirir. Azərbaycan pandemiya ilə mübarizə sahəsində QH ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Hərəkatın üzv dövlətləri üçün nəzərdə tutulub. Başqa bir önəmli məqam “peyvənd millətçiliyi” ilə bağlıdır. Vurğulamalıyıq ki, Azərbaycan Respublikası qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə qarşı çıxış edir. Dünya birliyinin ləyaqətli üzvü olan respublikamız, ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi böyük ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9(!) faiz təşkil etməkdədir. Belə münasibət inkişaf etməkdə olan, özəlliklə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.
Bəs Azərbaycan Respublikasının məsələyə münasibəti necədir? – Respublikamız BMT-nin İnsan Hüquqları Şurasında QH adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. İndi diqqət edin: “COVİD19”la qlobal həmrəyliyə, əməkdaşlığa çağırış üzrə üç ardıcıl beynəlxalq müzakirə məhz Azərbaycanın və şəxsən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə baş tutub: Türk Şurası, QH və QH-nin müraciəti əsasında BMT Baş Assambleyası!.. Bunun ardınca “peyvənd millətçiliyi” mövzusu beynəlxalq qınaq müstəvisinə çıxarılıb. Bunlar təsadüf əsəri yaxud sıradan olaylar deyil: burada, siyasi iradə, dünya birliyinin problemlərinə biganə qalmamaq və üstəlik, zəngin dövlətlərin diskriminasiya, ikilistandart siyasətinə qarşı qətiyyətli duruş var! Ərazisi işğalda olarkən, müharibə günlərində və müharibəsonrası bəzi qeyri-adekvat reaksiyaların müşahidə edildiyi bir ortamda belə cəsarət nümayiş etdirmək və uğur qazanmaq hər liderin, hər dövlətin işi deyil. Biz beynəlxalq münasibətlər sistemində haqlıyıq, ədalətliyik, öz töhfələrimizlə çıxış edirik və bu, bizə güc verir. Azərbaycanın QH-yə sədrliyi Hərəkata, dünyaya başqa nə verdi və daha nələr vəd edir? – 1) Sağlam və effektiv işbirliyinə xidmət edən yeni təşəbbüslər meydana çıxdı; 2) Çətinliklərin bir-biri ilə sıx bağlı olduğunu nəzərə alsaq, respublikamızın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirildiyini, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin nəzərdə tutulduğunu vurğulamalıyıq; 3) QH-nin Bakı Zirvə Görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr olaraq, Hərəkat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir; 4) Eyni zamanda, Azərbaycan QH üzvlərinin işbirliyinin parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir; 5) Hərəkata sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına nail olub. Tarixdə ilk dəfə AB-nin rəhbərləri QH-nin Zirvə Görüşündə iştirak edib. AB-yə üzv dövlətlər QH-nin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. QH və AB BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı işbirliyi edir. Əlbəttə, dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlər görülməlidir. Respublikamız QH çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin, nüfuzunun daha da gücləndirilməsi sahəsində səyləri artırmaqda davam edəcək. Azərbaycanın Hərəkata, Hərəkat üzərindən beynəlxalq birliyə verdiyi töhfələr və planlaşdırmalar öz yerində, özəlliklə vurğulamalıyıq ki, (keçmiş deyilişlə) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nə son qoyulması, həm Azərbaycanın, həm də QH-nin tarixi üçün xüsusi önəm daşıyır. Hərəkatın bir üzvü, konkret halda, Hərəkatın sədri olan ölkə tarixi ədaləti bərpa edirsə, bu, elə bütün Hərəkatın nüfuzunu qaldıran çox önəmli hadisədir. Yəni Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri öz uğurlu həllini tapıb. Ötən aylar içində Ermənistanın işğalçılıq, etnik təmizləmə, soyqırım siyasəti bütün üzv dövlətlər tərəfindən yetərincə bilindi, öyrənildi, güncəl tutuldu. Tovuz döyüşləri (12-16 iyul 2020-ci il), bu döyüşlərdən sonra Rusiyadan Ermənistana hava yolu ilə tonlarla silah-sursat daşınması, avqustda Goranboya kəşfiyyat-diversiya qrupu göndərilməsi, bundan öncə və sonra çoxsaylı atəşkəs pozmaları və eləcə də, işğal bölgəsində qanunsuz “seçkilər”, işğalçı ölkə siyasi-hərbi rəhbərliyinin Xankəndinə, Şuşaya, digər işğal bölgələrinə qanunsuz səfərləri, bir sıra bədnam çağırışlar məhz Azərbaycanın QH-yə sədrliyi dövründə baş verib. Və bütün bu və bənzəri hadisələr ardıcıl surətdə QH-yə üzv dövlətlər də daxil olmaqla, dünya birliyinin diqqətinə çatdırılırdı. 27 sentyabrdan sayılı günlər öncə Azərbaycan Prezidenti BMT-nin onlayn yubiley tədbirində təsirli çıxış edərərk, Ermənistanın təmas xətti boyu əlavə texnika yığdığı, yeni müharibəyə hazırşaldığı barədə xəbərdarlıq etmiş, beynəlxalq birliyi təcavüzkara “Dur!” deməyə səsləmişdi. Üstəlik, BMT TŞ-nin 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi kağız üzərində qalmışdı...
