“Onların mütləq əksəriyyəti dövlətdən oğurladıqları pulları xaricdəki bizneslərinə yatırırlar”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında prezident İlham Əliyevin AzTV-yə müsahibəsində dövlət qulluqçularının biznesə malik olmalarının yolverilməzliyi haqda fikirlərini dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Onun sözlərinə görə, cəmiyyət oliqarx məmurlarla mübarizədə dövlət başçısına dəstək olmalıdır:

 

“Çox təəssüf ki, bu məsələyə dəfələrlə toxunulsa da, məmurların çoxu dövlətin pulunu talamaqdan, o pullarla qurduqları biznesi genişləndirməkdən qalmırlar. Onların bu oğurluğu o həddə çatıb ki, nəyisə sözlə başa düşən deyillər. Hər kəs bilir, cənab prezident dəfələrlə bu barədə danışıb, məmurlardan doğru-düzgün işləməyi, xalqın xidmətçisi olmağı tələb edib. Amma onlar o qədər harınlayıblar ki, bu xəbərdarlığın ciddiliyini başa düşmürlər".

 

MMP sədri qeyd edib ki, işdən çıxarılan nazirlər, başqa məmurlar vaxtilə dövlətdən oğurladıqlarını arxayın xərcləyirlər:

 

"Onların mütləq əksəriyyəti həmin pulları xaricdəki bizneslərinə yatırırlar. Bu azmış kimi, o pullarla prezidentin əleyhinə fəaliyyət göstərənlərə yardım da edirlər. Əlbəttə, dövlət başçısının bu fikirləri məmurlara çox ciddi xəbərdarlıqdır. Onlar elə bilməsinlər ki, törətdikləri işlər diqqətdən kənar qalıb. Lakin bu işlərdə cəmiyyət də prezidentə dəstək olmalıdır. Əgər dəstək olmasaq, qabağını ala bilməyəcəyik”. /yenicag.az/

 

Versus.Az