Əlbəttə, Azərbaycan dövləti və xalqı bu gedişatla barışası deyildi. Ölkə başçısının qətiyyətli mövqeyi, düşünülmüş siyasi-dplomatik gedişləri, milli müdafiə sənayesinin, özəlliklə Silahlı Qüvvələrin gücləndirilməsi öz məntiqi sonucunu göstərməliydi. 44 günlük Vətən Müharibəsi Ermənistanın özündə Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçmə cəsarəti hiss etməsi ilə başladı. Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycan silahlı Qüvvələri cəbhə boyu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsi azad edildi. Azərbaycan 30 illik ağır məhrumiyyətlərə son qoydu, hərbi-siyasi yollarla tarixi ədaləti bərpa etdi, BMT TŞ-nin 27 illik qətnamələrini təkbaşına icra etdi. 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan, 10 noyabr 2020-ci ildə imzalanan Azərbaycan, ermənistan və Rusiya dövlət rəhbərlərinin Birgə Bəyanatından sonra, müəyyənləşmiş qrafik əsasında, öz işğalçı qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarından da çıxarmağa məcbur oldu. QH-yə üzv dövlətlərin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə Görüşünün Yekun Sənədində Hərəkata üzv ölkələr dövlətlərin ərazisinin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladı və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı sonucunda yaranmış vəziyyətin “qanuniliy”ini tanımayacaq. Tovuz döyüşlərindən həmən sonra QH Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddi boyu hücum cəhdi və hərbi təxribatı ilə bağlı Kommünike qəbul etdi. Vətən Müharibəsinin gedişində - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclasda Xüsusi Bəyanat qəbul olundu. Bu sənədlərdə Hərəkata üzv ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəklədi, ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etdi.
Yuxarıda da vurğuladığımız kimi, BMT TŞ-nin bəzi üzvləri Azərbaycana qarşı qərəzli bəyanat qəbul etdirmək cəhdlərində bulunarkən, QH-nin yeddi üzvü müzakirə edilən mətnə TŞ-nin müvafiq qətnamələrinə istinad əlavəsində təkid etdi. QH ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə, Hərəkatın dəyərlərinə, beynəlxalq hüquq normalarına necə sadiq olduğunu nümayiş etdirdi. Üzləşdiyimiz əsas problemlərdən biri də, işğalçı Ermənistanın Azərbaycan ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıtması, hətta qəbristanlıqları yerlə-yeksan etməsi, əraziləri minalaması ilə ortaya çıxmış çox acı gerçəkliklə bağlıdır. Cənab Prezidentin vurğuladığı kimi, “yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir. Əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir”.
Belə olan halda, QH və bütün digər beynəlxalq qurum və quruluşlar Ermənistanı mina xəritələrini verməyə çağırmalı, onu buna məcbur etməlidir. Çox daha çətin problemlərin öhdəsindən gəlməyi bacarmış Azərbaycan bu sahədə də istək və tələblərini yerinə gətirəcəkdir.
DÖVLƏTİMİZ VAR OLSUN!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”